Qan yaddaşını yaşadan musiqilər
20 Yanvar qurbanlarının xatirəsinə həsr edilmiş gecə
Yanvarın 19-da M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş anım mərasimi keçirildi.
Faciədən keçən 28 il ərzində Azərbaycan bəstəkarları 20 Yanvara müxtəlif həcmli əsərlər həsr ediblər. Cövdət Hacıyevin “Şəhidlər” simfoniyası, Ramiz Mustafayevin “Bu qan yerdə qalan deyil” vokal-simfonik poeması, Sevda İbrahimovanın «Vətən şəhidlərinə» əsəri, Oqtay Kazıminin «Şəhidlər simfoniyası», Mobil Babayevin «Ağlama, torpağım, ağlama» kantatası, Aydın Əzim Kərimoğlunun «Qətl günü», Fuad Cavadovun «Qara Yanvar» xor əsərləri, Arif Mirzəyevin «Yanvar mərsiyələri», Sərdar Fərəcovun «Matəm harayları» simfonik lövhəsi və bir çox mahnı və romansın da adını çəkmək olar.
Heç şübhəsiz ki, adlarını sadaladığımız əsərlərin cərgəsində görkəmli bəstəkar, Xalq artisti Azər Rzayevin «Bakı-90» simfoniyası özünəməxsus yer tutur. Bir zaman mərhum bəstəkar bu əsər barədə ondan soruşanda belə demişdi: “Bu əsəri bir il ərzində yazmışam. Əsər şəhidlərin il mərasimində səsləndi. Əlbəttə, hər bir not üzərində işləmək mənim üçün çox ağır idi. Çünki faciəni musiqinin dilinə çevirmək çox çətindir. Özü də elə bir faciəni ki, onu sən öz xalqınla birgə yaşamısan. Amma nə qədər çətin olsa da, mən belə bir əsər yazmağı özümə mənəvi borc sayırdım. Odur ki, bütün qəlbimi, beynimi, ruhumu məhz bu əsərə kökləmişdim. İnanın ki, mən bu əsəri için-için, ağlaya-ağlaya yazmışam. Onu nə qədər kədər hissi ilə yazsam da, əsərin sonu mübariz tərzdə tamamlanır. Yəni ki, biz varıq, olmuşuq və olacağıq. Hər birimiz Vətən kimi müqəddəs bir varlığın naminə şəhid olmağa hazırıq”.
Elə anım mərasimində bədii rəhbər və baş dirijor, Xalq artisti Rauf Abdullayevin idarə etdiyi Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifası da bu əsərdəki müəllif ruhunu, təsir gücünü olduğu kimi çatdıra bildi. Hətta adətən belə konsertlərdə səslənməyən alqış səsləri də salondan ucaldı. Bu təqdir etirafı əslində ifa olunan əsərin mübariz ruh təlqin edən sonluğundan irəli gəlirdi.
Əməkdar incəsənət xadimi, bəstəkar Məmməd Quliyevin simfonik orkestr və xor kapellası, həmçinin metso-soprano və soprano üçün yazdığı «Rekviyem»i də konsertin proqramına daxil edilmişdi. Xalq şairi Fikrət Qocanın sözlərinə bəstələnmiş əsərin solo partiyalarını Əməkdar artist Zemfira İsmayılova və vokalçı Leyla Muradzadə ifa edirdi.
20 Yanvar faciəsindən bəhs edən, elə 1990-cı ildə lentə alınmış «Azadlığa gedən yollar» sənədli filminin musiqisinin müəllifi, Əməkdar incəsənət xadimi Rauf Əliyev bu mövzunu davam etdirərək böyük simfonik orkestr və qarışıq xor üçün eyniadlı oda (sözləri - Fikrət Qoca) bəstələmişdi. Mərasim-konsertdə səslənən bu əsər hələ Qara Yanvarın acısı keçməmiş yazıldığından o məşum günlərin ovqatı, film üzərində işləyərkən bəstəkarın dönə-dönə seyr etdiyi qanlı xronika kadrlarının sarsıntısı odanın səslənişinə təsirsiz ötüşməyib. Həmin ovqat əsərin illər sonrakı ifasında da dinləyiciyə o günlərin acısını xatırladır.
Zəmanəsinin böyük bəstəkarı o insana deyirlər ki, dövran dəyişsə də, onun əsərlərinin aktuallığı, təsir gücü öz əhəmiyyətini itirmir. 20 Yanvar qurbanlarının xatirəsinə həsr olunmuş gecədə səslənən digər iki əsər - konsertin açılışında çalınan dahi Qara Qarayevin «Matəm odası» (1967) və finalda səslənən Xalq şairi Səməd Vurğunun sözlərinə bəstələnmiş «Zamanın bayraqdarı» (1959) əsərlərinin ifası konsertə əbədi kədərin izharı ilə yanaşı mübarizlik ruhu da bəxş edirdi.
Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin təqdim etdiyi konsert təkcə sanballı musiqi əsərlərinin ifası ilə deyil, həm də 20 Yanvarın məhz milli qürur günümüz olduğunu təsdiqləyən ruhu ilə yadda qaldı.
G.Mirməmməd
Mədəniyyət.- 2018.- 24
yanvar.- S.4.