İstanbulda beynəlxalq turizm sərgisi yekunlaşıb

 

 

   Xəbər verdiyimiz kimi, yanvarın 25-dən 28-dək Türkiyənin İstanbul şəhərində Aralıq dənizi regionunun ən böyük turizm tədbiri olan “EMİTT 2018” (The East Mediterranean İnternational Travel and Tourism) sərgisi keçirilib.

   Tüyap Sərgi və Konqres Mərkəzində 22-ci dəfə keçirilən sərgidə bu il 85 ölkədən 1030-dan çox turizm şirkəti iştirak edib. Sərgidə ölkəmiz də təmsil olunub. Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin müdiri Aydın İsmiyevin rəhbərlik etdiyi heyətdə 20-yə yaxın turizm şirkəti və mehmanxana nümayəndəsi yer alıb.

   Sərgidə respublikamızın turizm imkanları 70 kvadratmetr sahədə qurulan milli stenddə nümayiş olunub. Türkiyə mediasının məlumatına görə, “EMİTT 2018”də iştirak edən Azərbaycan və digər türk dövlətlərinin stendlərinə ziyarətçilər böyük maraq göstəriblər.

   Anadolu” agentliyinə açıqlama verən nazirliyin Turizm şöbəsinin sektor müdiri Mahir Qəhrəmanov 2001-ci ildən başlayaraq Azərbaycanın “EMİTT” sərgisinə qatıldığını diqqətə çatdırıb. Qeyd edib ki, müasir infrastrukturu ilə müxtəlif növ turizm xidmətləri təklif edən ölkəmiz xaricdən daha çox turistin gəlməsinə çalışır.

   Qırğızıstanın Suverenlik Dərnəyinin nümayəndəsi Ulukman Bapaev ölkəsinin sərgidə 8 turizm şirkəti ilə təmsil olunduğunu deyib. Özbəkistanın Türkiyədəki səfirliyinin iqtisadiyyat və ticarət məsələləri üzrə müşaviri Uluğbek Azamov isə ölkəsinin dövlət səviyyəsində ilk dəfə EMİTT sərgisində iştirak etdiyini bildirib.

   Qeyd edək ki, 1997-ci ildən etibarən hər il keçirilən İstanbul sərgisi dünyanın beş ən böyük turizm sərgisindən biri hesab olunur. Türkiyə bu sərgi vasitəsilə qarşıdakı illərdə də turizm sektorundan gələn gəlirlərini artırmağı planlayır. Belə ki, 2017-ci ildə Türkiyəyə gələn turistlərin sayı 32,4 milyon nəfər olub, turizmdən əldə olunan gəlirlər isə 26 milyard dollar təşkil edib. Bu rəqəmlərin 2023-cü ildə 50 milyon nəfər turist, 50 milyard dollar gəlirə çatacağı proqnozlaşdırılır.

  

   Fariz Hüseynov

 

Mədəniyyət.- 2018.- 31 yanvar.- S.6.