Nəsirəddin Tusi məktəbinin davamçısı

 

 

   Dahi Azərbaycan filosofu, görkəmli riyaziyyatçı Nəsirəddin Tusinin Marağa şəhərində yaratdığı rəsədxanada yaxın-uzaq ölkələrdən elmə maraq göstərən insanlar təhsil alır və çalışırdılar. Bu elm ocağında yetişən alimlərdən biri də Qütbəddin Şirazidir.

   Qütbəddin Mahmud ibn Ziyaəddin Məsud 1236-cı ildə İranın Şiraz şəhərində anadan olub. İlk təhsilini atasından alır, sonra təhsilini Marağa şəhərində davam etdirir. 1258-ci ildə Marağada Nəsirəddin Tusinin rəsədxanası açılır. Burada təhsil alan Qütbəddin Tusinin ən istedadlı tələbələrindən biri olur, riyaziyyatçı kimi tanınır.

   Q.Şirazi siyasi xadim kimi də diqqəti çəkir. XorasanaFars İraqına səfər edir. Burada İsfahan hakimi Bahəddin Məhəmməd Cüveyni ilə tanış olur. 1268-ci ildə Bağdada gedir. Sonra Kiçik Asiyaya yola düşür. Orada rəğbətlə qarşılanır və dövlət işlərində çalışır.

   Bir müddət SivasMalatyada qazi işləyən Q.Şirazi Cəlaləddin Rumi və Sədrəddin Konəvi kimi alimlərlə dostluq edir. Onun siyasi fəaliyyəti Əhməd xan Təkudər (1282-1284) zamanında daha da genişlənir. O, Misirə Məmluk sultanı Mənsur Seyfəddin Kalaunun (1279-1290) yanına səfir göndərilir. Əmisi Kəmaləddin Əbdülxeyr Kazəruni də onunla birlikdə olur.

   Misirdə səfir işləyərkən monqollar və misirlilər arasında münasibətləri sahmana salır. Onun bu qabiliyyəti Qazan xanın xoşuna gəlir. Səkkizillik uğurlu siyasi fəaliyyətdən sonra Elxanilər dövlətinin o zamankı paytaxtı Təbriz şəhərinə qayıdır. Qazan xanın sarayında çalışır. Həmin dövrdə Təbriz çox inkişaf etmiş, elm və mədəniyyət mərkəzinə çevrilmişdi. Q.Şirazi şəhərdə “Dər aş-Şəfa” adlı elmi-müalicəvi mərkəz yaradır. Orada rəsədxana, kitabxana, təhsil və tibb müəssisələri yerləşir. Təbriz rəsədxanası Marağa rəsədxanasından sonra Şərqin ikinci elmi mərkəzi hesab olunurdu. O, müəllimi N.Tusinin elmi istiqamətini davam etdirir və əsərlərinin çoxunda görkəmli alimin irsinə müraciət edir.

   Q.Şirazi dini məsələlərlə də maraqlanıb. “Quranın təfsirinə dair Mərhəmətlinin açması” traktatı və “Quranın çətin məsələlərinə dair” əsəri onun dini məsələlər ilə dərindən məşğul olmasından xəbər verir. Alimin ensiklopedik əsərlərindən biri “Dubacı bəzəmək üçün tac mirvarisi” adlanır. Traktat Qərbi Gilan hökmdarının oğlu əmir Dubac ibn-Filşaha ithaf olunub. Araşdırmalarda göstərilir ki, traktat beş hissədən ibarətdir. Birinci hissədə məntiq elmindən bəhs olunur. İkinci hissə fəlsəfəyə, üçüncüdördüncü hissələr dəqiq elmlərə, musiqiyə aiddir. Beşinci hissə din, etika və siyasətə həsr edilib.

   Alim astronomiya elmində böyük əhəmiyyət kəsb edən iki fundamental elmi traktat da yazıb: “Göy sferalarını bilməkdə idrakın sonu” və “Astronomiyadan şah hədiyyə”. Birinci əsərin əlyazmalarından biri Bakıda, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılır. Bu traktatda dəqiq astronomik məlumatlar və həndəsi hesablamalar, planetlərin hərəkətinin yeni kinematik sxemi cəmlənib.

   Q.Şirazi fəlsəfə tarixində Şihabəddin Sührəvərdinin İslam ölkələrində nəşr olunmuşMüdrikliyin nuru” traktatının izahı ilə iz qoyub. Başqa bir əsəri Tusinin “Rəqsi hərəkət və müstəvi ilə əyri arasındakı nisbət haqqında” traktatına dair izahlardır. İzahların əlyazması İstanbul Kitabxanasında saxlanılır. Bu izahlar riyaziyyatda olan bir sıra vacib suallara cavab verir. O, həmin şərhlərdə öz dövründən xeyli öncə yazılan bir neçə elmi əsərin adını çəkib. Həmin əsərlərdən biri İbn Sinanın “Bucaq tədqiqatı haqqında” traktatıdır. Onu da qeyd edək ki, İbn Sinanın bu əsəri haqqında məlumata təkcə Q.Şirazinin izahlarında rast gəlinir. Araşdırmalarda göstərilir ki, Avropa alimləri traktatda qeyd olunan riyazi problemlər üzərində işləyərək sonradan inteqraldiferensial hesaba aid nailiyyətlər qazanıblar. Əslində bir çox nəzəriyyə və kəşflər Şərqdə meydana gəlib, Qərb alimləri isə onlardan bəhrələnərək elmə gətirilən yenilikləri öz adlarına çıxıblar. Yaxşı deyiblər ki, “Gələcək keçmişin iynəsi ilə tikilər”.

   Qütbəddin Şirazi 1311-ci ildə vəfat edib.

  

   Savalan Fərəcov

 

Mədəniyyət.- 2017.- 19 yanvar.- S.15.