DavosdaEkspo 2025” Dünya Sərgisinə Bakının namizədliyi ilə bağlı təqdimat

 

   Yanvarın 23-də İsveçrənin Davos şəhərindəki “InterContinental” hotelində “Ekspo 2025” Dünya Sərgisinə Bakının namizədliyi ilə bağlı təqdimat mərasimi keçirilib. Dünya İqtisadi Forumunun keçirildiyi Davosun müxtəlif guşələri “Bakı Ekspo 2025”ə həsr olunan poster və banerlərlə bəzədilmişdi.

   Təqdimat mərasimi videoproyeksiyanın nümayişi ilə başlayıb.

   Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi, Beynəlxalq Sərgilər Bürosunda Azərbaycan nümayəndə heyətinin rəhbəri Elçin Əmirbəyov mərasimdə çıxış edərək bildirib ki, Bakının təklif etdiyiİnsan kapitalını inkişaf etdirək, daha yaxşı gələcək quraqmövzusu builki Dünya İqtisadi Forumunun “Pərakəndə dünyada ümumi gələcəyin qurulması” mövzusu ilə geniş mənada üst-üstə düşür: “Biz inanırıq ki, hazırda insan kapitalının inkişafına diqqət yetirilməsinin, genişlənən qeyri-bərabərliyin azaldılmasının, iqtisadi artıma, kreativliyə və uğura nail olmaq imkanlarının yaradılmasının vaxtı çatıb”.

   Elçin Əmirbəyov çıxışında Bakının “Ekspo 2025” ilə bağlı təklif etdiyi alt mövzuların - təhsilin, məşğulluğun və səhiyyənin vacibliyiniqeyd edib. Bildirib ki, bu mövzular BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri ilə üst-üstə düşür.

   Mərasimdə “Bakı Ekspo 2025”in təqdimatına həsr olunan film nümayiş etdirilib. Filmdə ölkəmizin tarixi, mədəniyyəti və ev sahibliyi etdiyi tədbirlər barədə geniş məlumat verilib. Azərbaycan incəsənət ustalarının ifasında konsert proqramı da böyük maraqla qarşılanıb.

   Mərasim iştirakçıları arasında dövlət və özəl sektorları təmsil edən nümayəndələr, diplomatlar, təhsil və media qurumlarının əməkdaşları, müxtəlif şirkətlərin rəhbərləri vardı.

   Xatırladaq ki, Azərbaycan milli pavilyonla ilk dəfə “Milan Ekspo 2015” Dünya Sərgisində iştirak edib. Ölkəmizin “Milan Ekspo 2015”dəki pavilyonunu sərgi günlərində ziyarət edən insanların sayı 3 milyondan çox olub. Türkiyədə təşkil olunanAntalya Ekspo 2016” Beynəlxalq Botanika Sərgisində də Azərbaycanın pavilyonu iştirakçılarda böyük maraq doğurub. Astanada keçirilən “Ekspo 2017” Beynəlxalq Sərgisində isə ölkəmiz “Enerji yurdu - keçmişdən gələcəyə daşınan enerji” konsepsiyası əsasında hazırlanan pavilyonla təmsil olunub.

  

 

Mədəniyyət.- 2018.- 26 yanvar.- S.2.