Milyonçu və zəngin mənəviyyat
sahibi
Hacı Zeynalabdin Tağıyevin xatirə muzeyindən
təəssürat
Bakı milyonçusu, böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin adı Azərbaycan tarixinə xalqının maariflənməsi, mədəni inkişafı üçün gördüyü nəcib işlərlə həkk olunub. Dövrünün ən tanınmış şəxsiyyətlərindən biri olsa da, təvəllüd tarixi faktiki olaraq naməlumdur, yəni nə ili, nə günü dəqiq bəllidir. Bir sıra mənbələrdə yanvar ayında dünyaya gəldiyi bildirilir, doğum ili isə 1823 də göstərilir, 1838 də. Amma bu illərin hansı birini götürsək, bu il Tağıyevin yubileyi (195 və ya 180 illiyi) sayılır. Biz də bu vəsilə ilə məşhur neftxudanın indi muzey olan evinə baş çəkdik...
Tarixlə bağlı muzeyləri ziyarət edəndə tamamilə ayrı havaya düşür, özünü sanki illərin, əsrlərin o tayında hiss edirsən. AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyi isə mənim aləmimdə ölkəmizin zəngin tarixi-mədəni keçmişi ilə maraqlanan hər kəs üçün heyrətamiz məkandır. Qeyd etdiyim kimi, muzeyin yerləşdiyi bina Hacı Zeynalabdin Tağıyevin və ailəsinin yaşayış evi olub. Bakı şəhərinin baş memarı olmuş İosif Vikentyeviç Qoslavskinin (1865-1904) layihəsi əsasında inşa edilən “Tağıyev sarayı” paytaxtımızın ən gözəl binalarından biridir.
Binaya daxil oluruq. Bələdçi xanım bizə yaxınlaşaraq özünü təqdim edir: Qənirə Qafarlı. İkinci mərtəbəyə qalxırıq. Qənirə xanım muzey haqqında bilgi verir. Bildirir ki, 1920-ci ildə yaradılan muzeyin fəaliyyət göstərdiyi bina 1896-cı ildə inşa edilib.
Prezident İlham Əliyevin tapşırığı ilə əsaslı təmir-bərpadan sonra 2007-ci ilin 29 dekabrında açılışı keçirilən bu məkanda məşhur xeyriyyəçinin xatirəsini əbədiləşdirmək məqsədilə Tağıyevin 9 otaqdan ibarət xatirə muzeyi yaradılıb.
Xatirə muzeyindəki otaqların, əşyaların, mebelin bərpası ilə məşğul olan Azərbaycan və İtaliya mütəxəssisləri Tağıyevin ailəvi fotoalbomu əsasında otaqların əvvəlki görkəmini bərpa ediblər. Muzeydə onun iş kabineti, Şərq zalı, kitabxana, bilyard otağı, yemək otağı, məlumat otağı, Sona xanım Tağıyevanın bəzək otağı, yataq otağı, təmizlik otağı yer alıb.
Böyük xidmətlər qarşılığında sifariş verilən portret
Xatirə muzeyinin ekspozisiyası milli mesenatın iş kabinetindən başlayır. Kabinet özünün sadə gözəlliyi ilə seçilir. Divarları qırmızı ağacdan düzəldilmiş panellərlə və naxışlı tünd-yaşıl divar kağızı ilə bəzədilib. Burada Hacının kitab şkafı, yazı stolu, kreslo, stul və dolabla yanaşı köhnə ailəvi fotoalbom əsasında hazırlanmış digər əşyalar da var. Kitab şkafında Rusiya imperiyasının qanunlar toplusu, məlumat kitabları, ensiklopediyalar saxlanılır.
Öyrənirik ki, səhərlər kabinetdə Hacının köməkçiləri yerli, Rusiya, Avropa, eləcə də Şərq ölkələrində çıxan qəzetlərdən onu maraqlandıran məqalələri oxuyar və dünyada baş verən hadisələrdən xəbərdar edərmişlər. Yazı stolunun arxasındakı divarda Tağıyevin öz şəkil kolleksiyasından İran hökmdarları Nadir şah Əfşar və Fətəli şah Qacarın, solda isə Rusiya imperatoru II Nikolay və xanımı Aleksandra Fyodorovnanın portretləri asılıb. Kabinetin pəncərələri ilə üzbəüz divarda isə rəssam Ayvazovskinin “Dənizdə fırtına” əsəri asılıb. Hacının İran şahı Müzəffərəddinlə görüşünü əks etdirən portret də ev sahibinin yaşadığı günlərdə olduğu kimi əvvəlki yerində qərar tutub.
