Şəhidlərin xatirəsi yad edilib

 

 

   Milli Kitabxananın nəzdində fəaliyyət göstərən “Açıq kitabxanada 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar kitab sərgisi və fotoqalereya təşkil edilib.

   Sərgidə Bakı şəhər 7 saylı orta məktəbin 3-cü və 8 saylı tam orta məktəbin 5-ci sinif şagirdləri və müəllimləri iştirak ediblər.

   Kitabxananın direktor müavini Ədibə İsmayılova, müəllimələrdən Tünzalə Şirinova, Gülgəz Həsənova, Nigar Əliyeva və Lalə Qurbanova 20 Yanvar hadisələri ilə bağlı şagirdlərə məlumat veriblər. Uşaqlar sərgidə nümayiş olunan nəşrlər və fotolarla tanış olublar.

   * * *

   Mingəçevir Turizm Kollecində “20 Yanvar faciəsi tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir” adlı konfrans keçirilib. Tədbirdən əvvəl tələbələrin əl işlərindən ibarət sərgiyə baxış keçirilib.

   Konfransı açıq elan edən kollecin direktoru Əyyub Əyyubov 20 Yanvarın Azərbaycan xalqının azadlıq mübarizəsindəki yerindən bəhs edib, bu günün qan yaddaşımızda hər zaman şan və şərəf simvolu kimi anılacaq tarix olduğunu vurğulayıb.

   Sonra 20 Yanvar hadisələrindən bəhs edən sənədli film nümayiş olunub. Pedaqoqlar Kifayət Əliyeva, Vüqar Nağıyev və Gülay İbrahimli mövzu ilə bağlı məruzələrlə çıxış ediblər.

   Tələbə özfəaliyyət qrupunun fəalları ədəbi-bədii kompozisiya təqdim ediblər.

   * * *

   Suraxanı Rayon İcra Hakimiyyəti Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Bakı Uşaq Teatrı ilə birgə Q.Abbasov adına Mədəniyyət evində 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş tədbir keçirib.

   Tədbirdə rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rəşad Hacıyev, Bakı Uşaq Teatrının direktoru İntiqam Soltan çıxış ediblər.

   Çıxışlardan sonra Bakı Uşaq Teatrının repertuarından “Vətən” tamaşası nümayiş olunub. Tamaşa Azərbaycanın dövlət atributlarına - Dövlət bayrağına və Dövlət himninə həsr edilib. 

 

Mədəniyyət.- 2017.- 24 yanvar.- S.13.