Ülvi hislərin təcəssümü
“Leyli və Məcnun” - 110
Üzeyir Hacıbəyli! Artıq bu əfsanəvi insanın, əvəzsiz bəstəkarın adı zamanın mehvərindən çıxaraq əbədiyyətə qovuşmuşdur. Ulu təbiət özü əsrarəngiz musiqi səltənətinin xəzinə açarını məhz Üzeyir bəyin əllərinə etibar etmişdir. Onun yaratdığı «Leyli və Məcnun», «Koroğlu» kimi şedevrlər sanki bir bəstəkar təxəyyülünün məhsulu deyil, yüz illərdir insanlara tanış olan xalq musiqisidir.
Bu günlər 110 illik yubileyi qeyd edilən «Leyli və Məcnun» bəstəkarın ilk operasıdır. Üzeyir bəy bu əsəri 1907-ci ildə 22 yaşında ikən qələmə almış, opera ilk dəfə 1908-ci il yanvarın 25-də Hacı Zeynalabdin Tağıyevin teatrında tamaşaya qoyulmuşdur. Əsər əvvəlindən sonuna qədər gənc Üzeyir bəyin ülvi hislərinin sonsuz təcəssümüdür.
Operanın yaranması haqqında müəllif belə yazırdı: “O zaman mən ... ancaq solfecionun əsaslarını bilirdim (bunu seminariyada öyrənmişdim), harmoniya, kontrapunkt, musiqi formaları, yəni bəstəkarın bilməli olduğu şeylər haqqında isə heç bir təsəvvürüm yox idi” (Əsərləri, II cild, s. 275).
Bütün bu çətinliklərə baxmayaraq, Üzeyir bəy bu operasında Şərq muğamları ilə Qərb simfonizminin vəhdətini böyük məharətlə yaratmış, demək olar ki, onun bir dramatik bəstəkar kimi istedadı bu əsərdə parlaq təzahürünü tapmışdır. «Leyli və Məcnun» operasının hüzn və kədər yüklü ayrı-ayrı musiqi parçaları xalq arasında geniş yayılmış və müstəqil əsərlər kimi bu gün də ifa olunmaqdadır.
İlk tamaşasından bu günədək Azərbaycan xalqının ülvi məhəbbət himninə çevrilmiş bu operanın libretto müəllifi də dahi bəstəkarın özüdür.
Qeyd etməliyik ki, bəstəkarın kiçik qardaşı Ceyhun bəy Hacıbəyli də «Leyli və Məcnun» operasının meydana gəlməsində, ədəbi mətnin tərtibində yaxından iştirak etmişdir. Təsadüfi deyil ki, «Leyli və Məcnun»un ilk afişasında Üzeyir bəylə yanaşı onun da adı yazılmışdır. Əsərin ilk tamaşası haqqında Ceyhun bəyin xatirələrində oxuyuruq: “...Nəhayət, o əlamətdar gün, daha doğrusu, əlamətdar axşam gəlib çatdı. Hamımız həyəcanlanırdıq. Tamaşanın, demək olar ki, bütün çətinliyi Üzeyirin üzərinə düşürdü. O, hələ də yorulmaq bilmədən məşqlər keçirirdi...
Üzeyir dirijor çubuğunu qaldırdı və Tağıyev teatrının tamaşaçı ilə dolu zalı gərgin bir maraqla tamaşanın başlanmasının şahidi oldu. Tamaşaçılar bütün tamaşa boyu susur, hətta aktyorları alqışlamağa da cəsarət etmirdilər. Təkcə, xüsusilə sentimental tamaşaçıların gözlərindən axan yaş diqqəti cəlb edirdi. Leylinin atası öz qızını Məcnuna ərə verməkdən qəti imtina edəndə bütün tamaşaçılar həyəcanlanmışdı. Yalnız tamaşanın sonunda alqış sədaları eşidildi və əvvəldən axıradək özünü təmkinli aparmış tamaşaçılar, nəhayət, məmnunluq duyğularını, bu vaxtadək görmədikləri tamaşadan aldıqları ləzzəti ifadə etdilər.
