1898-ci ildə qoyulmuş təməl

 

 

 Teatr Xadimləri İttifaqı - 120

  

      ...12 noyabr 1897-ci il tarixində Tiflisdə rus dilində nəşr olunanNovoye obozreniye” qəzetində belə bir məlumat dərc olunmuşdu: “Bakıda ilk dəfə Artistlər İttifaqı təşkil edilmişbu ittifaq 300-dək artist və səhnə həvəskarını əhatə etmişdir. Üzvlük haqqı ildə 6 manat təyin edilmişdir”.

   Bu məlumat bir zaman Azərbaycan teatrı üçün böyük bir elmi tədqiqat institutunun işini təkbaşına görmüş Qulam Məmmədlinin toplayıb tərtib etdiyi “Azərbaycan teatrının salnaməsi” ikicildliyindən götürülüb.

   Qulam müəllimin ruhuna rəhmət oxuya-oxuya salnamə kitabı vərəqləyirəm, arada gözümə bu tipli bəzi xəbərlər dəyir.

  

   ...26 noyabr 1904-cü il, Bakı

   Artistiçeskoye obşestvo”, müsəlman artistləri dəstəsi, N.Vəzirov - «Yağışdan çıxdıq, yağmura düşdük», «Xor-xor». Hacı Qənbər - C.Zeynalov, Soldat Seyfulla - Mirzağa Əliyev.

  

   ...29 yanvar 1905-ci il, Peterburq, «Teatralnaya qazeta»:

   «... habelə Tağıyev teatrında və bəzən “Artistiçeskoye obşestvonun səhnəsində tatar dilində həvəskar tamaşaları verilir. Bu tamaşalara çoxlu müsəlman gəlir».

  

   ...25 aprel 1906-cı il, Bakı

   «Artistiçeskoye obşestvo», müsəlman dram dəstəsi və həvəskarları, L.N.Tolstoy - «Əvvəlinci şərabçı» (tərcümə S.M.Qənizadə), «Dursunəli və ballıbadı». Potap, Dursunəli - C.Zeynalov.

  

   Təxminən yüz il öncənin mətbuatını, o dövrün arxiv materiallarını axtardıqca belə məlumatlara, faktlara çox rast gəlmək olur. Kimlərəsə nə qədər qəribə görünsə də, bu xəbərlərdə adı keçən Artistlər İttifaqı bu gün bizim yaxşı tanıdığımız Azərbaycan Teatr Xadimləri İttifaqının sələfi, həm də nəinki ölkəmizdə, ümumiyyətlə, Qafqazda yaradıcı insanların ilk ictimai birliyidir.

   Milli teatrımızın yaşı 1873-cü ildən hesablansa da, bu tarixdən cəmi 25 il keçmiş ilk teatr sənətçilərimiz təşkilatlanmağa ehtiyac duydular. Çünki teatr işindəki pərakəndəlik və çətinliklər, Azərbaycan dilində tamaşa oynamaq istəyən truppaların hökumət dairələrindən heç bir dəstək görməməsi, əksinə, sıxışdırılması, üstəlik, teatr həvəskarları və bu sahənin peşəkarları arasında xırda incikliklər milli teatrın inkişafına əngəl törədirdi. Kimlərinsə teatr adından istifadə etməsi, bacardı-bacarmadı, əcaib adlarla anlaşılmaz mövzularda guya dram əsərləri yazanların istedadlı müəllifləri, əsl dramaturqları gözdən salması kimi hallar gerçək teatr sənəti aşiqlərini bir amal uğrunda birləşməyə sövq edirdi.

   Bəs niyə Müsəlman Artistləri Cəmiyyəti, ya da bəzi mənbələrdə rast gəlindiyi kimi Müsəlman Artistlər Birliyi? Həmin illərdə «Azərbaycan» və ya «türk» sözlərinin cəmiyyət adına çıxarılmasına çar senzurası icazə vermədiyindən seçim «müsəlman» kəlməsinin üstündə qalıb. 1897-ci ildən 1906-cı ilədək fəaliyyət göstərmiş bu cəmiyyət bacardığı qədər teatrın xeyrinə çalışıb, xeyriyyə məqsədilə xeyli tamaşa oynayıb, səhnəyə çıxarılan əsərlərin əxlaqi-mənəvi tərəflərinə diqqət yetirib.