Qarşımızda Tağıyevin bir portreti qoyulub. Əsərin maraqlı tarixçəsi
var. Bakıda orta texniki məktəbin binasının tikilməsində
göstərdiyi xidmətlərə,
maddi yardıma görə Bakı Şəhər Duması onun portretinin sifariş edilməsi barədə qərar verib. Əsər 1912-ci ildə görkəmli
rəssam İ.Brodski tərəfindən çəkilib.
Burada Tağıyevin təltif edildiyi bütün medal və ordenlər əks olunub. Onların arasında Rusiyanın “Müqəddəs Stanislav”
ordeni, “Səyinə görə” üç qızıl medal, İranın
“Şiri-xurşid” ordeni,
Buxara “Qızıl ulduz”u vardır.
Qızılla yazılmış ayələr
İş kabinetindən Şərq
zalına keçirik.
Sarayın iki ən böyük zalından biri olan Şərq
zalı gözəlliyi
və möhtəşəmliyi
ilə diqqət çəkir. Burada rəsmi
qəbullar, müşavirələr
və təntənəli
mərasimlər keçirilib.
Qapıları qoz, fıstıq,
armud ağaclarından
hazırlanmış zal
xüsusi zövqlə
bəzədilib. Burada
şəbəkəli stol və stullar, royal, kreslolar və s. qoyulub. Zalın tavanına Qurandan ayələr həkk olunub.
Bələdçi deyir ki, bu yazı və
bəzəklərə 9 kiloqram
qızıl işlədilib.
Nəhəng çilçıraq və güzgülərin
üzərindəki bralar
zalı işıqlandırmaqla
bərabər, onun gözəlliyini daha da artırır. Pəncərələrin şüşələrində
Tağıyevin ərəb
hərfləri ilə
adı və soyadı yazılıb.
Zalın
müxtəlif hissələrində
rast gəlinən və müsəlman memarlığında geniş
işlədilən altıguşəli
ulduz Süleyman peyğəmbərin üzüyünün
qaşı formasındadır.
İnanca görə, o, insanı
pis nəzərlərdən
qoruyur.
Tağıyev ölkəmizdə nəşriyyat
sahəsinin inkişafına
töhfələr verib
Sütunlu tağların altından
keçərək Hacının
kitabxanasına daxil olduq. Qənirə xanım bildirir
ki, ölkəmizdə
maarifçiliyin tərəqqisi
üçün böyük
səy və xidmətlər göstərən
Tağıyevin vəsaiti
hesabına görkəmli
yazıçı və
şairlərin, tarixçilərin
əsərləri çap
olunub. O, “Kaspi” qəzetini almış və onun sahibi
olmuşdu. Quran Azərbaycan dilində ilk dəfə həmin qəzetin nəşriyyatında
çap edilib. Azərbaycanda “Nəşri-maarif”,
“Nicat” və başqa xeyriyyə cəmiyyətlərinin fəaliyyət
göstərməsində onun
böyük əməyi
olub. Kitabxanada ağ rəngli,
yumşaq, ipək oturacaqlı mebel dəsti, iki taxta stol, stul
və kreslolar, kitab şkafları yerləşdirilib. Şkaflarda Rusiya
imperiyasının qanunlar
topluları saxlanılır.
Buradakı xalça və
pərdələr otağa
xüsusi yaraşıq
verir.
Tağıyev zəngin mənəvi
aləmə malik olub. Onun böyük rəsm
kolleksiyası varmış.
Axşamlar musiqi zümzümə
edərək Qərbi
Avropa və rus rəssamlarının əsərlərinə baxıb
zövq alarmış.
Hətta
Parisə səfəri
zamanı Tağıyevi
yalnız işgüzar
heyət deyil, həm də muğam üçlüyü
müşayiət edib.
O, şöhrət naminə,
yaxud əcnəbilərə
təsirli imic yaratmaq üçün deyil, məhz mənəvi tələbat
baxımından Avropa
səfərinə özü
ilə musiqiçilər
dəstəsi götürərmiş.