Həvəskarların quruluşunda ilk Azərbaycan operasının tamaşası belə başlandı və belə qurtardı”.
SSRİ Xalq artisti, bəstəkar, akademik Q.Qarayev yazırdı: «Üzeyir Hacıbəylinin həyatının məqsədi irəliyə doğru hərəkət, böyük, fundamental yaradıcılıq məsələlərini həll etmək olmuşdur. Bu yüksələn xətt üzrə tərəqqi «Leyli və Məcnun» ilə bəstəkarın yaradıcılığının zirvəsi olan «Koroğlu» arasındakı böyük fərqdə xüsusilə nəzərə çarpır. Lakin «Koroğlu» nə qədər zəngin, sənətkarlıq nöqteyi-nəzərindən yüksək olsa belə, yenə də «Leyli və Məcnun» operasını kölgədə qoymur. Azərbaycan xalqının ürəyində «Leyli və Məcnun»un xüsusi yeri vardır və bu yer əbədidir. Opera səhnəmizin ən yaxşı əsərlərindən biri olan «Leyli və Məcnun» təkcə Azərbaycanda deyil, bütün yaxın Şərqdə ilk opera olmuşdur. Bu, Üzeyir Hacıbəylinin incəsənətimiz üçün misilsiz xidmətlərindən biridir”.
Üzeyir bəyin qardaşı oğlu, SSRİ Xalq artisti, dirijor Niyazi bəstəkarın bu ölməz əsərini XVII əsrdə Florensiya və Venesiya bəstəkarlıq məktəbləri nümayəndələrinin yaratdıqları ilk operalara bənzətmiş, keçmişin məşhur musiqi abidələri ilə bir sırada durduğunu söyləmişdir. Niyazi yazırdı: “...“Leyli və Məcnun” operasının yaradılmasında istedadlı bəstəkar Hacıbəyli gözəl dramaturq Hacıbəylinin köməyinə gəlmişdir».
* * *
“Leyli və Məcnun” operasının səhnə coğrafiyasının genişliyi başqa xalqların da bu əsərə böyük marağından, məhəbbətindən xəbər verir. Opera Tehran, Təbriz, Aşqabad, Tiflis və b. şəhərlərdə uğurla səhnələşdirilmişdir.
Türk tamaşaçıları Üzeyir Hacıbəylinin əsərləri ilə hələ keçən əsrin əvvəllərindən tanışdırlar. 1919-cu ildə Azərbaycan artistləri Türkiyədə qastrol səfərində olmuş, «O olmasın, bu olsun», «Arşın mal alan» operettalarını türk səhnəsində nümayiş etdirmişlər. Heç təsadüfi deyil ki, görkəmli türk yazıçısı, «Çalı quşu», «Damğa», «Dodaqdan qəlbə» əsərlərinin müəllifi böyük Rəşad Nuri Güntəkin Üzeyir bəyin əsərləri ilə tanış olduqdan sonra «Azərbaycan teatrı» adlı məqalə yazmış, bu əsərlərə ideya və sənətkarlıq baxımından yüksək qiymət vermişdi. İllər sonra türkiyəli tamaşaçılar Üzeyir Hacıbəylinin «Leyli və Məcnun» operasını da izləmək imkanı qazandılar.
2016-cı ilin yanvar ayında Üzeyir bəyin bu ölməz əsəri Ankara Dövlət Opera və Balet Teatrında professor Əflatun Nemətzadənin quruluşunda böyük uğurla tamaşaçılara təqdim olundu. Tamaşanın dirijoru professor Fəxrəddin Kərimov, baş rolları İlkin Əhmədov və Arzu Əliyeva ifa etmişdi. Onların səhnəyə hazırlanmasında Xalq artisti Mənsum İbrahimovun böyük əməyi vardır.
