“Uzaq”
doğmalarımızdan...
Doğma ad-soyad, din, dil dəyişiminə
məhkum edilsə də, ömrü uzunu milli-mənəvi özgürlük
mücadiləsi aparmış keşiş
- Mixayıl Çakır
Qaqauz xalqının bu böyük milli-təəssübkeş oğlunun çox məhsuldar tarixçi-etnoqraf görəvləri bir yana, sovet hakimiyyətinin aşağıladığı “keşişlik” fəaliyyəti də özünəməxsus olub və bunu Tək Tanrıya müxtəlif dillərdə biət edən din xadimləri üçün Haqq dərsi kimi də dəyərləndirmək olar; sən Ona inam-etiqad-qulluq təmrinlərində dininin hansı ad-məzhəbə mənsubluğu ilə bahəm, özünün hankı xalqa, Vətənə, dövlətə mənsubluğunu da unutmamalısan...
...Zaman gəlir ki, Rusiya Osmanlı sərhədləri yaxınlığındakı türkkökənlilərin (və müsəlmanların) sayını azaltmaq, xristianlaşdırılmış qaqauzlardan özünə sadiq təbəələr hazırlamaqçün onları yeni işğal etdiyi bölgəyə - noqayların yaşadığı ərazilərə köçürür. Bu qövm arasında xristianlığın yayılmasına hər cür yardım edir, bu dinə dair mətnləri qaqauzcaya çevirməyi bacarası kadrların hazırlanmasına başlayır. Bu siyasət, öz evində qəribliyə salınmış bu xalqın milli-özgürlük perspektivini əngəlləsə də, qaqauz dilinin zənginləşməsinə, ədəbi-elmi cəhətdən formalaşmasına şərait yaradır və həmin “zorənşəraiti” yüksək səviyyədə anlayıb, əməli fəaliyyətə başlayanların başında duranların ən qabaqcılı keşiş (!) Mixail Çakır olur.
1861-ci ildə anadan olmuş, ilk təhsilini dördsinifli ibtidai məktəbdə almış Mixayıl ailəsinin istəyilə Kişinyov şəhərindəki ilahiyyat məktəbinə daxil olur. Oranı bitirib Kiyevə gedərək, dini təhsilini davam etdirir. Xüsusi bacarıq və istedadını görənlər 20 yaşlı bu gənci Kişinyovda müəllim işləməyə göndərirlər və o, çox qısa bir müddətdə seçkin din xadimi, mükəmməl müəllim nüfuzu qazanır. Dini məktəbdə riyaziyyat və təbiət elmlərindən dərs deməklə yanaşı, hörmət-izzətli keşiş kimi də fəaliyyət göstərir. 1884-də məhəllə müvəkkili, rusca-moldavca dini mətnlərin nəşri şurasına üzv seçilən bu fenomen, bir çox vacib milli-təbliğati işlər görməklə bahəm, qazandığı nüfuzdan istifadə edərək, kilsədə duaların milli dillərdə oxunmasına razılıq da ala bilir. Daha sonra o, mənsub olduğu xalqın anlaqlı dini sitayişi üçün ən çox istifadə olunan duaları, ardınca neçə-neçə dini kitabları (“Kilsənin qısa tarixi”, “Yeni müqəddəslərin tarixi”, “Keçmiş müqəddəslərin tarixi” və s.) ana dilinə və moldavcaya çevirib çap etdirir.
Rusiyada yaranmış 1905-ci il qarışıqlığından (II Nikolayın imzaladığı “oktyabr manfesti”ndən də) bacarıqla yararlanan M.Çakır 1907-ci ildə qaqauz türkcəsində bir səhifəlik dini qəzet çıxarmağa başlayır və həmin dini materiallar xalqın dil, oyanış məsələlərinin inkişafına da təsirsiz qalmır; bu yazılı ədəbi dil - hər bölgə-məhəllənin öz danışdığını əsas saydığı bir vaxtda ortaq nöqtə-məxrəci taparaq, ədəbi dilin formalaşdırılmasına təkan verir.
Yorulmaz araşdırmaçı Əli Şamilin qeydlərinə istinadən deyək ki, öz milli-mənəvi borcunu yalnız dini mətnləri ana dilinə çevirmək və tez-tez xalqı qarşısında ana dilində çıxışlar etməklə bitmiş hesab etməyən M.Çakır, paralel olaraq, geniş araşdırmalar da aparmış və çoxillik zəhmətinin bəhrəsi olan “Qaqauzı Benderskoqo uezda” (“Bender qəzasının qaqauzları”) adında irihəcmli əsər yazıb (öncələr qaqauzların da daxil olduğu Rumıniyada çıxan “Viata Basarabiei” jurnalının iki sayında rumın dilində çap etdirdikdən sonra) Kişinyovda ana dilində kitab kimi nəşr etdirərək xalqına təqdim etmişdir.
M.Çakır hakimiyyətə, hakim siyasilərə xoş gəlsin deyə xalqının tarixi və milli qüruru ilə bağlı heç nədə güzəştə getmir, istər Rusiya, istər Rumıniya hakimiyyəti altında yaşadıqları dövrdə qaqauzların türk kökənli olduğunu yazır və bu ciddi siyasi, müqəddəs milli faktoru kilsədəki çıxışlarında da daim xüsusi vurğu ilə təbliğ edir. Bu keşiş (!) demokratiya və plüralizmin çiçəkləndiyi XXI əsrin çox “qorxmaz” millətçisini titrədəsi bir cəsarətlə yazırdı: “...Bulgarlar, hem urumnar arasında çok duşmannık gagauzlar için, zira bulgarlar savaşer gagauzları kendisinə çekmaa, hem da onnarı bulgarlamaa, ama urumnar da çalışerlar gagauzları kendi tarafına çekməə, hem da onnarı urumnamaa...”
