Ömür bir qatardır, insanlar - sərnişin

 

   ...Bu qatarın sərnişinlərinin hərəsi bir cür bədbəxtdir. Sevgilisini itirənin dərdi var, sevdiyi böyründə olanın da. Aldadanın da bəxti gətirməyib, aldananın da... Baxırsan, öz-özünə sual verirsən ki, niyə bunların bircəciyi xoşbəxt deyil? Axı, belə olmur. Ya da ki belə olmamalıdır! Bəlkə... bəlkə... xoşbəxtlər qatardan istifadə etmir? Amma yox. Nəsə düz gəlmir. Bunun adına ömür qatarı deyirlər! Bu dünyaya gələndən gedənədək hər kəs bu qatarın sərnişinidir. İstəsə , istəməsə ! Onun yaşadığı məkanda qatarlar şərqdən qərbə, qərbdən şərqə doğru getsə , heç dəmir yolu olmasa da!..

     

   Yanvarın 22-də C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı 136-cı mövsümün ilk premyerasını təqdim etdi. S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində görkəmli qırğız yazıçı-dramaturqu Mar Bayciyevin «Sonuncu reys» dramı əsasında hazırlanmış «Ömür qatarı» tamaşası nümayiş olundu.

   Əsəri Azərbaycan dilinə Əməkdar incəsənət xadimi, yazıçı-dramaturq Hidayət çevirib. Tamaşaya teatrın yeni baş rejissoru, Əməkdar artist Sərvər Əliyev quruluş verib.

   Görkəmli yazıçı-dramaturq Mar Bayciyevin əsərləri, xüsusilə dramaturgiyası milli ədəbiyyat çərçivəsini çoxdan aşıb. Öz əsərlərində zaman məkan fövqündə durmağı, sırf milli məfkurəyə sığmayan mövzulara toxunmağı bacaran müəllifin bir neçə əsəri indiyədək Azərbaycan teatrında televiziyasında səhnələşdirilib. «Ömür qatarı» adı ilə səhnəyə çıxan «Sonuncu reys» pyesinə isə, səhv etmiriksə, ölkəmizdə ilk dəfə müraciət olunur.

   Tamaşadakı hadisələr elə qatarda cərəyan edir. Bu qatarın, daha doğrusu, əsər qəhrəmanlarının yerləşdiyi vaqonun ən vacib adamı Bələdçidir (Səmayə İsmayılova). Onun sərnişinləri isə boş vaqonda bir kupeyə sığışmağa məcbur qalan Qadın (Əməkdar artist Esmiralda Şahbazova), Kişi (Tural Xəlilzadə), Qız (Şəbnəm Cəbrayılova) onun sevgilisi Leytenant (Elçin Hacıyev). Amma bu vaqonda hərbidən istefaya çıxdığından darıxdığı üçün arvadına qoşulan Bələdçinin əri (Nicat Mirzəzadə) yol gedir. Diplom işini yazdırmaq üçün qatarda Bufetçi (Rövşən Cəfərov) işləyən oğlan, bileti başqa vaqona olsa da, Yarısərxoş sərnişin (Əməkdar artist Vaqif Kərimov) bu vaqonda tez-tez görünür.

   Bəs kimdir yırğalana-yırğalana yol gedən bu sərnişinlər?

   İlk baxışdan kübar qadına, aktrisaya bənzəyən ofisiant Qadın hara getdiyini demir... Musiqi məktəbində təhsil alan Qız dəliqanlı Leytenant sevgilisi ilə anasından xeyir-dua almağa gedir...

   İşləri düz gətirməyən Kişi başını götürüb problemlərindən uzaqlaşmağa çalışır...

   Bir ayılanda özünü asmaq istəyən Yarısərxoş var ki, olan-qalan puluna Bələdçinin qanunsuz satdığı içkidən içib yaşamağa davam edir. Amma onun da əslində kim olduğunu, nədən ayılmaq istəmədiyini nəyə görə içkiyə qurşandığını bilmək üçün ikinci hissəni gözləmək lazımdır.

   Mar Bayciyevin dramaturq kimi böyüklüyü ondadır ki, tamaşaçı əsərin əvvəlində hansısa personajın aparıcı fiqur olduğunu zənn edir, əsas hadisələrin onun ətrafında cərəyan etdiyini düşünür. Amma dəqiqələr ötür, tamaşanın ağırlıq mərkəzi dəyişir, bayaqdan bəri sənin ikinci dərəcəli qəhrəman hesab etdiyin surət gəlib olur əsərin məğzini açan başlıca sima. Quruluşçu rejissor müəllifin bu məramını dəst-xəttini səliqəli nizamlı şəkildə davam etdirir. Üstəlik, əsərə etdiyi əlavələrlə, məsələn, rabitəçi Leytenantın vaqon dəhlizində dayanarkən Azərbaycanda çox məşhur sevilən mahnılardan olan «Cənab leytenant» mahnısını oxuması tamaşanın təsir gücünü artırır. Tamaşaçı zənn edir ki, əgər Leytenant bu mahnını oxumasaydı, bayaqdan bəri xoşbəxt zənn etdiyimiz Qadın sərnişin öz dərdini danışmazdı, xəyanətdə suçladığı hərbçi sevgilisinin qəfil əcəl üzündən onu axtarmadığını, indisə təsəlli üçün üzünü görmədiyi, ona baldız olmağa macal tapmamış qadının yanına getdiyini söyləməzdi...

