“Qərənfilin ağısı”
Türkiyədə
20 Yanvar faciəsi ilə bağlı
anım mərasimləri
XX əsrdə insanlığa qarşı törədilmiş qırğınların ən dəhşətli səhifələrindən olan 20 Yanvar faciəsi xalqımızın qan yaddaşına əbədi həkk edilib. Bu hadisələr Azərbaycanın gələcək taleyinə, milli azadlıq hərəkatının güclənməsinə, müstəqilliyimizin bərpasına mühüm təsir göstərib. Hər il tariximizin bu mühüm günü xarici ölkələrdə yaşayan soydaşlarımız, diaspor təşkilatlarımız tərəfindən də geniş şəkildə qeyd olunur. Qardaş Türkiyədə anım tədbirləri yanvarın 17-dən başlanıb.
* * *
Azərbaycanın İstanbuldakı baş konsulluğu Mərmərə Universitetində “Qanlı Yanvar” adlı sərgi təşkil edib. Sərgidə 20 Yanvar faciəsinin dəhşətlərini əks etdirən fotolar və bu barədə yazılmış əsərlər nümayiş olunur. Sərginin açılışında baş konsulluğun əməkdaşları, universitetin kollektivi, media təmsilçiləri iştirak ediblər.
* * *
Əskişəhər Azərbaycanlılar Dərnəyinin rəhbəri Cavid Məmmədov-Aydının verdiyi məlumata görə, ayın 17-də keçirilən anım tədbirində “Meydan” sənədli filmi nümayiş etdirilib. Müəllifi Anadolu Universitetinin müəllimi, professor Zaur Mükərrəm olan film 1988-1990-cı illər arasında Azərbaycanda baş verən azadlıq mücadiləsindən bəhs edir.
* * *
Ankarada Azərbaycanın Türkiyədəki səfirliyi və Yerli Düşüncə Dərnəyinin birgə düzənlədiyi “Qərənfilin ağısı” adlı anma tədbiri Türkiyə Milli Kitabxanasında baş tutacaq. Proqrama əsasən, öncə 20 Yanvar hadisələrini əks etdirən fotosərgi nümayiş etdiriləcək. Mərasimdə Türkiyə Cümhuriyyəti Prezidentinin baş müşaviri Yalçın Topçu, Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, türkiyəli millət vəkilləri və başqaları çıxış edəcək.
Ankarada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Dərnəyi də 20 Yanvar qətliamının 28-ci ildönümü münasibətilə anım toplantısı gerçəkləşdirəcək.
* * *
İzmirdə “Avrasiya” Gənclərin Beynəlxalq İşbirliyi Dərnəyi tərəfindən şəhidləri anma proqramı baş tutacaq. Dərnəkdən verilən məlumata görə, İzmir Beynəlxalq Müsafir Tələbə Dərnəyi konfrans salonunda gerçəkləşdirilən tədbirə azərbaycanlı tələbələrlə yanaşı, digər ölkələrdən olan tələbələr də qatılacaq.
Mehparə Sultanova
Ankara
Mədəniyyət.- 2017.- 19
yanvar.- S.6.