Qoboyun Azərbaycan hekayəsini yazan sənətkar
Kamil Cəlilov: “Musiqi insanın mənəvi aləminin zənginliyidir. İnsan bu zənginlikdən xalqın xeyrinə istifadə etməyi bacarmalıdır”
Milli musiqi alətlərimiz siyahısında yer almayan xarici alətlərdə musiqimizin, muğamlarımızın səsləndirilməsi artıq qeyri-adi hal sayılmır. Bu bir tərəfdən musiqimizin zənginliyi kimi dəyərləndirilirsə, digər tərəfdən ifaçılarımızın peşəkarlığı ilə bağlıdır.
Muğamı, milli musiqini öz sədaları ilə tamaşaçıya çatdıran, həm də sevdirən belə alətlərdən biri qoboy, onu nəfəsi ilə cana gətirən ifaçı isə Xalq artisti, “Şöhrət” ordenli sənətkar Kamil Cəlilovdur. Qocaman sənətkarla 80 illik yubileyi ərəfəsində görüşdük. Əsasən simfonik orkestrdə ifa olunan qoboy alətini solo ifa edən, onu özününküləşdirməyi bacaran sənətkarla söhbətimiz zamanı çox mətləblərdən danışdıq.
Kamil Cəlilova böyük hörmət qazandıran, onu xalqa sevdirən qoboy alətində sadəcə ifa etməsi deyil, ona milli ruh verməsidir. Söhbətimiz zamanı öyrənirəm ki, o, keçmişinə bağlı insandır. Kamil müəllim musiqiyə istiqamətlənməsində irsiyyətin rol oynadığını deyir:
- Musiqiyə həvəsim bəlkə də ulularımdan gəlir. Babam Kərbəlayı Qurbanəli 109 yaşında dünyasını dəyişib. O, muğamı, musiqini gözəl bilirmiş, atam Seyid Əzim Şirvanidən, Füzulidən qəsidələr oxuyardı və kənd sakinləri onun ifasını diqqətlə dinləyərdi. Ustad muğam ifaçısı Nəriman Əliyev dayım oğludur. Bu gün ifa etdiyim “Zəminxarə” həmin illərin nişanəsidir. Atamdan qalıb o xallar, ifam zamanı uşaq yaşlarımda atamı dinlədiyim məqamlar canlanır gözlərim önündə. Sanki o illərin ruhu, xatirələri hopur ifalarıma...
Qəribə musiqi alətinin səsi...
Kamil Cəlil oğlu Cəlilov 1938-ci il yanvarın 29-da Bakının Buzovna kəndində anadan olub. 1953-cü ildə 1 saylı musiqi məktəbində təhsil almağa başlayıb. İlk olaraq əlinə aldığı musiqi aləti nağara olub. Deyir ki, musiqi məktəbində təsadüfən eşitdiyi musiqi alətinin səsi onu öz cazibəsinə salıb: “Qonşumuz Zaur qarmonda ifa etsə də, musiqi məktəbində fortepiano sinfində oxuyurdu. Bir gün onunla həmin musiqi məktəbinə getdim. O, sinif otağına girdi. Mən isə dəhlizdə onu gözləyirdim. Qoboyun səsini ilk dəfə o gün eşitdim. Otaqların birindən qəribə musiqi alətinin səsi gəlirdi. Səs gələn tərəfə getdim və sinfin qapısını açıb həzin səsi bir xeyli dinlədim. Gördüm ortaboylu bir kişi zurnaya oxşayan bir alətdə ifa edir. Demə, müəllim məni görürmüş. Marağımı görüb “Bu alətdə çalmaq istəyirsən” deyə soruşdu. Təbii ki, ani olaraq “bəli” dedim. Beləliklə, məni yoxlayandan sonra həmin musiqi məktəbinin qoboy sinfinə qəbul etdilər. Dostum Zaur Əliyev isə sonradan pianoçu kimi məşhurlaşdı”.
Kamil Cəlilov 5 illik təhsili 2 ilə başa vuraraq 1955-ci ildə A.Zeynallı adına Musiqi Texnikumuna, 1959-cu ildə isə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasına (indiki Bakı Musiqi Akademiyası) daxil olur. Beləliklə də Azərbaycan musiqi tarixində yeni bir səhifə - Kamil Cəlilov sənətkarlığı mərhələsi başlanır. Tələbəlik illərindən başlayaraq o, bəstəkar əsərləri ilə yanaşı, xalq musiqilərimizi, muğamlarımızı da repertuarına daxil edir.
Müəllimini kövrəldən ifa
- Kamil müəllim, Avropa mənşəli qoboy alətini Azərbaycan xalqına sevdirdiniz. “Zəminxarə”, “Segah”, “Bayatı-Kürd” muğamları, “Azərbaycan təranələri” əcnəbi alətlə necə doğmalaşdı?