   Haşiyə çıxaq ki, XIX əsrin sonu - XX əsrin əvvəli Azərbaycan ədəbiyyatında dramaturgiyanın ilk parlaq dövrü idi: Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Sultan Məcid Qənizadə, ilk dram əsərlərini yazmağa başlayan Cəlil Məmmədquluzadə, bu gün əsərləri o qədər də yada düşməyən, lakin o dövrün tələblərinə cavab verən neçə-neçə dram yazarı gənc peşəkar milli teatr səhnəsini boş qalmağa qoymurdu. Elə bu səbəbdən də Müsəlman Artistləri Cəmiyyətinin daha mükəmməl təşkilatlanma dövrü dramaturq Əbdürrəhim bəy Haqverdiyevin bu təşkilatın başında durduğu 1901-1905-ci illər hesab edilir. Maraqlıdır ki, sonradan müxtəlif illərdə fərqli adlarla fəaliyyət göstərəcək quruma bir daha dramaturq rəhbərlik etməyəcəkdi. Mənbələrdə bu cəmiyyətin adına bəzən şirkət olaraq da rast gəlinir. Yəqin bu da qurumun təkcə teatr tamaşaları hazırlaması ilə deyil, aktyorlarla mövsümi müqavilələr bağlaması, qastrol səfərlərini təşkil etməsi ilə bağlıdır.

   XX əsrin ilk iki onilliyində teatr işi ilə məşğul olan «Nicat», «Səfa» kimi maarifçi cəmiyyətlərlə yanaşı, «Müsəlman Opera Artistləri», «Müsəlman Dram Artistləri Dərnəyi» kimi cəmiyyətlər də olub ki, onların fəaliyyətini incələmək bir qəzet yazısına sığan deyil. Təbii ki, o illərdə də teatr aləmini daim izləyən, hətta onunla qoşa addımlayan sənətdaxili və səhnəarxası anlaşılmazlıq və intriqalara rast gəlinirdi. Bununla belə, müəyyən fasilələrlə fəaliyyət göstərmiş «Türk Aktyorlar İttifaqı», «Müsəlman Artistləri İttifaqı» kimi qurumları «Müsəlman Artistləri Cəmiyyəti»nin xələfi, indiki Azərbaycan Teatr Xadimləri İttifaqının sələfi hesab edilir.

   Bir maraqlı məqam da var ki, görkəmli aktyor-rejissor Abbas Mirzə Şərifzadənin yaratdığı «Müsəlman artistləri ittifaqı» da teatr dəstə-truppası idi. 1917-1918-ci illərdə fəaliyyət göstərmiş bu təşkilatın adı da eyni cür yazılmayıb. «Artistlər ittifaqı», «Bakı müsəlman aktyorları ittifaqı», «İttifaq», «Müsəlman aktyorlar cəmiyyəti» deyildikdə məhz Abbas Mirzənin başçılıq etdiyi həmin qurum nəzərdə tutulur. Lakin bir çox teatr fədaisini ətrafına yığmış Abbas Mirzənin bu təşəbbüsü heç də birmənalı qarşılanmır. Dövrünün ən tanınmış teatr xadimlərindən olan Hüseyn Ərəblinski və Hüseynqulu Sarabski buna etiraz edib, öz narazılıqlarını mətbuata da çıxarırlar. Lakin Abbas Mirzə inadından dönmür, tanınmış aktyorları, təcrübəli gəncləri və sənətdə ilk addımlarını atan teatr həvəslilərini ətrafına toplayır. İdarə heyəti «İsmailiyyə» binasında yerləşən qurum öz tamaşalarını həm burada, həm də Tağıyev teatrında oynayır. «İttifaq» ilk tamaşasını 1917-ci il noyabrın 20-də təqdim edir. Noyabrın 28-də «Hümmət» qəzeti həmin tamaşa - Nəriman Nərimanovun «Nadir şah» faciəsi barədə belə yazır:

   «...keçən cümə, noyabrın 20-də Müsəlman artistləri ittifaqının hünərini gördük. «Nadir şah» dramını oynayırdılar. Demək olar ki, bu sayaq ilə aparsalar, həm milli səhnəmizi dirildəcəklər, həm də çirkin operettaların meydanını daraldacaqlar.

   ...Demək lazımdır ki, bizim artistlərimiz də zamanın tələbini düşünüb Artistlər ittifaqı qurublar. Biz bu ittifaqı səmimi qəlbdən təbrik edirik».

  

   * * *

   Bu il Azərbaycan Teatr Xadimləri İttifaqı - öz sələfi olmuş teatr qurumlarının ən yaxşı ənənələrini yaşadaninkişaf etdirən, milli yaradıcılıq təşkilatlarının ağsaqqalı olan bu qurum üçün yubiley ilidir. 120 illik yubiley münasibətilə öyrənib bildiklərimizi növbəti yazılarımızda oxucularla paylaşacağıq.

  

   Gülcahan Mirməmməd

 

Mədəniyyət.- 2017.- 19 yanvar.- S.11.