Professional bəstəkarlıq məktəbimizin
başlanğıcı
Yanvarın 25-də Musiqi Mədəniyyəti Dövlət Muzeyində Azərbaycan professional bəstəkarlıq məktəbinin 110 illiyinə həsr olunan tədbir keçirildi.
Tədbiri giriş sözü ilə muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova açaraq bildirdi ki, Azərbaycanda və müsəlman Şərqində ilk opera olan “Leyli və Məcnun” dahi bəstəkar Üzeyir Hacıbəyli tərəfindən 1908-ci ildə yazılıb. Əsər həmin il yeni təqvimlə yanvar ayının 25-də səhnəyə qoyulub. Üzeyir bəyin bu ölməz əsəri yarandığı vaxtdan fasiləsiz olaraq Opera və Balet Teatrımızın repertuarındadır. Bu illər ərzində görkəmli muğam ifaçılarımız operada baş rolları - Leyli və Məcnun partiyalarını ifa ediblər və bu ənənə davam etməkdədir.
Muzeyin şöbə müdiri Xanım Abdinova Azərbaycanda opera sənətinin inkişaf tarixindən danışdı. Qeyd etdi ki, “Leyli və Məcnun” əsərinin tamaşası ilə Azərbaycan professional musiqili teatrının əsası qoyulub. Musiqili teatrın yarandığı ilk illərdə onun repertuarını böyük bəstəkarın 1908-1913-cü illərdə yaratdığı “Leyli və Məcnun”, “Şeyx Sənan”, “Əsli və Kərəm” operaları, “Ər və arvad”, “O olmasın, bu olsun”, “Arşın mal alan” musiqili komediyaları təşkil edib.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru Telman Ağdamski, bəstəkar, Əməkdar incəsənət xadimi Nərgiz Şəfiyeva çıxış edərək “Leyli və Məcnun” operasının əhəmiyyətindən danışdılar.
Bildirildi ki, bu opera ilə Azərbaycan musiqi mədəniyyətində yeni bir dövr açılır. Zamanında nəinki Şərqdə, eləcə də Avropanın bir çox ölkələrində dövri mətbuat bu mədəni hadisədən bəhs edib.
Çıxışlardan sonra bədii hissə təqdim edildi. Xalq artisti Gülyaz Məmmədova, əməkdar artistlər Səbuhi İbayev, İlahə Əfəndiyeva, Səidə Şərifəliyeva və başqaları “Leyli və Məcnun” operasından səhnə, Zülfüqar Hacıbəyovun “Aşıq Qərib” operasından duet, Üzeyir Hacıbəylinin “Koroğlu” operasından Nigarın ariyası, “Arşın mal alan” operettasından Gülçöhrənin ariyası və s. musiqi parçalarını ifa etdilər. Bütün ifalar alqışlarla qarşılandı.
Savalan
Fərəcov
Mədəniyyət.- 2018.- 26
yanvar.- S.3.