- İlk olaraq onu qeyd edim ki, “Azərbaycan təranələri” mənim öz bəstəmdir və o vaxt bu kompozisiyanı ümummilli lider Heydər Əliyevə həsr etmişdim. Ulu öndər mənim ifamı yüksək qiymətləndirərək demişdi: “Kamil Cəlilovun ifasında “Azərbaycan təranələri”ni dinləyəndə elə bil Azərbaycan xəritəsi gəlir gözlərimin önünə. Sanki zirvədə dayanıb Azərbaycanı seyr edirəm. Kamil Cəlilov virtuoz, yaradıcı, novator sənətkardır”. Ümummilli liderin bu fikirlərini həmişə sənətimə verilən ən yüksək dəyər kimi qəbul etmişəm. Əlbəttə ki, asanlıqla heç bir işə nail olmaq olmaz. Qoboyun səslənməsi çətin məsələdir. Mən bu aləti özünəməxsus dəyişiklik edərək öz üslubuma uyğun təkmilləşdirmişəm. Müəllimim vaxtilə Üzeyir bəyin Kazandan dəvət etdiyi Vasili Knyazkov idi. İlk dəfə onun üçün Hendelin “Qoboy və fortepiano üçün “Mi minor” əsərini ifa edəndə kövrəldiyini gördüm. Yaxşı yadımdadır, mən bu ifa zamanı əsərə milli xallar da əlavə etmişdim.
- Musiqini hobbiniz, həyat tərziniz adlandırırsınız...
- Bəli, mən həmişə dostlarıma sevgimi, düşmənlərə nifrətimi ifalarım və musiqilərimlə bildirmişəm. Musiqi insanın mənəvi aləminin zənginliyidir. İnsan bu zənginlikdən xalqın xeyrinə istifadə etməyi bacarmalıdır.
- 20 Yanvar faciəsindən sonra sizin ifalar sanki
xalqa bir təsəlli oldu...
- Hər dəfə 20 Yanvar hadisələrinin ildönümündə
özüm də ifalarımın dinləyicisinə
çevrilirəm. Xalqımızın bu faciəsi mənə çox pis təsir etmişdi. Həmin ifalarımı lentə
aldıranda belə bir faciənin olacağı heç ağlıma da gəlməzdi. Yeganə təsəllim
ifalarımın xalqın
ağrılarına müəyyən
qədər təsir etməsidir. Azərbaycan Televiziyası
və Radiosunun musiqi redaksiyalarında redaktorlar məsləhətləşiblər
ki, Kamilin ifası ağrılı,
yanıqlıdır, o musiqilər
olsa, yaxşı olar. Ona görə 20 Yanvar
hadisələrinin ildönümlərində
radiolarda, telekanallarda,
Şəhidlər xiyabanında
mənim musiqilərim
səslənir. “Zəminxarə”mə qulaq
asan neçə ana təsəlli, toxtaqlıq tapıb.
Faciənin törədildiyi ilk günlərdə insanlar mənə zəng edir, öz razılıqlarını
bildirirdilər. Əzizlərini itirən insanların harayını, nisgilini qoboy vasitəsilə bütün dünyaya çatdırmışam.
Dəfələrlə sənətçi dostlarımla cəbhə bölgələrində əsgərlərimizlə
görüşə getmişəm.
Onların mənəvi zövqünü
oxşamaq, ifalarımla
mübarizlik hislərini
artırmağı özümə
borc bilmişəm.
- Pedaqoji fəaliyyətiniz dövründə
qoboyu sizin qədər sevən “ikinci Kamil”i tapa bilmədiniz...
- 20 ilə yaxın müddətdə
15 nömrəli musiqi
məktəbində və
Azərbaycan Milli Konservatoriyası tərkibində
İncəsənət gimnaziyasında
fəaliyyət göstərdim.
Amma, çox təəssüf
ki, qeyd etdiyiniz kimi, qoboyu mənim qədər sevən bir şagirdim olmadı. Bəziləri məni yeni
qoboy ifaçıları
yetişdirməməkdə qınayır. Amma şagirdlərim
bu alətin nazını mənim qədər çəkə
bilmədilər. Şagirdlərimdən konservatoriyanı bitirib simfonik orkestrdə çalışanlar var. Lakin
bir qismi notla çalmağı bacarmadı, bir qismi də qoboyda
xalq musiqisini öyrənə bilmədi.
Bunun üçün sənətə
sevgi və istedad vəhdət təşkil etməlidir.
- Müəllifi
olduğunuz çoxsaylı
əsərlərin yaranma
tarixçələri də
maraqlı olar...
