“Nar bağı” filmi Sofiya və
Brüsseldə nümayiş olunub
Bolqarıstan paytaxtındakı Kino evində MENAR film festivalı (Sofia MENAR Film Festival) çərçivəsində Azərbaycan kinosunun 120 illik yubileyi ilə əlaqədar film gecəsi təşkil olunub.
Tədbir Azərbaycanın Bolqarıstandakı səfirliyi və Müqəddəs Kliment Oxridski adına Sofiya Universiteti nəzdində fəaliyyət göstərən Bakı Slavyan Universitetinin Azərbaycan dili və mədəniyyəti mərkəzinin birgə təşkilatçılığı ilə reallaşıb.
Tədbirdə Milli Məclisin deputatı Ağacan Abıyev, Bolqarıstanın mədəniyyət xadimləri, xarici diplomatlar, Azərbaycan diasporunun üzvləri iştirak ediblər.
Sofiya şəhərinin meri Yordanka Fandıkova tədbir iştirakçılarına təbrik məktubu ünvanlayıb.
Ölkəmizin Bolqarıstandakı səfiri Nərgiz Qurbanova çıxış edərək bu ilin Azərbaycan tarixində bir sıra yubileylərlə əlamətdar olduğunu söyləyib. Bildirib ki, 2018-ci ildə müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin 100, müsəlman dünyasında ilk opera olan “Leyli və Məcnun” operasının 110, milli teatrımızın 145 və Azərbaycan kinosunun 120 illik yubileyləri qeyd olunacaq. Diplomat əlavə edib ki, səfirlik il ərzində bu əlamətdar tarixləri bolqar tərəfdaşlarla birgə müxtəlif tədbirlər vasitəsilə qeyd edəcək.
Səfir Azərbaycan kinematoqrafiyasının zəngin tarixi olduğunu, ölkəmizdə istehsal olunan filmlərin xarici kinosevərlər tərəfindən də yüksək qiymətləndirildiyini vurğulayıb. Diqqətə çatdırılıb ki, son illər çəkilən bir çox Azərbaycan filmləri beynəlxalq festivallarda uğurla iştirak edərək mükafatlara layiq görülüb.
N.Qurbanova rejissor İlqar Nəcəfin festival çərçivəsində nümayiş olunacaq “Nar bağı” filminin süjet xətti və beynəlxalq arenada uğurları barədə məlumat verib.
Sonra “Nar bağı” filmi nümayiş olunub.
Qeyd edək ki, yanvarın 12-də başlayan
10-cu Sofiya MENAR Film Festivalı
yanvarın 28-də sona
çatacaq.
* * *
C.Cabbarlı adına "Azərbaycanfilm"
kinostudiyası və
“Buta Film" studiyasının
birgə istehsalı olan “Nar bağı” filmi Belçikanın paytaxtı Brüsseldə
Avropa İttifaqının
“Şərq Tərəfdaşlığı”
ölkələri ilə
mədəni əməkdaşlıq
proqramı çərçivəsində
“Bridges” film festivalında da
nümayiş etdirilib.
Brüssel İncəsənət Sarayında
keçirilən mərasimdə
çıxış edən
Azərbaycanın Belçikadakı
səfiri Fuad İsgəndərov ölkəmizdə
kino tarixindən söhbət açıb,
ailə faciəsindən
bəhs edən “Nar bağı” filminin diqqətəlayiq sənət
nümunəsi olduğunu
deyib.
Filmi Avropa İttifaqı qurumlarının nümayəndələri, eləcə də yerli tamaşaçı auditoriyası izləyib. Nümayişdən sonra filmin rejissoru İlqar Nəcəf sualları cavablandırıb.
Festival çərçivəsində rejissor və prodüserlərin iştirakı ilə konfrans keçirilib. Ölkəmizi konfransda təmsil edən İlqar Nəcəf milli kinematoqrafiyamızın inkişafı barədə danışıb. O, kinematoqrafiyanın imkanlarından istifadə etməklə ailə dəyərlərinin təbliğinin vacibliyini qeyd edib.
Mədəniyyət.- 2017.- 24
yanvar.- S.15.