“Aşıq musiqisi
axşamları”
“Koroğlu”ya qayıdaq”
konsert-tamaşası
Yanvarın 12-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Aşıqlar Birliyinin təşkilatçılığı ilə “Aşıq musiqisi axşamları” layihəsi üzrə ilk tədbir - “Koroğlu”ya qayıdaq” adlı konsert-tamaşa təqdim edildi.
“Koroğlu” dastanının “Koroğlu və Dəli Həsən” və “Koroğlunun İstanbul səfəri” qolları əsasında qurulan konsert-tamaşanın ssenari müəllifi və quruluşçu rejissoru Aşıqlar Birliyinin katibi, Əməkdar incəsənət xadimi Sənubər Bağırovadır.
Tamaşada aşıqlardan Əli Zeynalabdinov Koroğlu, Kəmalə Qubadlı Nigar xanım, Qələndər Zeynalov Aşıq Cünun, Altay Məmmədli Bəlli Əhməd, Kərəm Vəliyev Dəli Həsən rolunda çıxış edirdilər.
Teatr ənənəsinə uyğun şəkildə səhnələşdirilən dastanda rol alan aşıqlardan başqa Əhməd Vəliyev, Toğrul İbrahimov, Əfsanə Kərimli, Səbinə İbrahimova, balabanda Ələkbər Kəlbəcərli də öz ifalarını maraqlı şəkildə təqdim etdilər.
“Aşıq musiqisi axşamları”nın ilk konsertində həmçinin aşıqlar Gözəl Zalova, Ramin Qarayev, Nemət Qasımlının ifasında “Misri”, “İrəvan çuxuru”, “Laçını”, “Hüseyni”, “Gəraylı”, “Dübeyti”, “Koroğlu dübeyti”, “Araz gülü”, “Kərəm gözəlləməsi”, “Qəhrəmani” və başqa el havaları səsləndirildi. Çıxışlar alqışlarla qarşılandı.
Savalan
Fərəcov
Mədəniyyət.- 2017.- 17
yanvar.- S.5.