- “Azərbaycan
təranələri”ndən sonra “Çahargah ahəngi” yaradıcılığımda
mühüm yeri olan musiqilərdəndir.
Bu melodiya ilə
1976-cı ildə Filippində
keçirilən beynəlxalq
musiqi festivalında laureat adını qazandım. Daha sonralar “Çahargah rəngi”, “Segah rəngi”, “Kənani”, “Nuranım” adlı melodiyalarım da yarandı ki, hər biri dinləyicilər
tərəfindən maraqla
qəbul edildi.
- Yəqin ki, ilk qastrol səfərinizi xatırlayırsınız?
- İlk
qastrol səfərim
1962-ci ildə Latviyaya
olmuşdu. Həmin səfərə
Müslüm Maqomayev də bizimlə getmişdi. Dünyanın bir çox
ölkələrində görkəmli
sənətkarlarımızla səfərlərdə olmuş,
Azərbaycan musiqisini təmsil etmişik. Bilirsiniz ki, uzun müddət
görkəmli musiqiçi,
unudulmaz pianoçu Gülarə Əliyevanın
rəhbərlik etdiyi
“Dan ulduzu” ansamblında
çalışmışam. Bu ansamblın yaranmasında
yaxından iştirak etmişəm. Təkcə respublikamızda
deyil, Hindistan, Finlandiya, Əlcəzair, İtaliya və digər ölkələrdə
qastrol səfərlərində
olmuşuq. Çıxışlarımız hər zaman
alqışlarla qarşılanıb.
- Kamil müəllim, yubileyinizə
necə hazırlaşırsınız?
- İnsanın
öz sağlamlığını
qoruması özü
də bir istedad tələb edir. Allahın verdiyi əmanəti
qorumaq lazımdır.
Pul və şöhrəti lazım olmayan yerlərə xərcləyən
insanlar sağlamlığa
fikir vermirlər.
80 il ömür
yaşamaq üçün
sağlam həyat tərzi keçirmək lazımdır. Pis vərdişlərdən uzaq olmaq, xeyirxah
olmaq, sadəlik - bütün bunlar, məncə, vacib şərtlərdir. Tanrı sənə
bu həyatı veribsə, onu yalnız əmanət kimi qoruyaraq, yaxşı əməllərə
sahib olmaqla yaşamalısan.
Şükür Allaha, şikayətim
yoxdur. Həccə getmişəm, namaz
qılıram. Şükürlü bəndələrdənəm.
80 illik yubileyimi qeyd etməyə şərait yaratdığına görə Mədəniyyət və Turizm Nazirliyinə minnətdarlığımı bildirirəm. Allahın izni ilə mart ayının əvvəlində sənət dostlarımın iştirakı ilə yubiley tədbirinin keçirilməsi nəzərdə tutulur.
“Kamilin qoboyunu dinləmək
birbaşa təbiəti dinləməkdir”
Bu fikirlər mərhum Xalq şairi Zəlimxan Yaquba məxsusdur. Onu da qeyd edək ki, Kamil Cəlilovun sənəti haqqında böyük sənətkarlar gözəl fikirlər səsləndiriblər. SSRİ xalq artistləri Qara Qarayev, Niyazi, Fikrət Əmirov, Arif Məlikov, Nikolay Nekrasov və digər musiqi xadimləri onun yaradıcılığını yüksək qiymətləndiriblər. Kamil müəllim haqqında bu fikirlər sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızının 2017-ci ildə işıq üzü görmüş “Kamilin sənət dünyası” kitabında yer alıb.
Akademik Vasim Məmmədəliyev: “Kamil muğam və rəqslərimizlə yanaşı, aşıq musiqimizi, çətin aşıq havalarını da qoboyda böyük məharətlə ifa edir. Saz üstündə yaranmış qədim ozan havalarımız Kamilin ifasında çox doğma səslənir”.
Xalq şairi Məmməd Araz: “Kamil Cəlilov qoboyu götürəndə adama elə gəlir ki, o, ürəyini qoboya söykəyib. Kamil Cəlilov qoboyda hansı muğamı çalırsa-çalsın, onun barmaqları səsin sehrinə oyanır və onun qeyri-adi nöqtəsinə toxunur”.
Xalq artisti, bəstəkar Cövdət Hacıyev: “Kamil əsl yaradıcı sənətkardır. O, əsəri olduğu kimi götürüb çalmır. Əsərə özünün çalarlarını, fikir və düşüncələrini, yeni musiqi parçaları əlavə edir”.
Qocaman sənətkarımızı 80 yaşı münasibətilə təbrik edir, cansağlığı arzulayırıq.
Lalə Azəri
Mədəniyyət.- 2018.- 26 yanvar.- S.12.