Kinematoqraf fikrin,
düşüncənin üstün gəldiyi
sənət olmalıdır
Rejissor Şamil Əliyev
“Çölçü”dən sonra
“Xalı” filmini çəkməyə
hazırlaşır
Xəbər verdiyimiz kimi, rejissor Şamil Əliyevin “Çölçü” filmi ötən ilin sonunda Hindistanın Kəlküttə şəhərində beynəlxalq film festivalında (Calcutta İnternational Cult Film Festival) “Qızıl tülkü” mükafatı (Golden Fox Award) ilə təltif olunub.
“Cult Critic Film” jurnalının 2018-ci il yanvar buraxılışında azərbaycanlı rejissorla müsahibə dərc olunub.
Şamil Əliyev müsahibədə 2012-ci ildə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında istehsal olunmuş “Çölçü” filminin ideyası, ərsəyə gəlməsi barədə danışıb, gələcək yaradıcılıq planlarından söz açıb.
“XXI əsrdə, dünyanın texnologiya və media istehlakından ibarət olduğu bir vaxtda niyə düşünürsünüz ki, çölçünün hekayəsini danışmaq üçün doğru zamandır” sualına cavabında rejissor bildirib ki, müasir dövrdə texnologiyanın inkişafı qloballaşmanın da sürətini şərtləndirir. Çağdaş insanın şüuru onun mənəvi dünyasının faciəsinə çevrilməyə başlayır: “İnsan sanki bir biokütləyə çevrilməkdədir. Təəssüf ki, min illərlə formalaşmış ümumbəşəri dəyərlər aşınmağa, deqradasiyaya uğramağa başlayır. “Çölçü” filmində həmin məsələləri ekrana gətirməklə bir sıra suallar qoymağa çalışmışıq. Hər bir mükəmməl sənət əsərinin gücü, fikrimcə, düşünmək üçün onun verdiyi mövzuda, ortaya qoyduğu suallardadır. Tamaşaçıya və özümə də bu sualları vermək istəmişəm”.
Rejissor bildirib ki, janr və üslubun bütövlüyünü, temporitmin ahəngini filmin obrazına tabe etdirməyə çalışıb: “Mən öz yaradıcılığımda dünya kinosunun bir sıra dahi kinematoqrafçılarının ekran həyatı verdiyi filmlərdən təsirlənmişəm. Hesab edirəm ki, Azərbaycanda kino həvəskarlarının zövqü heç də dünyanın inkişaf etmiş ölkələrinin tamaşaçı zövqündən geri qalmır. Onun zövqünü oxşamaq üçün də müasir tələblərə cavab verən filmlər çəkilməlidir”.
Şamil Əliyev qeyd edib ki, müstəqil film festivalları kinonu incəsənətin bir növü kimi qorumaq üçün çox vacib bir meydandır: “Kinematoqraf təkcə texnologiyanın təntənəsi yox, fikrin, düşüncənin üstün gəldiyi bir sənət növü olmalıdır. Müstəqil film festivalları həmin meyarları əsas götürməlidirlər”.
Gələcək planlarından danışan rejissor bildirib ki, “Xalı” tammetrajlı bədii filminin ssenarisinin 3-cü variantı hazırdır. Yaxın vaxtlarda film üzərində yaradıcılıq işinə başlanılacaq.
Mədəniyyət.- 2018.- 12
yanvar.- S.11.