Bu il isə «Leyli və Məcnun» operası 110 illik yubileyi münasibətilə Rusiyanın paytaxtı Moskvada tamaşaya qoyulacaqdır...
* * *
Şərqin nadir incisi olan bu operaya ölkəmizdə daima xüsusi diqqət bəslənilir. Əsər hər zaman Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının repertuarındadır. Ötən il iyulun 30-da IX Qəbələ Beynəlxalq Musiqi Festivalının açılışında teatrın simfonik orkestrinin ifasında «Leyli və Məcnun» operası da ifa olundu. Orkestri Xalq artisti, dirijor Cavanşir Cəfərov idarə edir, baş rolları Gülyaz Məmmədova və Elnur Zeynalov ifa edirdi. Əməkdar incəsənət xadimi Hafiz Quliyevin quruluşunda səhnələşdirilmiş bu misilsiz operaya dünyanın bir çox ölkələrindən gəlmiş musiqisevərlər öz heyranlıqlarını sürəkli alqışlarla bildirdilər.
Üzeyir bəyin yubileylərində, operanın yaranmasının ildönümlərində «Leyli və Məcnun»un partituraları, klavirləri dəfələrlə dərc olunmuş, valları, lent yazıları, diskləri, vaxtaşırı işıq üzü görmüşdür. Bütün bu sadalanan nümunələrdən nüsxələr böyük bəstəkarın ev-muzeyində qorunub saxlanılır. Budur, qarşımızda əsərin yaranmasının 75 illik yubileyi münasibətilə nəşr olunmuş partitura vardır. Bəstəkar Nazim Əliverdibəyovun redaktəsi ilə 1983-cü ildə «İşıq» nəşriyyatı tərəfindən çap edilmiş bu partitura əsl sənət əsəridir. Qırmızı cildli kitabın üstü fil sümüyündən düzəldilmiş inkrustasiya, qızıl və gümüş lövhələr ilə çox nəfis şəkildə bəzədilmişdir. Bu kitab muzeydə nümayiş etdirilən ən qiymətli əşyalardan biridir.
Muzeydə «Leyli və Məcnun» operasına həsr edilmiş daha bir sənət əsəri vardır. Bu, rəssam Nəcəfqulu İsmayılovun «İki dahi» adlandırdığı misdən hazırlanmış üçhissəli kompozisiyadır. Rəssam bu triptixdə XVI əsrin dahisi Məhəmməd Füzuli ilə XX əsrin dahisi Üzeyir Hacıbəylini birlikdə təsvir etmişdir. Ortada onların müştərək əsəri olan «Leyli və Məcnun»dan bir fraqment həkk edilmişdir.
“Leyli və Məcnun” operasına ayrılmış guşədə çəhrayı ipəkdən hazırlanmış bir proqram ev-muzeyini ziyarətə gələnlərin böyük marağına səbəb olur. Bu proqram 2 yanvar 1909-cu ildə Tağıyev teatrında tamaşaya qoyulmuş operanın proqramıdır. Proqram-afişa əski əlifba ilə Azərbaycan və rus dillərində çap edilmişdir. Uzun illərin ruzigarları bu ipək afişanın rəngini soldura bilməmişdir.
Bu gün, 110 il bundan öncə olduğu kimi, «Leyli və Məcnun» operası öz sonsuz şöhrətini qoruyub saxlamaqdadır. İllər keçəcək, 22 yaşlı gənc Üzeyir qələminin məhsulu olan «Leyli və Məcnun» heç bir zaman öz təravətini itirməyəcək, azərbaycanlıların, eləcə də dünya xalqlarının musiqisevərlərinin, sevib-sevilənlərinin qəlbini hər zaman riqqətə gətirəcəkdir.
Gülnarə Ələsgərova
Üzeyir
Hacıbəylinin ev-muzeyinin Ekspozisiya və kütləvi işlər
şöbəsinin müdiri
Mədəniyyət.- 2017.- 24
yanvar.- S.12.