Sonuncu səssiz filmimiz
Azərbaycan kinosu - 120
Görkəmli ədib Cəfər
Cabbarlı (1899-1934) Azərbaycan
dramaturgiyasının inkişafına
töhfələr verməklə
yanaşı, ölkəmizdə
kinematoqrafiyanın tərəqqisində
də müstəsna rol oynayıb. Məlumdur ki, C.Cabbarlı bir neçə bədii filmin ssenari müəllifidir.
Bu ssenarilərdən “Hacı Qara” (“Sona”), “Sevil” və “Almaz” ekranlaşdırılıb. “1905-ci ildə” ilə
“Yaşar”ın ssenariləri
isə arxivdə saxlanılır. Bu yazıda “Almaz” (1936) tammetrajlı bədii filmindən söz açacağıq.
C.Cabbarlı böyük dramaturq
olmaqla bərabər, həm də kino dilini bilən
bacarıqlı ssenarist,
rejissor olub. Kino tarixçisi, Əməkdar incəsənət
xadimi Aydın Kazımzadə onun ssenarilərini dinamik və kino sənəti
üçün çox
xarakterik hesab edir. Ədib dövri mətbuatda
dərc etdirdiyi “Almaz” ssenarisini nə üçün yazdım?” məqaləsində
pyesin ekran variantını qələmə
almaq səbəblərindən
söz açıb.
Bildirib ki, Pedaqoji Texnikumu
və digər tədris müəssisələrini
bitirən gənclər
çox vaxt ucqar dağ rayonlarında müəllim
işləməkdən imtina
edirlər. Bəzən
də kiminin valideyni, kiminin də adaxlısı buna icazə vermir... O, məqaləsində
respublikanın ucqar yaşayış məntəqələrinə
işləməyə gedən
gənc qızları
ayıq-sayıq olmağa
çağırır...
* * *
C.Cabbarlı hələ sağ ikən “Almaz” filminin çəkilişlərinə
hazırlıq işləri
(iyun 1934-cü il) görülür.
O, Almaz rolunda çəiləcək qız
sorağında Bakının
kənd və məhəllələrini gəzir.
Nəhayət, Sovetski məhəlləsində
bir ailə ilə dil tapır.
Qızın atası ilə
xeyli söhbət aparır və valideynlər qızlarının
kinoya çəkilməsi
təklifini qəbul edirlər. Ancaq qızın nişanlısı
bu çəkilişə
razılıq vermir.
Kor-peşman geri dönən dramaturq səhəri gün qəzetdə dərc olunan məqaləsində
yazır: “...Dünyaya
işıq verməyən
günəş, kimsəyə
görsənməyən gözəllik
kimə və nəyə lazımdır!”
Dramaturq “Almaz”ın çəkilişi
ilə bağlı yaradıcı qrupu müəyyən edir. Hətta aktyorlar arasında sınaq çəkilişləri
də aparır.
Səhnə ustalarından ibarət
gözəl aktyor ansamblı yaradır.
Xeyri Əmirzadəyə
Kərim, Əlisəttar
Məlikova Barat, Ələkbər
Hüseynzadəyə Hacı
Əhməd, İsmayıl
Hidayətzadəyə Şərif,
Panfilya Tanailidiyə Fatmanisə, Əli Qurbanova Aftil, Əzizə Məmmədovaya
Telli, Mirzağa Əliyevə Mirzə Səməndər, Ələsgər
Ələkbərova Fuad,
Əhməd Qəmərlinskiyə
kənd sovetinin sədri rollarını tapşırır. Almaz roluna
“Sevil” filmində baş rolu oynamış
İzzət Orucovanı,
Yaxşı roluna isə öz qardaşı qızı Mələk xanımı təsdiq edir.
Cabbarlı filmi çəkəcəyi
naturanı da müəyyənləşdirmişdi. Yaradıcı qrupla birgə
Şamaxı rayonunun Dədəgünəş kəndinə
gedib çəkiliş
üçün yer seçmişdi. Lakin
dramaturqun 1934-cü ilin
31 dekabrında qəfil
ölümü onun bu işini yarımçıq
qoyur...
