Bakı Uşaq Teatrı “FidanQoğal” tamaşasını təqdim etdi

 

 

   Daima yaradıcı əməkdaşlıq imkanlarını genişləndirən Bakı Uşaq Teatrı yanvarın 13-də YARAT Müasir İncəsənət Mərkəzində “FidanQoğal” tamaşasını göstərdi. Səhnə əsəri bu məkana tez-tez gələn, müxtəlif dərnək məşğələlərində iştirak edən balaca teatrsevərlər tərəfindən maraqla qarşılandı.

   Məşhur nağıl qəhrəmanı olan Qoğal bu tamaşada bir qədər fərqli tale yaşayır. Düzdür, Fidanın nənəsinin bişirdiyi Qoğal da öz klassik prototipi kimi meşəyə qaçır, amma bu dəfə…dəcəl Fidan öz sevimli Nazbalıncı ilə Yorğanını götürüb Qoğalın ardınca gedir. Meşədə isə təkcə Qoğalı deyil, onun ardınca gələnləri də maraqlı və sürpriz dolu macəralar gözləyirmiş. Qarşılaşdığı hadisələr Fidana təsirsiz ötüşmür və dəcəl qızın baş verən hadisələrə münasibəti bir qədər dəyişir.

   Arzu Soltanın eyniadlı pyesi əsasında İntiqam Soltanın quruluş verdiyi tamaşada personajların dili ilə tamaşaçılara bir sıra nəsihətlər çatdırılır. Uşaq psixologiyasını bilən müəllif və rejissor bunu məharətlə etdiklərindən kimsə bu təsiri birbaşa hiss etmir.

   Tamaşada teatrın aktyorları Türkan Şahmarlı (Fidan), Qurban Əhmədov (Baba), Günay Pirizadə (Qoğal), Könül Şahbazova (Nazbalınc), Rəfael Muradxanlı (Yorğan) və başqaları çıxış edirdilər.

   Bakı Uşaq Teatrı YARAT Müasir İncəsənət Mərkəzi ilə yaradıcı işbirliyini davam etdirmək niyyətindədir.

  

   G.Mirməmməd

 

Mədəniyyət.- 2017.- 17 yanvar.- S.5.