Mədəniyyət və Turizm Nazirliyinin
yaradılmasının 12 ili tamam oldu
Ötən
illərin uğurları, davam edən layihələr
qarşıda hələ böyük fəaliyyət
üfüqlərinin olduğunu göstərir
Yanvarın 30-da Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin yaradılmasının 12 ili tamam oldu. 12 il əvvəl Azərbaycanın yeni inkişaf mərhələsinə qədəm qoyduğu bir dövr idi. 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin işə düşməsi ilə artan maliyyə imkanlarına mütənasib olaraq ölkədə geniş infrastruktur layihələrinə start verilmiş və eyni zamanda dövlət idarəçiliyində islahatlara zərurət yaranmışdı.
Təsadüfi deyil ki, həmin il ölkədə bir neçə yeni nazirlik fəaliyyətə başlamış, bəzi nazirliklərin fəaliyyət sahəsi və strukturunun yenilənməsi ilə bağlı qərarlar verilmişdi. Prezident İlham Əliyevin 2006-cı il 30 yanvar tarixli fərmanı ilə Mədəniyyət Nazirliyinin əsasında Mədəniyyət və Turizm Nazirliyinin yaradılması da bu istiqamətdə islahatların davamı, mədəniyyət və turizm sahələrinin idarə edilməsinin təkmilləşdirilməsi məqsədi daşıyan mühüm qərar idi.
Dövlət başçısı ertəsi gün, yanvarın 31-də Nazirlər Kabinetinin iclasında ölkənin inkişaf perspektivləri barədə danışarkən demişdir: “Bizim maliyyə imkanlarımız artır. Güclü sənaye potensialı yaradılmalı, infrastruktur layihələri həyata keçirilməlidir... Sosial və humanitar sahələrə də diqqət göstərəcəyik. Tarixi-mədəni irsimizin qorunması üçün lazımi tədbirlər görüləcəkdir. Mədəniyyət infrastrukturuna əlavə vəsait ayrılacaqdır. Bizim teatrlarımız, muzeylərimiz ən yüksək səviyyədə əsaslı təmir olunmalıdır... Görüləcək işlər çoxdur. Ölkəmizdəki sabitlik gələcək inkişafımızı müəyyən edəcəkdir”.
Təbii ki, hər bir inkişaf özündən əvvəlki təmələ söykənir. 1991-ci ildə yenidən istiqlalına qovuşan Azərbaycanın dövlət quruculuğunun müxtəlif sahələrində, o cümlədən mədəniyyət sahəsində əldə etdiyi nailiyyətlərin də təməli 70-80-ci illərdə ümummilli lider Heydər Əliyevin respublikaya rəhbərliyi dövründə qoyulmuşdu. Ulu öndər müstəqil Azərbaycana rəhbərlik etdiyi 1993-2003-cü illərdə də daima mədəniyyətimizin himayədarı olmuş, bu sahəyə diqqət və qayğısını əsirgəməmişdir. Bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Tarixi-mədəni irsə bağlılıq və modernləşmə
Prezident İlham Əliyevin respublikaya rəhbərliyi ilk illərdən tarixi-mədəni irsə bağlılıqla bərabər, modernləşmə, qabaqcıl dünya təcrübəsinin tətbiqi və islahatlarla müşayiət olunmuşdur. Ölkə başçısının mədəniyyət və turizm sahələrində dövlət siyasətinin həyata keçirilməsini bir nazirliyin fəaliyyətində birləşdirmək qərarı da bunun nümunəsidir. Çağdaş dünyada mədəni irs, incəsənət və əyləncə sənayesi turistik məkanlar, istirahət və xidmət sektoru ilə sıx bağlı olan, eyni zamanda bir-birini tamamlayan, qarşılılıqlı inkişafı təşviq edən sahələrdir. Bu baxımdan 2006-cı ildən etibarən Azərbaycanın artan iqtisadi imkanları mədəniyyət və turizm sahələrində də uzunmüddətli proqram və layihələrə zəmin yaratmışdı.
Dövlət başçısı tərəfindən Mədəniyyət və Turizm Nazirliyi qarşısında qoyulan vəzifələr mədəniyyət obyektlərinin, ilk növbədə kütləvi nümayiş məkanları olan teatr və muzeylərin yüksək səviyyədə təmir-bərpası, ölkənin müasir inkişafını təcəssüm etdirən yeni mədəniyyət ocaqlarının yaradılması, turizm sektorunun sürətli inkişafının təşviq edilməsi və xidmət keyfiyyətinin yüksəldilməsi ilə bağlı idi. Ötən illər ərzində Prezident İlham Əliyev tərəfindən mədəniyyət və turizm sahələrinə böyük diqqət göstərilmiş, bu sahələrlə bağlı 600-dən çox fərman və sərəncam imzalanmışdır. Dövlət başçısının sərəncamları ilə təsdiq olunan proqram sənədlərdən bir qismi (“Kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə”, “2010-2014-cü illərdə turizmin inkişafına dair”) yekunlaşmış, digərləri ("Azərbaycan kinosu 2008-2018-ci illərdə", “Azərbaycan teatrı 2009-2019-cu illərdə”, “Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafı” (2014-2020-ci illər), “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”) icra edilməkdədir.
