“İpək Yolunun
üzərində italyanca
düşünən muzey”
İtaliya portalında Yanardağla
bağlı məqalə dərc olunub
İtaliyanın askanews.it xəbər portalında “Azərbaycan. İpək Yolunun üzərində italyanca düşünən muzey” sərlövhəli məqalə dərc olunub.
Məqalədə italiyalı məşhur səyyah Marko Polonun əsərlərində dünyada öz-özünə yanan mifik bir yerin mövcudluğu barədə məlumat verdiyi və həmin yerin Azərbaycanda yerləşən Yanardağ olduğu bildirilir.
Yazıda Prezident İlham Əliyevin Yanardağ qoruğunun yenidən qurulması barədə tapşırıq verdiyi diqqətə çatdırılır. Həmçinin bu məkanla bağlı azərbaycanlı və italiyalı ekspertlərin birgə hazırladığı “Enerji muzeyi” adlı layihədən bəhs olunur.
Yazıda layihənin “Yanardağ-Enerji muzeyi - Alov teatrı” adlandırılmasının ərazidə təkcə öz-özünə yanan ocaqların mövcudluğu ilə bağlı deyil, həmçinin Azərbaycanın təbii qaz yataqları ilə zəngin olmasından irəli gəldiyi bildirilir.
Məqalədə Yanardağla bağlı hazırlanmış layihədə italiyalı memar Laura Perettinin də iştirak etdiyi diqqətə çatdırılır və onun fikirlərinə istinad olunur. Memar L.Peretti “Yanardağ” layihəsinin təkcə bu ərazinin deyil, bütövlükdə Azərbaycanın inkişaf etdirilməsi arzusundan qaynaqlandığını bildirir. O, yaradılacaq kompleksin təkcə yeni muzey kimi deyil, həmçinin Landşaft rəsədxanası, bütün enerji növlərinə aid Təhsil və tədqiqat mərkəzi kimi fəaliyyət göstərə biləcəyini vurğulayır.
Yanardağı gecələr alovsaçan muzey və nadir landşafta malik yaşıl vadi adlandıran italiyalı memar layihənin Azərbaycanın tarixi, eyni zamanda enerji ehtiyatları haqqında məlumat verən ən müasir multimedial və interaktiv layihə olduğunu və onun yerləşdiyi ərazidə turizmin inkişafına töhfə verəcəyini qeyd edir.
Yazıda İtaliya və Azərbaycan İpək Yolu üzərində yerləşən və mədəni cəhətdən bir-biri ilə bağlı ölkələr kimi xarakterizə edilir. Həmçinin İtaliyanı Azərbaycanla birləşdirəcək digər amil - Trans-Adriatik boru kəməri (TAP) haqqında da danışılır.
İtaliyanın müxtəlif kütləvi informasiya vasitələrinin marağına səbəb olan məqalə ölkənin nüfuzlu xəbər saytlarından olan “Prealpina”, “Notizie Tiscali”, “Notizie Yahoo” tərəfindən də dərc olunub.
Məqalənin
tam mətni ilə aşağıdakı
linkdən tanış olmaq mümkündür:
Mədəniyyət.- 2018.- 26
yanvar.- S.9.