Aşıq Xanmusa Musayev dünyasını dəyişib
Azərbaycan aşıq sənətinə itki üz verib. Şirvan aşıq mühitinin ən görkəmli nümayəndələrindən olan ustad aşıq Xanmusa Musayev 2018-ci il yanvarın 22-də vəfat edib.
Xanmusa Musaxan oğlu Musayev 1922-ci ildə Şamaxının Şamlı kəndində anadan olub. İbtidai təhsilini bitirdikdən sonra məşhur balaban ustası İzzətalı Zülfüqarovla bərabər sənət aləminə qədəm qoyub. Aşıqlıq sənətini əvvəlcə atası Musaxan və əmisi Cənnətalıdan öyrənib, eyni zamanda aşıq Xanbaladan dərs alıb. Daha sonra isə Cəyirli ustad aşıq Abbasdan sənətin sirlərini daha mükəmməl öyrənib.
Aşıq Xanmusa uzun müddət Qobustan rayon Mədəniyyət evində aşıqlar ansamblına başçılıq edib. O, iki dəfə ümumittifaq müsabiqəsinin laureatı olub, dəfələrlə Mədəniyyət və Turizm Nazirliyinin, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin fəxri fərmanı və diplomları ilə təltif olunub.
2016-cı ilin iyulunda ölkə Prezidentinin sərəncamı ilə ona “Əməkdar mədəniyyət işçisi” fəxri adı verilib.
Aşıq Xanmusa bədii yaradıcılıqla da məşğul olub, aşıq şeirinin müxtəlif şəkillərində şeir qoşub, qəzəllər yazıb, kitabları çap olunub. Onun həyat və sənət yolundan bəhs edən “Şirvanlı aşıq Xanmusa” və “Mən getsəm də, bu dünyada qalacaqdır aşıqlığım” kitabları nəşr olunub. 2016-cı ildə Azərbaycan Aşıqlar Birliyi ona həsr olunmuş “Günümüzün ustad aşıqları: Xanmusa Musayev” adlı kitabı nəşr etdirib.
Özünəməxsus ifa tərzi ilə xalq məhəbbəti, el sevgisi qazanan aşıq dastanlarımızın gözəl bilicisi idi. Şirvan aşıq mühitinin klassik ənənələrini yaşadaraq sənətin dünəni ilə sabahı arasında mənəvi körpü rolunu oynayan sənətkar ustadlardan öyrəndiklərini böyük həvəslə gənclərə öyrədirdi.
Ustad aşıq Xanmusa Musayevin əziz xatirəsi doğmalarının, əzizlərinin və sənətsevərlərin qəlbində daim yaşayacaq.
Allah rəhmət eləsin.
Azərbaycan
Aşıqlar Birliyi
Mədəniyyət.- 2017.- 24
yanvar.- S.13.