Muğamı qəlbən duyması,
dəyərləndirməsi, onun qarşısında hər müğənninin
oxumağa cürət
etməməyi Hacının
təkcə kamil muğam biliciliyindən deyil, nəcib mənəviyyatından, ümumən
daxili estetik potensialından xəbər
verib.
* * *
Yemək otağının divarlarına çəkilən
məxməri ipək
parça göz oxşayır. Ortada uzun
düzbucaqlı masa və ətrafına oturacağı məxmərdən
olan stullar qoyulub. Şkaflarda Tağıyevin Fransadan
gətirdiyi xörək
dəsti, gümüş
bıçaqlar, büllur
qədəhlər qoyulub.
Otaqda həmçinin qoz
ağacından düzəldilən,
gözəl ornamentli böyük bufet də yer alıb.
Bufetdən soldakı qapı ziyarətçiləri
monitor olan otağa aparır. Hacının həyat və
fəaliyyəti ilə
maraqlananlar burada quraşdırılan monitordan
ətraflı məlumat
əldə edə bilirlər.
Sona xanımla xoşbəxt illər
İndi isə Tağıyevin həyat yoldaşı Sona xanıma məxsus kiçik qonaq otağındayıq. Məlum olduğu kimi görkəmli xeyriyyəçi iki dəfə ailə qurub. İkinci həyat yoldaşı Sona xanım general Balakişi bəy Ərəblinskinin qızı olub. Zeynəb xanımla birinci nikahdan onun üç övladı dünyaya gəlib. Sona xanımın Hacı ilə nikahı 1896-cı ildə bağlanıb. Aralarında xeyli yaş fərqinin olmasına baxmayaraq, onlar çox xoşbəxt olublar. Həmin nikahdan onların beş övladı doğulub.
Sona xanımın qonaq otağı gözəlliyi və orijinallığı ilə fərqlənir. Tavan fiqurlu və güzgülü lövhəciklərdən quraşdırılıb. Divarlar rəngarəng naxışlarla bəzədilib. Mərkəzdə orijinal dəyirmi divan yerləşir. Onun üstündə lampa üçün yer var. Burada həmçinin dördguşə naxışlı stollar, yumşaq kreslolar və stullar qoyulub. Yataq otağı iki hissədən ibarətdir. Onları bir-birindən şəbəkəli taxta arakəsmə ayırır. Birinci hissədə yuxarısı hündür, naxışlı ikiyataqlı çarpayı və dolab yerləşir. İkinci hissədə isə kiçik və dəyirmi stol, divan və kreslolar, gözəl hazırlanmış stullar, eləcə də otaq boyu xalça və pərdələr bu məkanın gözəlliyini daha da artırır.
Buxara əmirinin hədiyyəsi
Bələdçimiz ev-muzeyinin ekspozisiyasına yeni vitrin əlavə olunduğunu bildirdi. Qeyd etdi ki, vitrində Tağıyevə məxsus Quran qabı və dini kitablar nümayiş olunur. Gümüşdən hazırlanan Quran qabı sonra qızıl suyuna çəkilərək mina və qiymətli daşlarla bəzədilib. Şərq naxışları fonunda mərkəzi dəyirmi medalyonda mahir zərgərlər 7 iri və 6 kiçik yaqut daşı, 8 zümrüd daşı, ikinci medalyonda isə 8 iri, 6 kiçik yaqut, 6 zümrüd daşı yerləşdiriblər. Çəkisi 1850 qram olan qabın üzərində ərəb əlifbası ilə “Buxareyi şərif töhfə” (“Buxara hökmdarının hədiyyəsi”) yazısı və “1225” təqvim ili göstərilib. Vitrində həmçinin iki ədəd islam dəyərlərini izah edən “Kəşf-ül həqaiq” (“Həqiqətlərin kəşfi”) kitabları qoyulub...
* * *
Bu ziyarətimiz Hacı Zeynalabdin Tağıyev haqqında bilgilərimizi genişləndirməklə yanaşı, böyük xeyriyyəçinin mənəvi dünyasının zənginliyi ilə tanış olmağımıza şərait yaratdı. Oxucularımızın da bu maraqlı məkanı ən azı bir dəfə görmək arzusu ilə
Savalan
Fərəcov
Mədəniyyət.- 2017.- 24
yanvar.- S.10.