Əntiqə dördlüyün
sevgi üçbucağı
və ya Xəzər sahilində coşan
Siciliya ehtirası
Bakının havası belədir: yüngül sazaqda külək əsirsə, deməli, şaxtanı hiss edəcəksən. Ortabab istidə külək yatıbsa, bürküdən boğulacaqsan.
Əslində güclü aktyor da teatr tamaşasının salona ötürdüyü ovqatı belə dəyişir: səhnədəkilər əsərin məğzini öz ifaları ilə süsləyirlərsə, deməli, parlaq tamaşa seyr edirsən. Yox, əgər...
Gəlin, ikinci məsələyə toxunmayaq. Çünki məqsədimiz o deyil. Yanvarın 14-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində mükəmməl musiqi ilə güclü gənc səs kvartetinin (tenor - bariton - soprano - metso-soprano) coşdurduğu sənət ehtirası tamaşaçıları öz havasına saldı.
Avropa operalarının demək olar ki, hər nümayişində bizə yaxın-uzaq xaricdən dəvətli solist dinləmək zövqü yaşadan teatr rəhbərliyi P.Maskaninin «Kənd namusu» operasının budəfəki tamaşasında səhnəni bütünlüklə yerli «kadr»lara həvalə etmişdi. Ötən teatr mövsümündə baxıb dinlədiyimiz tamaşadan sonra budəfəki «Kənd namusu» gerçəkdən daha maraqlı idi. Son mövsümlərdə istər Avropa, istərsə də Azərbaycan operalarında çox maraqlı obrazlar təqdim edən əməkdar artistlər Afaq Abbasova və Fərid Əliyev, teatrın uğurlu tapıntıları Nina Makarova və Taleh Yəhyayevdən ibarət «sevgi üçbucağı» həqiqətən də maraqlı idi. İfaçıların öz qəhrəmanlarına yaradıcı münasibəti və hədsiz sevgisi, musiqi materialını mükəmməl mənimsəməsi, aktyorluq qabiliyyətlərindən gen-bol yararlanması, tamaşanın birnəfəsə oynanılması nə qədər qəribə səslənsə də, kor sevginin həyat üzərində təntənəsinə çevrildi.
Bu tamaşada bir-birinə rəqib olan iki gənc qadın partiyasını Afaq Abbasova və Nina Makarova ilk dəfə ifa edirdilər. İndiyədək çıxış etdikləri hər tamaşa ilə operasevərlərin rəğbətini qazanan iki xanım vokalçının qəhrəmanları kəndin ən yaraşıqlı oğlanı, əsgərlikdən təzə gəlmiş Turiddunu paylaşa bilmirlər. Əslində burada qəribə heç nə olmazdı, əgər Lola (Nina Makarova) ailəli olmasaydı və Turiddu (Fərid Əliyev) də sevgisinə qarşılıq verdiyi Santussadan (Afaq Abbasova) üz döndərib əsgər yolu gözləmədən Alfioya (Taleh Yəhyayev) ərə gedən vəfasız Lolanın arxasınca düşməsəydi.
Namus məsələsi Covanni Verqa bu operanın librettosuna çevriləcək qalmaqallı novellanı yazanda da aktual olub, hələ desən, çox sonralar da. Hərçənd XXI əsrdə bu sayaq olaylar daha çox mənəviyyat məsələsi sayılır, nəinki namus. Lakin bu məqam da məşhur opera əsərinə marağı və onun musiqisinə rəğbəti azaltmır. Əsər kifayət qədər məşhur olduğundan tamaşa barədə ətraflı danışmağa ehtiyac bilmirik...
Sözün bütün mənalarında gözəl sopranomuz Afaq Abbasova son mövsümlərdə yeni-yeni vokal partiyalarını təqdim etməklə təkcə güclü səsini deyil, həm də işləmək əzmini nümayiş etdirir. Onun ilk dəfə təqdim etdiyi Santussa partiyası (yeri gəlmişkən, tamaşa boyu Santussa demək olar ki, səhnədən çıxmır, onun ariyaları digər partiyalarınkına nisbətən daha uzun, dialoqları daha çoxdur) bir daha göstərdi ki, tamaşa salonunu dolduracaq səsə malikdir. İstər yuxarı, istərsə də aşağı notlarda Afaq xanımın səsi bütün salon boyu yaxşı eşidilirdi. Öz partiyalarını həm də əsl dramatik aktrisa bacarığı ilə təqdim etməyə çalışan vokalçı bu dəfə də istəyinə nail oldu. Gözünü intiqam hissi örtən Santussa Lolanı Turiddudan ayırmaq üçün Alfionu öz tərəfinə çəkərək sevgilisinin ölümünə bais olarkən peşmanlığını da çılğınlıqla çatdırır.
Əməkdar artist Fərid Əliyevin əvvəllər musiqili teatrda xarakterik rollar oynaması onun opera səhnəsində də köməyinə yetir. O, obrazlarına tələb olunan aktyorluq çalarını rahatlıqla bəxş edir. Onun Turiddusu təkcə işvəkar Lolanın arxasınca düşən, yasaq meyvənin şirinliyini düşünən cavan deyil, həm də Santussanın onu öz sonsuz eşqində əsir etməsinə qarşı bir etiraz nümunəsidir.
Nina Makarova bizim iqlim üçün nisbətən az rast gəlinən güclü metso-soprano səsə malikdir. Düzdür, Avropa operalarında bu qadın səsi üçün partiyalara da gen-bol rast gəlinmir. Hər halda opera səhnəsində ilk obrazlarını yaradan Ninanın tamaşadan-tamaşaya püxtələşərək aktyorluq bacarığını, səsini daha rahat idarə etmək ustalığını artırdığı göz qabağındadır.
Gənc bariton Taleh Yəhyayev də artıq teatrın repertuarındakı bariton partiyalarını mənimsəməkdədir. Onun kifayət qədər plastik səs çaları, gözəgəlimli görkəmi Alfio partiyasını xeyli maraqlı edirdi. Namusunun ləkələndiyinə əmin olan arabaçı Alfio ilə Turiddunun qarşılaşdığı səhnənin dramatizmi alışdığımız faciə əsərlərindəki oxşar səhnələrin təsir gücündən heç də az deyildi.
Turiddunun anası Luçiya partiyası Əməkdar artist Səbinə Vahabzadənin təfsirində yolunu azmış oğlundan ötrü narahat olan obraz idi. Santussanın haqlı olduğunu, Lola sevdasının sonunun olmadığını Luçiya gözəl anlayır. Amma nə edə bilir ki? Anadolu türklərinin çox işlətdiyi bir kəlamda deyildiyi kimi: bunun adı eşq, bala da qonar, zəhərə də!
Həqiqətən də, «Kənd namusu» operasının səhnədən ötürdüyü əsas ismarış budur: qarşılığı olmayan böyük sevgilər insana xoşbəxtlik gətirmir.
Yazının əvvəlində qeyd etmişdik ki, «Kənd namusu» dəvətli solistlərin iştirakı olmadan oynanıldı. Əgər qarşılıqlı əməkdaşlıq proqramında bizim teatrla işbirliyi olan digər teatrlar bu tamaşanı görsəydilər, mütləq sevgi üçbucağı yaradan əntiqə dördlüyü öz repertuarlarındakı «Kənd namusu»na dəvət edərdilər!
Gülcahan
Mədəniyyət.- 2017.- 17
yanvar.- S.6.