   Amma yenə əsas qəhrəman onlar deyilmiş...

   Əgər Qız Leytenantın onu yenicə tanış olduğu Qadına dəyişdiyini zənn edib çöllükdə yolayrıcında nəfəs dərmək üçün dayanan qatardan düşüb qaçmasaydı...

   Əgər onun bu qaçışından xəbər tutan təkcə Yarısərxoş kişi olmasaydı...

   Elədə «Ömür qatarı» bizim gördüyümüz tamaşa olmazdı, səhnədən tərs şillə kimi salonun üzünə çırpılan həqiqətlərdən xəbərsiz qalardıq. Yarısərxoşun başına gələn hadisələr, Qızın təklifləri, onları bomboş çöllükdə vaxtsa buradan keçərkən dayanacaq qatarın intizarı birləşdirir, dərd ortağından daha çox gələcəyə aparan yolun qoşa yolçusuna çevirir.

   Məhz ikinci hissədə məlum olur ki, «Ömür qatarı»nın baş qəhrəmanı elə Yarısərxoş kişi imiş. Hər halda Əməkdar artist Vaqif Kərimovun öz obrazı üçün tapdığı jestlər, quruluşçu rejissorun məhz tamaşanın məramını açıqlayan mətləbləri ilk baxışdan tüfeyli təsiri bağışlayan bu qəhrəmanın xarakterinə yükləməsi bizə belə deməyə imkan verir.

   Tamaşanın quruluşuna gəlincə, rejissor müəllifin verdiyi məkanı pozmur. Yəni hadisələr elə qatarda baş verir. Kupe qapılarının səhnədə azca o tərəf-bu tərəfə sürüşdürülməsi, aktyorların qatar səsinin taktına uyğun olaraq yırğalanaraq hərəkət etməsi, səndirləyərək gəzişməsi səhnədəki genişliyə baxmayaraq dar kupedə, qatarda yol getmək effekti yaradırdı. Bütün bunlar tamaşanın texniki tərəfi. Təbii ki, S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində cəmi bircə texniki məşq etmiş kollektivin çıxışında hansısa sapıntılar, mizan çaşqınlığı ola bilərdi. Lakin kollektivin inamlı oyunu, quruluşçu rejissor Sərvər Əliyevin və tərtibatçı rəssam Vahid Mürsəliyevin kifayət qədər sadə priyomlardan istifadə etməklə «Ömür qatarı» üçün seçdikləri səhnə yozumu belə xətaları görünməz etdi.

   Əslində, bu tamaşada adamların, hadisələrin, hislərin bir-birinə qarışması, hətta ilk baxışdan nəyisə anlamağın qəlizliyi tamaşaçını «görək nə olur?» sualı ilə sonadək intizarda saxlayır. «Ömür qatarı» səhnədən salona belə ismarış göndərir: insan həyatında ən böyük təhlükə - həyatın çətin məqamlarında özünə və ətrafındakılara ümidin və inamın itirilməsidir. Əsərin ideyası Yarısərxoşun monoloqu, sevgilisinin ona xəyanət etdiyinə inandığı üçün saflığa, məhəbbətə inamını itirmiş Qızla dialoqları ilə tamaşaçıya çatdırılır.

   Ömrünün çoxunu yaşamış xəstə Yarısərxoş gənc Qıza belə bir məsləhət verir. İnsanların çoxunun ehtiyac duyduğu məsləhət: “Səni anlayanlar həmişə səni sevəcəklər”. Bəli, məhz ANLAYANLAR sevəcək, sevənlər ANLAMAYACAQ!

   

   Gülcahan Mirməmməd

  

   P.S. Nədənsə tamaşanın adı «Bəxt qatarı» kimi yadımda qalmışdı. Yazını yazmağa başlayanda tamaşanın proqramına baxdım: «Ömür qatarı». Bəs niyə «Bəxt qatarı»? Bəlkə bu, insanların adətən bəxt olmasa, bəxtiyar yaşamağın mümkünlüyünə inanmadığına görədir ki, həm bir-birini vuran, həm də tamamlayan bu iki kəlmə yaddaşımda ilişibmiş. O ki qaldı “Ömür qatarı”na, inanırıq ki, kollektivin bu tamaşanı təkrar-təkrar oynamaqsizinseyr etmək imkanınız olacaq. Həm də «Ömür qatarı»na sərf etdiyiniz vaxta heyfiniz gəlməyəcək.

 

Mədəniyyət.- 2018.- 26 yanvar.- S.10.