Ay gəlin, önlüyünü
tax, biz də bilək
ki...
Xalça Muzeyində “Bir eksponatın tarixi”
Yanvarın 13-də Azərbaycan Xalça Muzeyində «Bir eksponatın tarixi» layihəsinin növbəti tədbiri keçirildi. Budəfəki mühazirə 2016-cı ildə
muzeyin kolleksiyasına
daxil olmuş və buradakı saxlancda yeganə olan toy önlüyünün
(meyzər) tarixinə
həsr edilmişdi.
Muzeyin Mədəniyyət və təhsil şöbəsinin bələdçisi
Ülkər Rəhimzadə
müxtəlif ölkə
xalqlarının geyimlərində
döşlük və
önlüklərin tarixi,
bu geyim əşyasından istifadə
qaydaları, rəng çalarları, ona vurulan naxış və elementlərin daşıdığı mənalar
barədə söz açdı. Qafqazda
və Azərbaycanda, eləcə də digər türk xalqlarının məişətində
döşlük və
önlüklərlə bağlı
tarixi və müasir adət-ənənələr
haqqında məlumat verdi.
Maraqlıdır ki, Azərbaycanın
tarixi-coğrafi ərazisi
boyunca heç vaxt qadın milli geyimləri önlüklə, yaxud döşlüklə təsvir
olunmayıb. Azərbaycan
xanımları onlardan
sırf ev
işləri zamanı,
xüsusən də yemək hazırlığı
prosesində istifadə
ediblər deyə, bəzəyindən, naxışından
asılı olmayaraq, döşlük milli geyim dəstlərində vacib atribut kimi
təqdim edilməyib.
Hərçənd müxtəlif xalqların
milli qadın geyimlərinin bayram, toy libasları da dekorativ döşlük və ya önlüklə
tamamlanır.
Bununla belə, bizdə
də döşlüyün
bir növü zamanla mövcud olub. Adına meyzər - toy döşlüyü
deyilən bu geyim ər evinə
gəlin köçən
qızın artıq gəldiyi evin tamhüquqlu, yeni ailənin ocağını
yandıran xanımı
olduğunu bildirən
atribut kimi qavranılıb.
Xalça Muzeyində saxlanılan
XIX əsrə aid meyzər
Şirvan qrupuna məxsusdur. Döşlük həmin əsrin ikinci yarısında Rusiyada istehsal olunmuş tünd-bənövşəyi
rəngli zərxara parçadan tikilib, üstündəki nəbati
ornamentlər isə ipək və qızılı saplarla işlənilib. Sinə nahiyəsi
gümüş xırda
pulla bəzədilib ki, bu da
döşlük taxan
gəlinin ayağının
düşərli olması,
həmin evin maddi sıxıntı çəkmədən dolanması
arzusunu əks etdirir.
“Bir eksponatın tarixi” layihəsinin 2018-ci ildə baş tutan ilk tədbiri həm də Uşaq muzeyi şöbəsinin dərnək üzvlərinin böyüklərə qoşulması ilə maraqlı oldu. Dərnək üzvləri mühazirə zamanı döşlük və önlük rəsmləri çəkdilər, öz əlləri ilə parçadan döşlük tikdilər.
Mühazirənin sonunda isə Azərbaycan dekorativ-tətbiqi sənət tarixi ilə maraqlanan dinləyicilərin sualları cavablandırıldı.
G.Mirməmməd
Mədəniyyət.- 2017.-17
yanvar.- S.12.