Bakıda rus rəssamların əsərləri sərgilənib

 

 

   Yanvarın 13-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda görkəmli rus rəssamları Vasili Vereşşagin (1842-1904) və İvan Şişkinin (1832-1898) xatirəsinə həsr edilmiş sərgi açılıb.

   Bakıdakı Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi və Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə reallaşan sərgidə ölkəmizdə yaşayan rus fırça ustalarının əsərləri nümayiş olunub.

   Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq Rəssamı Fərhad Xəlilov sərginin əhəmiyyətindən söz açıb. Qeyd edilib ki, ölkəmizdə yaşayan ruslar mədəniyyət və incəsənət sahəsinə də öz töhfələrini veriblər. Tolerantlıq mühitimultikultural dəyərləri ilə tanınan Azərbaycanda milliyyətindən asılı olmayaraq bütün sahələrdə əməyi keçən sənət adamları yüksək dəyərləndirilib.

   F.Xəlilov rəhbəri olduğu qurumda ilin ilk sərgisinin məhz görkəmli rus rəssamlarının xatirəsinə həsr edilməsindən məmnunluğunu ifadə edib. Bildirilib ki, sərginin ekspozisiyasında 12 fırça ustasının 50-dək sənət əsəri yer alıb.

   Tədbirdə çıxış edən Milli Məclisin deputatı, Azərbaycanda rus icmasının rəhbəri Mixail Zabelin Rusiyanın iki məşhur rəssamının xatirəsinə açılan sərgini təqdirəlayiq hadisə kimi qiymətləndirib, belə sərgilərin davamlı olmasını arzulayıb.

   “Azərbaycan xalqı əsrlərdir Rusiyaya dost münasibət bəsləyir. Rus və Azərbaycan xalqlarını əzəldən mədəni və mənəvi bağlar birləşdirir. Belə sərgilərin keçirilməsi xalqlar arasında dostluq əlaqələrini daha da möhkəmləndirir”, - deyə M.Zabelin vurğulayıb.

   Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr Ata tədbir iştirakçılarını köhnə Yeni il münasibətilə təbrik edib. Azərbaycanda istedadlı insanların çox olduğunu, onların arasında rusların da yer aldığını söyləyib.

   Şişkinin əsərlərində Rusiyanın təbiəti necə möhtəşəm təsvir olunubsa, Vereşşaginin əsərlərində də ölkənin hərbi qüdrəti böyük ustalıqla yaradılıb. Bu baxımdan Azərbaycan da gözəl təbiəti, qədim tarixi olan bir ölkə kimi hər zaman fırça ustalarının diqqət mərkəzində olub. Sözsüz ki, burada yaşayan digər xalqların istedadlı nümayəndələri bunlardan bəhrələnərək gözəl əsərlər yaradıb. Bugünkü sərgidə təqdim edilən əsərlərdə də bütün bunlar aydın şəkildə əksini tapıb”, - deyə o bildirib.

   Sonra Azərbaycanda rus icması tərəfindən bir neçə rəssama diplom və hədiyyələr təqdim olunub.

  

 

Mədəniyyət.- 2017.- 17 yanvar.- S.8.