Milli azlıqların mədəni irsinə dövlət qayğısı

 

 

   Avropa Şurasında Azərbaycan nümunəsi diqqətə çatdırılıb

  

   Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasının yanvarın 23-də keçirilən iclasında Avropada məhəlli və ya azlıqların dillərinin qorunması və inkişafı ilə bağlı məsələ müzakirə olunub.  

   Müzakirələrdə çıxış edən Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov bildirib ki, milli azlıqların hüquqlarına, xüsusən də onların dillərinə hörmətlə yanaşmaq, qayğı göstərmək məsələsinə Azərbaycan çox həssas münasibət bəsləyir. Çoxmillətli, müxtəlif etnik qruplarla zəngin olan istənilən dövlətdə bu sahəyə diqqətli münasibət zəruridir. Əsrlər boyu Azərbaycanda müxtəlif etnosların nümayəndələri yaşayıb və Azərbaycan tarixən münbit multikultural mühiti ilə fərqlənən ölkə olub. Bu gün də Azərbaycan ərazisində kompakt halda yaşayanümumi sayı 30-u keçən milli azlıqlar, azsaylı xalqlar, etnik qruplardan savayı ölkədə 40-dan artıq xalqın da nümayəndələri yaşayır. Onların mədəniyyətlərinin inkişafı, xüsusən də ana dilində təhsil almaq, radioteleviziyada öz dillərində səslənən proqramları izləmək, ana dilində mütəmadi olaraq kitablar, jurnallar, dərslik və lüğətlər nəşr etdirmək imkanı var.

   Rafael Hüseynov bir mühüm məqama da toxunub ki, Azərbaycan Respublikasında 10 milyon insan yaşasa da, dünyadakı soydaşlarımızın sayı 50 milyonu ötür və təəssüf ki, bir çox hallarda xaricdə yığcam halda yaşayan milyonlarla azərbaycanlının ana dilində təhsil almaq imkanı yoxdur. Öz taleyində ana dilinə qayğının necə həssas məsələ olduğunu yaxşı bilən Azərbaycan elə bu səbəbdən də milli azlıqların dillərinə ikiqat qayğı ilə yanaşır.

   “Hansısa milli azlığa, ya milli azlığın dilinə, mədəniyyətinə qayğı göstərmək, onun inkişafı haqqında görmək müəyyən konvensiyaların şərtlərinə əməl etmək kimi deyil, səmimi olaraq ölkə həyatının vacib hadisəsi kimi qavranılanda xoş nəticələr əldə edilir. Hər dil o dildə nə qədər insanın danışmasından asılı olmayaraq həmin dili daşıyanlara nəsib olmuş ən ali sərvətdir, mahiyyətində müqəddəslik daşıyan sərvət. Sərvəti və müqəddəs olanı isə qorumaq, yaşatmaq, inkişaf etdirmək borcdur, bir insan üçün də, bir dövlətdən ötrü də”, - deyə R.Hüseynov bildirib.

 

Mədəniyyət.- 2018.- 26 yanvar.- S.3.