Milanın La Skala səhnəsindən unudulmaz təəssürat

 

 

   Milanın (İtaliya) məşhur La Skala Teatrında həmyerlimiz, Əməkdar artist Yusif Eyvazovun (tenor) iştirakı ilə italyan bəstəkarı Umberto Cordanonun (Giordano) “Andre Şenye” operasının tamaşası təqdim edilib.

   Yanvarın 2-də təqdim edilən səhnə əsərinin tamaşaçıları arasında Azərbaycandan da operasevərlər olub. La Skala səhnəsində tamaşanı izləyən Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, professor Hicran Hüseynovanın təəssüratları “1news.az” xəbər portalında dərc edilib.

   Yazıda qeyd olunur ki, La Skala opera səhnəsində mövsümün açılışından artıq bir ay keçməsinə baxmayaraq, dünya mediasında, sosial şəbəkələrdə ilin əsas musiqi hadisəsinə həsr olunmuş yazılar, şərhlər və fikirlər davam etməkdədir.

   Milana səyahətindən söz açan komitə sədri qeyd edir ki, bu səfərdə hər şey qeyri-adi idi: La Skala ənənəsi haqqında məlumatlı idikbilirdik ki, opera mədəniyyətinin mərkəzi və saysız pərəstişkarları olan bu sənət məbədi hər il yeni mövsümünü katoliklərin Milad bayramı ərəfəsində açır. Teatrın parlaq səhifələri həm də italyan xalqının tarixi kimi tanınır. Mövsümün açılışı teatr üçün əlamətdar hadisədir və həmin gün dünyanın dörd bir yanından opera sənətinin pərəstişkarları bu məkanda bir araya gəlirlər. Təbii ki, dünya opera mədəniyyətinin mərkəzi sayılan teatr həmin gün pərəstişkarlarının qarşısına cəlbedici tamaşa ilə çıxır. Bu il teatr mövsümünün açılışı üçün italyan bəstəkarı Umberto CordanonunAndre Şenye” operası daha uğurlu seçim hesab edilmişdi. Halbuki “XX əsr musiqisinin başlanğıcı” hesab edilən bu əsər 32 il idi ki, səhnədə oynanılmırdı”.

   Hicran Hüseynova bildirir ki, operanın əsas qəhrəmanı sayılan inqilabçı şair Andre Şenyenin partiyalarını vaxtilə tanınmış opera ulduzları - E.Kruzo, B.Cili, M.Monako, L.Pavarotti, P.Dominqo, X.Karreras kimi nəhənglər ifa ediblər. Hazırda isə onları Azərbaycandan olan gənc opera müğənnisi Yusif Eyvazov əvəz edir. Əsərdə qadın baş qəhrəman Maddalenanı isə Yusifin həyat yoldaşı, dünyaca məşhur opera müğənnisi, Rusiyanın Xalq artisti Anna Netrebko (soprano) ifa edir: “Biz həmyerlimizlə fəxr etməklə bərabər həm də hədsiz həyəcan yaşayırdıq. Təsəvvür edin ki, Milana gəldiyimiz ilk gündən operanın musiqisi bizi qarşıladı və hava limanında, mərkəzi vağzalda, şəhərin küçə və hotellərində bu sədalar səslənməkdə idi. Şəhərin bütün görməli yerlərində operanın yaranma tarixi, Fransız inqilabının tarixini əks etdirən instalyasiyalar və sərgilərlə bağlı məlumatlar yer alırdı. Bir sözlə, Milan başdan-ayağa bu musiqi hadisəsinin motivləri ilə dolu idi. Bütün bu motivlər sırasında bəzədilmiş afişalarda iri plandaböyük hərflərlə Azərbaycanın Əməkdar artisti Yusif Eyvazovun adını görmək bizə böyük sevinc, qürur hissi bəxş edirdi. Azərbaycanlılardan ibarət musiqisevərlər Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəylinin rəhbərliyi ilə Milana yanvar ayının 2-də ikinci premyera gecəsi gəlmişdik və artıq operanın 7 dekabrda baş tutan təntənəli premyerasından da xəbərdar idik. Qəzetlərdə dərc edilmiş məqalələr, tamaşanın yaradıcı heyəti ilə keçirilən mətbuat konfransları haqqında da məlumatlı idik. Bütün bu məqalələrdə bizim müğənni haqqında xeyli danışılmışdı. O, tamaşaçıları təkcə vokal imkanları ilə deyil, öz səmimi davranışları ilə də heyran etmiş, jurnalistlərin təxribat xarakterli suallarına müdrik cavabı ilə hər kəsi mat qoymuşdu”.

