Mədəniyyət və turizm
naziri Xırdalanda vətəndaşlarla görüşüb
“Ötən
dövr mədəniyyət və turizm sahələrində çalışan insanlar üçün
maraqlı, eyni zamanda
zəhmətlə, nailiyyətlərlə zəngin illər olub”
Mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri hər ay şəhər və rayonlarda əhalinin qəbulunu keçirirlər. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin vətəndaşlarla növbəti görüşü yanvarın 30-da Xırdalan şəhərində gerçəkləşib.
Nazir Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində Sumqayıt şəhəri, Abşeron, Xızı, Qubadlı, Şuşa və Zəngilan rayonlarının sakinlərini qəbul edib.
Görüşdən öncə nazir ümummilli lider Heydər Əliyevin abidəsinin önünə gül dəstəsi qoyaraq xatirəsini ehtiramla yad edib.
Qəbulda vətəndaşların müxtəlif məsələlərlə bağlı müraciətləri səslənib.
Sumqayıt sakinləri şəhərdəki Heydər Əliyev Mərkəzində ödənişli xidmətlərin göstərilməsi, “Kimyaçı” mədəniyyət sarayının nəzdində filarmoniyanın yaradılması, beynəlxalq dekorativ sənət ustalarının festivalının keçirilməsi, istedadlı gənclərin yaradıcılığının dəstəklənməsi və stimullaşdırılması məqsədilə auksion mərkəzinin təşkili, regionda fəaliyyət göstərən turizm obyektləri haqqında məlumat bazasının yaradılmasını xahiş ediblər.
Abşeron rayonundan qəbula yazılan vətəndaşların müraciətləri ümummilli lider Heydər Əliyevin 95 illik yubileyi ilə bağlı film çəkilişlərinə köməklik göstərilməsi, tanınmış kino aktyoru Bahadır Əliyevin 85 illik yubileyinin keçirilməsi, mərkəzi kitabxana üçün yeni binanın tikilməsi və işlə təmin edilməsi barədə olub.
Xızı sakinləri turizm yönümlü peşə məktəbinin yaradılması, rayonda fəaliyyət göstərən uşaq musiqi məktəbinin filialının açılması və digər məsələlərlə bağlı nazirə müraciət ediblər.
Qubadlı sakinlərinin xahişləri musiqi məktəbinə musiqi alətlərinin verilməsi, Sumqayıt şəhərində məcburi köçkünlər üçün tikilən çoxmərtəbəli binaların birinci mərtəbəsində muzey üçün yerin ayrılmasına köməklik göstərilməsi barədə olub.
Şuşa sakinləri tərəfindən "Şuşanın dağları" ansamblına xalq kollektivi adının verilməsi, musiqi alətləri ustası Musa Yaqubovun hazırladığı alətlərin təbliği, eləcə də işlə təmin olunma ilə bağlı xahişlər edilib.
Nazir Zəngilan rayonu sakinlərinin işlə təmin olunma və digər məsələlərlə bağlı müraciətlərini də dinləyib.
Qəbulda vətəndaşların müraciətlərinin bir qismi həllini tapıb, digər məsələlər araşdırılması üçün nəzarətə götürülüb və lazımi tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.
Əbülfəs Qarayev jurnalistlərə müsahibəsində ölkə başçısının tapşırığı ilə müntəzəm olaraq keçirilən bu cür görüşlərin əhəmiyyətini bir daha diqqətə çatdırıb: “Bildiyiniz kimi, hər ay ölkəmizin müxtəlif bölgələrində vətəndaşlarla görüşlər keçirilir. Onlar tərəfindən maraqlı təkliflər, müraciətlər səsləndirilir. Belə görüşlər ümumi işimizə, fəaliyyətimizə öz təsirini göstərir. Bugünkü qəbulda da bir sıra maraqlı təkliflər səsləndirildi. Sumqayıt şəhərində əl işləri festivalının keçirilməsi, musiqi məktəblərində yeni tədris sisteminin, kitabxanalarda yeni texnologiyaların tətbiqi kimi məsələlər diqqətə çatdırıldı”.
Regionlarda turizmin inkişaf etdirilməsinin dövlət başçısının daim diqqət mərkəzində olduğunu deyən Əbülfəs Qarayev bütün qəbullarda bununla bağlı səslənən təkliflərin nəzərdən keçirildiyini deyib: "Çox sevindirici haldır ki, Sumqayıt və Abşeron bölgəsi artıq turizm baxımından əlverişli məkana çevrilir. Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu iqtisadi siyasət nəticəsində ölkəmizdə nəqliyyat sisteminin təkmilləşdirilməsi, turizm sənayesinin inkişafı və digər lazımi infrastrukturun yaradılması təmin olunub. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bu bölgədə turizm zonasının yaradılması istiqamətində iş aparılır. Xarici mütəxəssislər cəlb olunub, müvafiq layihə hazırlanmaqdadır. Layihənin yay aylarına qədər hazır olması nəzərdə tutulur".
Nazir qeyd edib ki, yaxın günlərdə yanvar ayının turizm statistikası elan olunacaq. Müşahidələr göstərir ki, bu il də turizm sahəsində inkişaf qeydə alınacaq.
Mədəniyyət və Turizm Nazirliyinin yaradılmasının 12-ci ili münasibətilə jurnalistlərin təbriklərini qəbul edən Əbülfəs Qarayev bildirib ki, ötən dövr hər iki sahədə çalışan insanlar üçün maraqlı, eyni zamanda zəhmətlə, nailiyyətlərlə zəngin illər olub: “Bundan sonra da dövlət başçısının göstərdiyi etimadın doğruldulması istiqamətində öz fəaliyyətimizi quraraq ölkəmizdə mədəniyyət və turizmin inkişafına çalışacağıq”.
Fariz
Mədəniyyət.- 2018.- 31
yanvar.- S.3.