Şəhidlərimizin xatirəsi
Türkiyədə silsilə tədbirlərlə yad edilib
Xəbər verdiyimiz kimi, Türkiyədə 20 Yanvar faciəsinin 28-ci ildönümü münasibətilə anım tədbirləri keçirilib.
Yanvarın 19-da Azərbaycanın Ankaradakı səfirliyi və Türkiyənin Yerli Düşüncə Dərnəyinin birgə təşkil etdikləri “Qərənfilin ağısı - 20 Yanvar” xatirə proqramı Türkiyə Milli Kitabxanasında gerçəkləşdi. Əvvəlcə foyedə qurulan 20 Yanvarla bağlı fotosərgiyə baxış keçirildi.
Azərbaycan və Türkiyə şəhidləri bir dəqiqəlik sükutla yad edildi, iki dövlətin himnləri səsləndi. Sonra Qanlı Yanvar gecəsi çəkilmiş dəhşətli kadrları əks etdirən “Qərənfilin ağısı - 20 Yanvar” sənədli filmi nümayiş olundu.
Açılış nitqini Yerli Düşüncə Dərnəyinin sədri, millət vəkili Mətin Gündoğdu etdi.
Sonra Türkiyə-Azərbaycan Parlamentlərarası dostluq qrupunun sədri, professor Necdet Ünüvar çıxış edərək 20 Yanvarın tarixi, Bakıda sovet qoşunlarının törətdiyi qırğının Türkiyədə yaratdığı əks-sədadan danışdı.
Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim gənclik illərinə təsadüf edən o illərin acı xatirələrini bölüşdü, bu hadisənin Azərbaycan xalqının müstəqillik mübarizəsinin şanlı səhifəsi olduğunu dedi.
Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu çıxışında dedi: “Tarix bizə göstərir ki, başınıza gətirilənləri unutmayın. Unutsanız, yenə o hadisələr təkrarlanar, baş verər...” Azərbaycan xalqının zaman-zaman məruz qaldığı qırğınlardan bu gün müxtəlif coğrafiyalarda müsəlmanların üzləşdiyi qırğınlar və savaşlaradək tarixi ekskurs edən Y.Topçu nitqini Azərbaycanın Xalq şairi Xəlil Rzanın “Azadlığı istəmirəm zərrə-zərrə, qram-qram” şeirindən misralarla bitirdi.
90-cı illərin əvvəlində Azərbaycanda azadlıq hərəkatının iştirakçısı Xanım Xəlilova, Ankara Universiteti Hüquq fakültəsinin müəllimi Cavid Abdullazadə mövzu ilə bağlı fikirlərini bölüşdülər.
Sonda Azərbaycanın Xalq artisti, hər iki ölkənin sevimli sənətkarı Azərin çıxış edərək gənclik dövrlərinə düşən 20 Yanvar hadisələrindən danışdı, şair Xəlil Rzanın şeirini söylədi.
* * *
20 Yanvar şəhidlərinin xatirəsi Ankarada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Dərnəyinin təşkil etdiyi tədbirdə də anıldı.
Mərasimdə dərnəyin sədri Cəmil Ünal, sədr müavini Oktay Erol, professor Nəsib Nəsibli, Ankarada fəaliyyət göstərən TOOB Universitetinin dosenti Səriyyə Gəncəli çıxış etdilər. Çıxışlarda bir fikir xüsusi vurğulandı ki, 20 Yanvar Azərbaycan xalqının hüznlə, kədərlə deyil, qürurla anmalı olduğu bir tarixdir.
Sonda şair Hanlar Hoca və Karslı Ozan Özkaya şeir söyləyərək şəhidləri yad etdilər.
* * *
Azərbaycan Respublikasının İstanbuldakı baş konsulluğu 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar şəhər metrosunun “Yeni Qapı” qovşağında “Qanlı Yanvar” adlı fotosərgi təşkil edib. Sərgidə 20 Yanvar faciəsinin dəhşətlərini əks etdirən fotolar nümayiş olunub.
Eyniadlı sərgi yanvarın 17-dən 20-dək Mərmərə Universitetində də təşkil olunub. İstanbulda Türkiyə Azərbaycan Dərnəyinin (İSTAD) təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib. Tədbirdə Qanlı Yanvar gecəsinin dəhşətlərini əks etdirən sənədli film nümayiş olunub.
İSTAD-ın sədri Səfər Qaraqoyunlu, professor Adil Allahverdiyev, Türkiyə-Azərbaycan İş Adamları Dərnəyinin sədri Tural Qurbanov və başqaları 20 Yanvar faciəsi ilə bağlı fikir və mülahizələrini bölüşüblər.
* * *
20 Yanvar faciəsi Türkiyənin İzmir şəhərində də yad olunub. Azərbaycan Qardaşlıq və İşbirliyi Dərnəyi tərəfindən “Müstəqilliyə gedən yolda 20 Yanvar” adlı konfrans keçirilib. Azərbaycan Mədəniyyət və Dayanışma Dərnəyinin üzvləri şəhərin Bornova rayonunda sakinlərə 20 Yanvar haqqında məlumat veriblər, iki ölkənin bayraqlarını dalğalandırıb, ölkələrimizin və xalqlarımızın qardaşlığına dair şüarlar səsləndiriblər.
Mehparə Sultanova
Ankara
Mədəniyyət.- 2017.- 24
yanvar.- S.11.