Mədəniyyət diplomatiyası
canlandırılmalıdır
“Bakı Prosesi” mədəniyyətlər, sivilizasiyalar arasında
qarşılıqlı anlaşmanı təşviq edir
Beynəlxalq əlaqələrdə UNESCO vasitəsilə mədəniyyət diplomatiyası canlandırılmalıdır. Bu fikri Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyinin rəhbəri səfir Anar Kərimov Fransanın Beynəlxalq Əlaqələr və Strategiya İnstitutunun jurnalına müsahibəsində deyib.
Səfir müsahibəsində ölkəmizin UNESCO-ya üzv olmasının tarixindən, bu beynəlxalq qurumla əməkdaşlığından danışıb. Bundan başqa, o, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın UNESCO ilə ölkəmiz arasında münasibətlərin, eləcə də mədəniyyətin, musiqinin, təhsilin inkişafına, mədəniyyətlərarası dialoqun möhkəmlənməsinə verdiyi töhfələrdən söhbət açıb. Anar Kərimov UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın fəaliyyətinin yüksək qiymətləndirildiyini, məhz onun sayəsində bir çox mədəni və tarixi irs abidələrimizin təşkilatın irs siyahılarına daxil edildiyini diqqətə çatdırıb.
Səfir mədəniyyətlərarası dialoqun episentri olan, müxtəlif etnik qrupların mehriban ailə kimi yaşadığı Azərbaycanda hökm sürən tolerantlıq haqqında geniş məlumat verib. Prezident İlham Əliyevin “Bakı Prosesi”nin 10 illiyinin qeyd edilməsi ilə bağlı sərəncam imzaladığını vurğulayan diplomat qeyd edib ki, “Bakı Prosesi” mədəniyyətlər, sivilizasiyalar arasında qarşılıqlı anlaşmanı təşviq edir və ölkəmiz mədəniyyətlərarası dialoq platformasına çevrilib. Bakı bir neçə ildir UNESCO-nun da dəstəklədiyi Dünya Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi edir. Tolerantlığın və birgə sülh şəraitində yaşamanın Azərbaycan modeli formalaşıb və bu, bütün dünya ölkələrinə bir nümunədir.
Ölkəmizin
UNESCO layihələrində fəal iştirakından
danışan səfir Azərbaycanın 25 ildən çoxdur üzləşdiyi hərbi təcüvüzdən,
silahlı münaqişələrdə mədəni və tarixi irsin
qorunmasının əhəmiyyətindən
danışıb.
Mədəniyyət.- 2018.- 26
yanvar.- S.5.