Ölkəmizin turizm
imkanları Ukrayna teleşousunda
təbliğ olunub
“Ailə və romantik istirahət yeri”, “Türkiyə və Misirin yeni rəqibi” - Azərbaycan və Bakı haqqında söylənilən bu ifadələr Ukraynanın STB telekanalının məşhur “Zvajeni ta haslivi” (“Özlərini çəkiblər və xoşbəxtdirlər”) teleşousunun finalında səslənib.
Bu teleşou Ukraynada yüksək reytinqli televiziya verilişidir. Layihənin iştirakçıları - artıq çəkisi olan insanlardır. Onlar arıqlamaq və eyni zamanda 250 min qrivna (təxminən 8750 dollar) mükafat uğrunda yarışırlar.
Teleşounun hazırlanması zamanı Bakıda aparılan çəkilişlər Mədəniyyət və Turizm Nazirliyinin Milli Turizm Təbliğat Bürosu və AZAL-ın birgə dəstəyi ilə həyata keçirilib. Milli Turizm Təbliğat Bürosundan verilən məlumata görə, final şousunu bu dəfə 13 milyon tamaşaçı izləyib.
Məlumatda bildirilir ki, Ukrayna Azərbaycana turist cəlbi baxımdan əsas potensial bazarlardan biridir. Milli Turizm Təbliğat
Bürosu bu istiqamətdə aktiv fəaliyyət göstərir.
Xüsusilə Ukraynanın UIA hava
yolları şirkəti
ilə əməkdaşlıq
çərçivəsində birgə layihələr həyata keçirilir, bu ölkədən turizm agentliklərinin nümayəndələri, jurnalistlər
və bloqerlərin Azərbaycana səfərləri
təşkil edilir.
Eyni zamanda Milli Turizm
Təbliğat Bürosu
tərəfindən Ukraynada
tədbirlər təşkil
olunur. Son belə görüş paytaxt Kiyevdə keçirilib və tədbirdə Azərbaycanın
turizm potensialı haqqında 20-yə yaxın
turizm şirkətində
təqdimatlar edilib, onlarla yerli turizm
şirkətləri arasında
əlaqələr formalaşdırılıb.
Məlumata görə, 2017-ci ildə Azərbaycana Ukraynadan 57 min 756 turist səfər edib. Bu göstərici ilə Ukrayna dünyanın digər ölkələri arasında
Azərbaycanın ən
çox turist qəbul etdiyi 7-ci ölkədir. Aparılan işlər
və araşdırmalar
göstərir ki, bu rəqəmlər
2018-ci ildə daha da artacaq.
Milli Turizm Təbliğat Bürosu
oxşar fəaliyyətləri, ənənəvi
turizm bazarlarında olduğu
kimi, yeni bazarlarda da həyata keçirir. Bu sıraya
ABŞ, Avropa, Çin,
Hindistan və başqa
ölkələr daxildir. Büro
bazarın tələbatına uyğun olaraq müxtəlif ölkələrin turizm şirkətləri və agentlikləri
ilə birlikdə yeni xidmət paketləri,
marşrutlar, turlar və
s. üzrə müzakirələr
aparır.
Mədəniyyət.- 2017.-17
yanvar.- S.9.