C.Cabbarlının ölümündən sonra filmin çəkilişi
quruluşçu rejissorlar
Ağarza Quliyev və Qriqori Braginskiyə tapşırılır.
Mələk xanım roldan
imtina etdiyi üçün Yaxşı
obrazı aktrisa Hökümə Qurbanovaya
həvalə olunur.
* * *
Filmdə sosialist quruluşunun
inkişafı və möhkəmləndirilməsi yolunda
qarşıya çıxan
çətinliklərdən bəhs olunur. Eyni zamanda kollektivləşmə
dövründə ucqarlarda
gedən sinfi mübarizədən, belə
çətin vaxtda kəndə işləməyə
gələn gənc müəllimə Almazın
keşməkeşli həyat
yolundan söz açılır.
Almaz 1930-cu ildə Azərbaycanın
ucqar dağ kəndi olan Sarıtorpaq yaşayış
məntəqəsinə işləmək
üçün gedir.
İlk günlərdən gənc
müəllimənin gəlişinə
sevinən, ona kömək edəcək adamlar olur. Bunlar yoxsul Aftil, arvadı,
komsomolçu Barat və
kənd qızı Yaxşıdır. Kənd ağsaqqalı
Hacı Əhməd isə müəlliməyə
“məsləhətləri” ilə yardım edir.
Müəllimə kəndin qadınlarına kömək etmək məqsədilə xalçaçılıq arteli təşkil etmək istəyir. Hacı Əhməd bu təşəbbüsü alqışlayır. Ancaq ilk gündən Almaza ədavətlə yanaşan məktəb müdiri Mirzə Səməndər hanaları məktəbin həyətinə yığmağı qadağan edir. Hacı Əhməd isə xalçaçılıq arteli üçün boş qalmış məscidi Almaza göstərir. Almaz məscid binasını artel üçün tutmağa hazırlaşdığı vaxtda kənd qadınları və qocalar buna razı olmurlar. Hətta müqavimət göstərməyə təşəbbüs edirlər. Lakin gənc müəllimə haqq işi uğrunda vuruşduğunu bilir və mübarizə meydanından qaçmır.
İstər mövzu, istərsə də qaldırılan problemlərin həlli baxımından “Almaz” filmi öz dövrü üçün aktual olub. Bu ekran işi Azərbaycan kinosunun sonuncu səssiz filmidir. İki variantda çəkilən filmin birinci variantı tam səssizdir. İkinci variantda isə yalnız musiqidən istifadə edilib. Filmin musiqisini bəstəkarlar Niyazi və Zülfüqar Hacıbəyov yazıb.
Respublikanın o dövr mədəni həyatında əlamətdar hadisəyə çevrilən film haqqında dövri mətbuatda müxtəlif müsbət fikirlər söylənilib. Kinoşünas N.Hacınskaya film haqqında yazır: “Almaz” filmi azərbaycanlı qadın obrazının təcəssümündə kino tarixində yeni səhifə idi... Almaz özü üçün deyil, başqalarından ötrü mübarizə aparırdı... Azərbaycan filmlərində qəhrəman qadın obrazının sonrakı inkişafı artıq başqa vəziyyətlərlə, başqa dövrlə bağlıdır”.
Görkəmli gürcü rejissoru Nikolay Şengelaya ssenari və baş qəhrəman Almaz haqda deyib: “Mən təsdiq edirəm ki, bu, dramaturji əsərlərdən biridir... Şübhəsiz bu əsərə quruluş verilməlidir. Çünki bu, dolğun əsərdir. Əsərdə qəhrəman qadın fiquru qabardılıb. Mənə sovet kinematoqrafiyasında qəhrəman qadın fiqurunun adını çəkə bilərsinizmi?”
Beləliklə, sonuncu səssiz filmimiz Azərbaycan mədəniyyətində böyük səs-səda doğura bilmişdi. Mütəxəssislərin fikrincə, film respublikamızda kinonun sonrakı inkişafına da öz müsbət təsirini göstərib.
Savalan Fərəcov
Mədəniyyət.- 2018.- 26
yanvar.- S.11.