“Həqiqət uğrunda ölümləriylə...”

 

 

   Respublika Uşaq Kitabxanasında 20 Yanvar faciəsi ilə bağlı tədbir keçirilib

   

   Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasında 1990-cı il 20 yanvar hadisələrinin 28-ci ildönümü ilə əlaqədar “Həqiqət uğrunda ölümləriylə ölümü kamına çəkdi şəhidlər” adlı tədbir keçirilib.  

   Tədbiri kitabxananın direktoru Şəhla Qəmbərova açaraq 20 Yanvarın Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda xalqımızın qəhrəmanlıq salnaməsi kimi daxil olduğunu, bu tarixin bütün dünya tərəfindən Azərbaycan xalqının azadlıq səsi, haqq, ədalət və suverenlik uğrunda mübarizəsinin simvolu kimi qəbul edildiyini vurğulayıb. 1990-cı il yanvar hadisələrinin tarixi məqamlarından bəhs edilib, bu faciənin M.Qorbaçov başda olmaqla, SSRİ rəhbərliyinin Azərbaycana qarşı qərəzli siyasətinin nəticəsi olduğu diqqətə çatdırılıb. Bildirilib ki, həmin vaxt Moskvada yaşayan ümummilli lider Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək 20 Yanvar qırğınını törədənləri kəskin tənqid etməklə yanaşı, xalqı ilə birgə olduğunu bəyan edib, bu faciəni xalqa qarşı cinayət adlandırıb. Ulu öndər Azərbaycan hakimiyyətinə qayıdışından sonra 1994-cü ildə 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilib, şəhidlərin xatirəsinin əbədiləşdirilməsinə, eləcə də hadisələr zamanı sağlamlıqlarını itirərək əlil olmuş şəxslərin sosial müdafiəsinin gücləndirilməsi və şəhid ailələrinə dövlət qayğısının artırılması məqsədilə müvafiq tədbirlər görülüb.

   Tədbirdə 20 Yanvar faciəsi ilə bağlı sənədli film, qanlı hadisələri əks etdirən rəsm əsərləri və kitablar nümayiş olunub. H.Sarabski adına Bakı şəhəri 7 nömrəli Uşaq musiqi məktəbi şagirdlərinin ifasında kompozisiya təqdim edilib.

 

Mədəniyyət.- 2017.- 19 yanvar.- S.6.