Qloballaşma şəraitində termin axınını “idarə etmək”
lazımdır
Dilimiz sərvətimizdir
Min illərdir dilin məqsədi heç dəyişməyib - duyğu və düşüncələrin, ağıl və zəkanın ifadəsi. Bu gün də mədəni və mənəvi səviyyəsindən asılı olmayaraq, könüllərdən könüllərə yolun yeganə körpüsü dil körpüsüdür. Dil ünsiyyətin, anlamağın, dərk etməyin tək açarıdır, zəka sahibi insanın bəxtiyarlığıdır. Dili qoruyub yaşatmaq onun daşıyıcısı olan xalqın borcudur.
Sanki hər kəs doğulub “ana” deməyə başladığı ilk andan ana dilini yaşadacağına and içir. Bax bu anda sadiqlik bizi milli özünütəsdiqimiz olan dilimizi qorumağa borclu edir. Tariximizin müxtəlif dövrlərində ana dilimizin qayğısına qalan, onun saflığının qorunması uğrunda, həqiqi mənada, dəridən-qabıqdan çıxan, bütün ömrünü bu yola həsr edən, ona əsl övladlıq sədaqəti göstərən, onu regionun aparıcı dilləri sırasına qatan şəxsiyyətlərimiz olub: Şah İsmayıl Xətai, Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə, Üzeyir Hacıbəyli və neçə-neçə dilçi alimlərimiz.
Ötən əsrin 70-ci illərində - o illər ki, ittifaqa daxil olan bir sıra ölkələrdə ana dili ikinci planda qalmış, hətta bəzilərində unutdurulmuşdu - Azərbaycanda ana dilinin işləkliyinin qorunması, onun fundamental tədqiqi dövlət səviyyəsində dəstək görürdü. Xalqımızın ümummilli lideri Heydər Əliyevin bilavasitə səyləri ilə digər milli məsələlər kimi, ana dilinə münasibət məsələsi də xalqımızın maraqlarına uyğun formada öz həllini tapmışdı. Beləliklə, ana dilimiz dövlət səviyyəsində mühafizə olunmuş, onun saflığı qayğısına qalınmış, inkişafı təmin edilmişdir. Müstəqillik illərində də bu missiya layiqincə davam etdirilmiş və etdirilməkdədir. Ulu öndərin Azərbaycan dilinin işləkliyinin və vahid dil birliyinin qorunması istiqamətində fəaliyyəti mühüm qanun və qərarların qəbul edilməsi ilə nəticələnmişdir.
Müstəqillik Azərbaycan xalqına, Azərbaycan dövlətinə çox böyük uğurlar gətirdi. O nailiyyətlər ki, onu tariximizi, mədəniyyətimizi, dilimizi milli mövqedən araşdırmağa, öyrənməyə, öyrəndiyimiz həqiqətləri, zənginlikləri isə bəyan etməklə qazanmağa başladıq. Eyni zamanda müstəqillik imkan verdi ki, ana dilimizin inkişafı, tədqiqi və işləklik arealının genişlənməsi kimi məsələlərə yenidən qayıdaq. Bununla əlaqədar ölkəmizdə çoxsaylı rəsmi sənədlər imzalanmışdır. Bu mənada 2013-cü il 9 aprel tarixində imzalanmış “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” ölkə Prezidentinin sərəncamı müstəsna əhəmiyyətə malikdir. Bu, ana dilindən istər yazılı, istərsə də şifahi şəkildə düzgün istifadə, onun tətbiqi və inkişafı kimi vacib məsələlərin həllinə yönəlmiş mühüm sənəddir. Dövlət Proqramında dilimizin inkişafı ilə bağlı problemlərin həlli ilə əlaqədar bir sıra vəzifələr müəyyənləşdirilmişdir. Məsələn, Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun inkişafı, qorunması, elektron məkanda daha geniş istifadəsi və ölkədə dilçiliyin inkişaf etdirilməsi mexanizminin yaradılması məsələsi dilimizin gələcəyi ilə əlaqədar geniş üfüqlər açır.
Götürək dilin inkişafı və tədrisi məsələlərinin uzlaşdırılması və təkmilləşdirilməsi müddəasını. Bu, bilavasitə müasir qloballaşma şəraitində dildə özünü göstərən yeniliklərin tədris vəsaitlərində və prosesində əks olunmasına əsaslanır. Bildirək ki, bu məsələ xüsusi həssaslıq tələb edir. Çünki qloballaşma şəraitində xüsusilə termin axını və xidmət sahələri ilə bağlı sözlərin dilə daxil olması geniş vüsət alır. Buna görə də gözlənilən təsirləri müəyyən qədər “idarə etmək” zərurəti meydana çıxır. Bu kontekstdə dilçilərin müasir informasiya və kommunikasiya texnologiyalarının yaradılmasında iştirakının təmin edilməsi müsbət nəticələr verə bilər. Müasir texnoloji yeniliklərin tətbiqində, istehsalatda, reklam işində və s. ana dili üzrə mütəxəssislərin rəyləri nəzərə alınmalıdır.
Dilin inkişafını və ədəbi dil normalarının qorunmasını təmin edən qanunvericilik bazasının təkmilləşdirilməsi ədəbi dilin şifahi və yazılı formada vahid təzahürünə xidmət edən vəzifələrin ən vacibidir. Bununla yanaşı, Azərbaycan dilinin təkmilləşdirilmiş yeni orfoqrafik, izahlı, frazeoloji, terminoloji, tərcümə, ensiklopedik və tezlik elektron lüğətlərinin hazırlanması da vahidlik prinsipinin qorunmasını təmin edən vəzifələrdəndir.
Etiraf edək ki, kütləvi informasiya vasitələrində, eləcə də internet resurslarının əksəriyyətində ana dilimizin vahidlik prinsipinə tam əməl edilmir, ədəbi dilin normaları bilərəkdən və ya bilməyərəkdən pozulur. Bu problemin aradan qaldırılması üçün bütün yaradıcı qurumlar ayıq-sayıq olmalıdır. Ölkəmizdə nəşr olunan bəzi mətbuat orqanlarında belə bir sıra hallarda ədəbi dil normalarına əməl edilmədiyinin şahidi oluruq. Düşünürük ki, dilin gücü, müasirliyi formanın yox, məzmunun sərbəstliyindədir. Yəni dilimizə zorla, “intiligentcəsinə” yad söz gətirmək qətiyyən müasirlik demək deyil. Belə neqativliklərlə qarşılaşarkən şüurumuzda belə bir sual formalaşır ki, “Əkinçi”nin, “Molla Nəsrəddin”in, “Həyat”ın, “Açıq söz”ün xələfləri olan çağımızın kütləvi informasiya vasitələri Azərbaycan xalqı ilə hansı dildə danışırlar?!
Dil və nitq mədəniyyətinin yüksəldilməsi məsələsi insanların özünüifadədə qarşılaşdığı ən mühüm problemlərdən biridir. Mətbuat orqanlarında, televiziya və radio kanallarında, internet resurslarında və s. ədəbi dil normalarının pozulması hallarının qarşısını almaq üçün mexanizmlərin müəyyənləşdirilməsi olduqca zəruridir.
Səyyar Məmmədov
Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi
Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzin direktoru
Mədəniyyət.- 2017.- 19
yanvar.- S.12.