“Azərbaycanın Yaponiya
ilə əlaqələrinə biz də
töhfə vermək istərdik”
25 ilə yaxındır ki, fəaliyyət göstərən Türk-Yapon Fondu Mədəniyyət Mərkəzi təkcə Türkiyə ilə Yaponiya arasında deyil, eyni zamanda Azərbaycan da daxil olmaqla türkdilli ölkələr və Yaponiya arasında mədəniyyət, incəsənət və başqa sahələrdə əlaqələrin qurulmasında mühüm rol oynamağa çalışır. Mərkəz ənənəvi yapon memarlığı üslubunda tikilmiş və dekorasiya olunmuş binada yerləşir. Bu məkan həm də Ankarada yaşayan, çalışan və təhsil alan müxtəlif türk xalqları təmsilçilərinin tez-tez üz tutduqları ünvandır. Fondun qurucusu və rəhbəri Türkiyənin keçmiş millət vəkili, professor Cəfər Təyyar Sadıklardır.
- Cəfər bəy, öncə bu fondun tarixçəsindən bəhs etməyinizi istərdik...
- Bunun maraqlı bir tarixçəsi var. Hələ
gömrük naziri olduğum vaxtlarda uzun müddət Türkiyədəki yapon qurumları ilə çalışmışam. Sonra
4 il (1966-70) Türkiyənin Yaponiyadakı
səfirliyində iqtisadi
məsələlər üzrə
müşavir işlədim.
Bu müddətdə ailəliklə Yaponiyanı
çox sevdik. Vətənə geri döndükdən
sonra da Yaponiya ilə əlaqələrim kəsilmədi.
Hətta
yaponlarla bağlı bir neçə kitab belə yazdım. Yaponiya ilə bağlı
ortaya bir məsələ çıxırdısa,
hökumət mənim
rəy verməyimi istəyirdi. Müxtəlif layihələrlə əlaqədar
olaraq bu ölkəyə gedib-gəlirdim.
Baş nazir Süleyman Dəmirəl bir neçə dəfə Yaponiyaya səfər heyətində
mənə də yer verdi.
Bir dəfə belə səfərlərdən
birindən geri döndükdən sonra o,
məni yanına çağırdı və
dedi ki, Yaponiya ilə əlaqəsi olan insanlar ilə bir araya gəlib
fond quraq. Beləliklə, 1993-cü ildə Türk-Yapon Fondu Mədəniyyət Mərkəzi
quruldu. Yapon memarlığına uyğun bu binanın
açılışı isə 1998-ci ildə oldu. Açılışda Prezident Süleyman
Dəmirəl və Yaponiya şahzadəsi iştirak etmişdi.
- Mərkəzin
qurulmasının Türkiyə,
Türk dünyası
üçün önəmi
nə oldu?
- Bu, Türk dünyası ilə Yaponiya arasında mədəni əlaqələri
quran və inkişaf etdirən bir mərkəz oldu. Məsələn, yapon dili öyrədən bölümümüz
var ki, orada,
Ankarada yaşayan azərbaycanlılar da daxil olmaqla, türkdilli xalqların nümayəndələri dərs
alır. Öz növbəsində
biz də yaponlara türk dilini öyrədirik. Türkiyədə Yaponiya ilə bağlı olan bütün mədəniyyət,
təhsil qurumları bu ölkəylə əlaqələrini bizim
fond vasitəsilə həyata
keçirir. Bu yaxınlarda mərkəzdə
yapon dilinin öyrədilməsi və
araşdırılması üzrə
institut fəaliyyətə
başladı. Bundan başqa,
Türkiyədəki müxtəlif
universitetlərdə yapon
dili kafedraları da var ki,
onlar da bizimlə işbirliyi çərçivəsində çalışırlar. Burda tez-tez sərgilər keçiririk, Yaponiya üzrə mütəxəssislərin
panellərini təşkil
edirik. Onu da deyim ki, Türk-Yapon Fondu Mədəniyyət Mərkəzi hazırda Yaponiyadakı türklərlə
bağlı Qərb mətbuatından gələn
neqativ məlumatları
aradan qaldırmaq baxımından da son dərəcə önəmli
bir təsirə malikdir.
- Bu panellərə,
sərgilərə, eləcə
də dil kurslarına maraq necədir?
- Elm və mədəniyyət layihələrimiz
böyük maraq cəlb edir. Məsələn, Yaponiyanın əsas
mədəniyyət nümunələrindən
olan ikebana - ənənəvi
yapon gül düzümü sənəti
bütün dünyada
məşhurdur. Yapon
dilində ikeru (yaşatmaq) və bana (gül) sözlərindən əmələ
gələn bu ifadəni “canlı güllər”, “güllərə
həyat verən” kimi tərcümə etmək olar. Bundan başqa, Bonzay mədəniyyəti,
yapon kalliqrafiyası və s. bunlarla bağlı keçirdiyimiz
sərgilərdə xeyli
sayda ziyarətçi
görmək olur. Yapon musiqisi ilə türk musiqisi çox oxşardır və keçirdiyimiz konsertlərə xüsusi
tamaşaçı marağı
görürük.
- Türk-Yapon Fondu Mədəniyyət Mərkəzinin türkdilli
ölkələrlə əməkdaşlığı
barədə nə deyərdiniz?
- Türk respublikaları müstəqillik
əldə etdikdən
sonra Türkiyə onlarla əlaqələrini
inkişaf etdirdi. Bu işə ilk dəstək
verənlərdən biri
bizim fond oldu.
1993-cü ildə fondun
dəstəyi ilə Yaponiya ilə əməkdaşlıq edən
türk iş adamlarının qurduğu
Türk Yapon İş Şurasının
üzvləri bir araya gəlib Azərbaycan daxil olmaqla türkdilli ölkələrə heyət
səfəri etdi. Bu əməkdaşlığı
yenidən həyata keçirmək istəyirik.
Məsələn, çox istərdik
ki, fondumuzun Azərbaycanda təmsilçiliyi
olsun. Azərbaycanın Yaponiya ilə
əlaqələrinə biz də töhfə vermək istərdik.
Nəticədə iki qardaş
ölkənin birlikdə
Yaponiya ilə əməkdaşlığı daha da möhkəmlənər.
Mehparə Sultanova
Ankara
Mədəniyyət.- 2018.- 12
yanvar.- S.13.