Təpədən-dırnağa milli-mənəvi dualarla da yaşamış bu insan öz millətinin keçənək-gələnəkləri haqda özündən əvvəl yazılmışları da saf-çürük edər və onların arasında Moşkov soyadlı bir qəlbşərikinə xüsusi önəm verərmiş. Söhbət Rusiya ordusunda general rütbəsilə (bizim bəzi super minnətdarların ifadəsilə!) mükafatlandırılsa da, 20 ilə yaxın özünü Bessarabiya, Dobruca, Bolqarıstan qaqauzları arasında sadədən-sadə bir qaqauz kimi aparmış, kəndbəkənd gəzib, elmi əhəmiyyətini, xəlqi doğallıq, etnoqrafik incilik dəyərini bu gün də saxlayan folklor və etnoqrafiya materialları toplamış V.A.Moşkovdan gedir...
Milli əyarlı sələflərini hədsiz qiymətləndirən, xələfləri tərəfindənsə uzun müddət unudulan “Universal Çakır” o dövr (və din xadimləri) üçün “dəvədə buynuz” təəccübü ilə qarşılanmasına şübhə olmayan lüğətçiliklə də məşğul olub. Əslində, onun yazıb, çap etdirdiyi 34 kitab içərisindəki “Qaqauzça-romence laflık” qaqauzlar aləmində lüğətçilik elminin əsasını qoymuş olub.
Xalqının tarixini, soykökünü öyrəndikcə milli duyğuları daha da güclənən bu keşiş getdikcə çərçivəli dindarlıq statusu həddini aşır, böyük dövlətlərin yeritdiyi siyasət nəticəsində xalqının məruz qaldığı “səssiz-səmirsiz assimilyasiya taranı”na qarşı var gücünü qoyurdu.
Çoxcəhətli fəaliyyət və yaradıcılığının çiçəkləndiyi bir dövrdə Türkiyənin Rumıniyadakı səfiri, böyük millətsevər və maarifçi Həmdullah Süphi ilə tanış olması M.Çakırın perspektiv planlara ruhlanmasında ciddi rol oynayır. Bu yeni soydaş-dostunun Rumıniya çarı ailəsinə yaxınlığı səbəbilə Rumıniyadakı bütün türksoyluları himayə etməsi, onların gələcək inkişafı üçün milli kadrlar hazırlığı qayğısına qalması, məktəblərinə yazı və oxu ləvazimatı göndərməsi, uşaqlarının Türkiyədə də oxumasına yardımçı olması, habelə hədsiz vaxt və diqqət sərf edərək onu Rumıniya faşistpərəstlərindən qoruması, elmi araşdırmalar aparmasına hərtərəfli şərait yaratması, hətta Atatürk tərəfindən mükafatlandırılma səviyyəsinə qaldırması bu qaqauz türkünün millət-milliyyət uğrunda çaba-çalışma düşüncələrini daha qlobal formatda cilalayır...
1938-ci ilin oktyabrında Kişinyovda dünyasını dəyişməsindən bir il keçməmiş başlayan II Dünya müharibəsi onun başladığı işləri yarımçıq qoyur; SSRİ-nin Bessarabiyanı işğalından sonra, sovet-bolşevik “moizələr”inə “rəqabətçi” ibadətləri tərgitmək “perspektiv”ilə çox kilsələr qapadılır, dini məktəblər buraxılır, rejimin məxfi məramlarından olan “milli damarlı din xadimlərinin unutdurulması” işinə çalışılır, adı bu siyasi paraqrafın önündə olan M.Çakırın özü də, əsərləri də diqqətdən kənarlaşdırılır. Bu qəddar “özünə arxaçevirim”lik siyasəti Vladimir İliçdən Leonid İliçədək elə bir sədaqətlə davam etdirilir ki, ən qatı dindar və millətçilər də bu böyük Türk oğlunun məzarını ziyarət etməkdən çəkinirlər və bu böyüklükdə bir insanın “son mənzili” itmiş hesab edilir.
Lakin...
Bu məqamda, elələrinin hər yerdə var olan məsləkdaşlarından birinin - bütün ömrünü türk dünyasının milli-mənəvi özəlliklərinin (və gözəlliklərinin!) araşdırılmasına həsr etmiş Ə.Şamilin son tədqiqat işindən iqtibas:
“1980-ci illərin sonlarında - bütün SSRİ “lager”ini bürüyən milli oyanışlardan sonra öz milli sələflərini axır-axirət axtarışına çıxan qaqauz ziyalıları həmin qəbri uzun müddət axtarsalar da, tapa bilmirlər.
Sən demə, qəbirüstü abidələrdəki qiymətli metalları oğurlayıb satanlar M.Çakırın məzarı üstündəki yazılı xaçın adi dəmirdən hazırlandığını görüb yerə atarkən, üzüquylu düşübmüş...
Nəhayət, bu millət-zillətkeş ər-arvadın adları yazılmış lövhə avandına çevrilir, qəbirüstü başdaşı öncəki şəklinə salınır. İndiki qaqauz aydınları isə buranı tez-tez ziyarət etməklə yanaşı, qədirbilən türk qövmlü və bəşərpərvər dünya qonaqlarını həmin ünvana da aparırlar...”
Tahir Abbaslı
Mədəniyyət.- 2018.- 12
yanvar.- S.12.