Həzi Aslanovun adı
qəhrəmanlıq simvoluna çevrilib
Yanvarın 22-də iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun (1910-1945) anadan olmasının 108-ci ildönümü münasibətilə generalın Lənkəran şəhərindəki ev-muzeyində anım mərasimi keçirilib.
Tədbirdə muzeyin direktoru Tamara Fətullayeva və digər çıxış edənlər görkəmli sərkərdənin II Dünya müharibəsində göstərdiyi şücaətdən, qəhrəmanlıqdan danışıblar.
Qeyd olunub ki, 1941-ci ilin iyununda müharibənin od-alovları içərisinə atılan qəhrəman həmyerlimizin komandanlıq etdiyi tank briqadası Donbas, Moskva, Xarkov, Stalinqrad, Taqanroq, Kursk və digər ərazilərin faşizmdən azad olunmasında fəal iştirak edib. Həzi Aslanov 34 yaşında Sovet İttifaqı Qəhrəmanı adına və general rütbəsinə layiq görülüb.
Tank qoşunları general-mayoru Həzi Aslanov 24 yanvar 1945-ci ildə Latviyanın Liepay rayonunda alman faşistləri ilə döyüşdə həlak olub. Onun adı qəhrəmanlıq simvoluna çevrilib. Diqqətə çatdırılıb ki, görkəmli sərkərdənin adının əbədiləşdirilməsi üçün ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Həzi Aslanovun 70 illik yubileyində Lənkəran şəhərində qəhrəmanın möhtəşəm abidəsi ucaldılıb.
"Gənc Aslanovçular klubu”nun üzvləri qəhrəmanın büstü önündə Azərbaycan şairlərinin Həzi Aslanova həsr etdikləri şeirləri söyləyiblər.
Mədəniyyət.- 2018.- 26 yanvar.- S.4.