   Hicran Hüseynova La Skala Teatrının dizaynı və görünüşü ilə bağlı təəssüratlarını bölüşdükdən sonra tamaşa haqqında fikirlərini davam etdirir. Qeyd edir ki, möhtəşəm tamaşa hədsiz təəccüb doğura bildi: “Dirijor pultu arxasında əsəri səhnələşdirən baş dirijor Rikkardo Şayi idi. Rejissoryeni texnologiyalı dekorasiyanın müəllifi isə Mario Martone. Gözəl aktyor ansamblı və təkrarsız xor truppası. Dünya miqyasında ən yüksək səviyyəli tamaşabütün bunların fonunda isə bizim Yusif Eyvazov. Baxmayaraq ki, o, Milan səhnəsində ilk dəfə çıxış edirdi. Həmyerlimiz ilk notlardan özünə inamlı, dinamik çalarlarla dolu, hədsiz zərif və incəliklərlə poetik Şenye obrazını tamamlaya bilirdi. Anna Netrebko isə yüksək performansı ilə əsl sənət örnəyi nümayiş etdirdi. Bu, unudulmaz duet idi. Əgər ilk premyeranın finalında tamaşaçılar 11 dəqiqə alqış etmişdilərsə, bu dəfə alqışlar 30 dəqiqə aktyorları səhnədə saxladı. Əsl opera melomanları həmin gecə gənc azərbaycanlı müğənnini ayaq üstə sürəkli alqışlarla təbrik edirdilər. Bu tamamilə fantastik bir səhnə idi. Səhnəyə yaxınlaşa bilməyənlər ifaçını gül yağışına tutmuşdular. Bütün səhnə güllərə qərq olmuşdu. Bu unudulmaz səhnəni milli qürur hisləri keçirmədən izləmək qeyri-mümkün idi...”.

   Komitə sədri belə möhtəşəmliyə görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin təşəkkürünü bildirir: “Çünki gənc istedadlara göstərilən diqqət və qayğı nəticəsində onlar layiqli təhsil ala və belə yüksəkliklərə qalxmaq imkanı qazana bilirlər. Sevindirici hallardan biriodur ki, “Dünyanın ən yaxşı tenorları” kitabında Yusif Eyvazovun yaradıcılığını əks etdirən səhifə də yer alıb. Sonda isə onu bildirmək istərdim ki, Anna NetrebkoYusif Eyvazov bu gün dünyanın ən tanınmış ifaçılarıdır. Onların öz pərəstişkar ordusu var. Bu pərəstişkarlar onların bütün dünya turlarını izləyir, öz kumirlərini tək qoymurlar. Çox arzulayıram ki, bu pərəstişkarlar sırasında klassik musiqini sevən azərbaycanlılar da yer alsın”.

   Yazıda o da qeyd olunur ki, fevralın 1-də Monakoda Anna NetrebkoYusif Eyvazov böyük konsert proqramı ilə çıxış edəcəklər. Konsertdə dünya operasının hit əsərləri - C.Verdi, F.Cilea, E.Curtis, A.Dvorjak, C.Puççini, P.Sorozabol kimi məşhur bəstəkarların əsərlərindən parçalar səslənəcək.

 

 

 

 Yeri gəlmişkən:

   Yusif Eyvazov Kral Opera Teatrında çıxış edəcək

  

   Martın 25-dən aprelin 10-dək London Kral Opera Teatrında C.VerdininMaqbetoperası nümayiş etdiriləcək.

   Martın 25-də, 28-də, 31-də aprelin 4-də operada Makdufun partiyasını Azərbaycanın Əməkdar artisti Yusif Eyvazov (tenor) ifa edəcək.

   Karyerasına İtaliyanın teatrkonsert zallarında başlamış Y.Eyvazov 2008-ci ildə Milanda Opera müğənnilərinin beynəlxalq müsabiqəsinin Qran-pri mükafatına layiq görülüb. 2012-ci ildə Bakıda Vokalçıların Bülbül adına VI Beynəlxalq müsabiqəsinin qalibi olub.

 

Mədəniyyət.- 2017.- 24 yanvar.- S.8.