“Hədəf Bakıdır...” sənədli
filmi Los-Ancelesdə nümayiş
etdirilib
Heydər Əliyev Fondunun dəstəyi ilə çəkilmiş və Arzu Əliyevanın baş prodüseri olduğu “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” sənədli filmi Los-Ancelesdə, ABŞ-ın ən böyük tibb mərkəzlərindən olan Cedars-Sinai Tibb Mərkəzində nümayiş etdirilib.
Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunun təşəbbüsü və dəstəyi ilə keçirilmiş tədbirdə tanınmış həkimlər, xarici ölkələrin diplomatları, elm və mədəniyyət xadimləri, azərbaycanlı, yəhudi və digər icmaların fəalları iştirak ediblər.
Baş konsulluqdan bildiriblər ki, tədbiri açan Cedars-Sinai Tibb Mərkəzinin tanınmış kardioloqu İzhar Xaruzi filmin tarixi-ictimai yaddaşın qorunması, II Dünya müharibəsinin geniş ictimaiyyətə məlum olmayan tərəflərinin işıqlandırılması baxımından yüksək önəm daşıdığını vurğulayıb.
Ölkəmizin Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev Azərbaycan neft sənayesinin inkişaf tarixi haqqında danışıb, II Dünya müharibəsində faşizm üzərində qələbənin əldə olunmasında Azərbaycan xalqının rəşadətini və Bakı neftinin strateji rolunu qeyd edib.
Diplomat təqdim olunan sənədli filmin 2015-ci ildə “National Geographic” telekanalı vasitəsilə müxtəlif dillərdə bütün dünyaya yayımlandığını diqqətə çatdırıb.
Çıxışlardan sonra filmin nümayişi
keçirilib. Ekran əsəri böyük
rəğbətlə qarşılanıb.
Daha sonra baş konsul qonaqları
maraqlandıran sualları cavablandırıb.
Mədəniyyət.- 2018.- 24
yanvar.- S.3.