Mədəniyyətimizə diqqət və qayğıdan danışarkən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri, mədəni irsimizin himayədarı Mehriban Əliyevanın bu sahədə müstəsna xidmətlərini qeyd etmək lazımdır. Mehriban xanımın 2004-cü ildə UNESCO-nun xoşməramlı səfiri adına layiq görülməsi Azərbaycanın zəngin maddi və qeyri-maddi mədəni irs nümunələrinin dünyada tanıdılmasına yeni üfüqlər açmışdır. 2007-ci ildə Qobustan qayaüstü rəsmləri, 2009-cu ildə Azərbaycanın aşıq sənəti və ölkəmizin yaxından iştirakı ilə beynəlxalq nominasiya kimi təqdim olunan Novruz bayramı, 2010-cu ildə xalça sənətimiz, 2012-ci ildə tar ifaçılığı, 2013-cü ildə Qarabağ atları üzərində çövkən milli oyunu, 2014-cü ildə kəlağayı sənəti, 2015-ci ildə Lahıc misgərlik sənəti, 2016-cı ildə ölkəmizin Türkiyə, İran, Qazaxıstan və Qırğızıstanla birgə təqdim etdiyi lavaş - nazik çörəyin hazırlanma və paylaşma mədəniyyəti, nəhayət, 2017-ci ildə milli mətbəximizin nümunəsi olan dolmanın hazırlanma və paylaşma ənənəsi, habelə kamança musiqi alətinin hazırlanması və ifaçılıq sənəti UNESCO-nun müvafiq siyahılarına salınmışdır. Bu irs nümunələri ilə bağlı fayllar Azərbaycanın birinci xanımının dəstəyi, Mədəniyyət və Turizm Nazirliyinin, digər qurumların birgə əməkdaşlığı ilə hazırlanaraq UNESCO səviyyəsində dəstək qazanmışdır.
Sözsüz ki, Azərbaycanın irs nümunələrinə diqqət ayrılması ölkəmizin bu mötəbər təşkilatla sıx əlaqələrinin təsdiqidir. Bu kontekstdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin 2017-ci ilin yekunlarına dair kollegiya iclasında söylədiyi fikri xatırlatmaq istərdik. Nazir muğam, tar və kamança sənətinin UNESCO siyahısına daxil edilməsini musiqi sənətimiz üçün böyük önəm kəsb etdiyini vurğulamışdır: “Bu o deməkdir ki, Azərbaycan xalqına məxsus olan muğam üçlüyü - yəni xanəndə, tar və kamança ifaçılığı - bütövlükdə bəşəriyyətin mədəniyyət inciləri sırasında yer alıb. Bu, dünya musiqi ifaçılığı sənətində bənzəri olmayan hadisədir”.
Azərbaycanı dünyaya tanıdan musiqi
Musiqi sənətimizin inkişafı və təbliğindən söz düşmüşkən 2009-cu ildə Heydər Əliyev Fondu və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə əsası qoyulan “Muğam aləmi” Beynəlxalq Muğam Festivalı, Qəbələ Beynəlxalq Musiqi Festivalı və Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının əhəmiyyətini xüsusi vurğulamaq lazımdır. Bu il “Muğam aləmi” festivalı 5-ci dəfə, Üzeyir Hacıbəyli və Qəbələ festivalları 10-cu dəfə gerçəkləşərək kiçik yubileylərini qeyd edəcək. Müasir mədəniyyət tariximizə yeni səhifələr yazmış bu festivallarla yanaşı ötən müddətdə Bakı Caz Festivalı, Rostropoviç Musiqi Festivalı, “İpək Yolu” Beynəlxalq Musiqi Festivalı, Qara Qarayev Müasir Musiqi Festivalı, Vokalçıların Bülbül adına Beynəlxalq Müsabiqəsi müxtəlif ölkələrdən tanınmış ifaçıları bir araya gətirən, dünya musiqi xəritəsində Azərbaycanı tanıdan layihələrə çevrilmişdir. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Bakı Xoreoqrafiya Akademiyasının təşkilatçılığı ilə bu il ikincisi keçiriləcək Qəmər Almaszadə adına Beynəlxalq Rəqs Müsabiqəsi də bu sıraya öz adını yazmışdır.
Bu illərdə Azərbaycan musiqi sənəti dünya səhnələrini fəth etmiş, ifaçılarımız yüzlərlə sənət yarışmasında uğur qazanmışdır. TÜRKSOY-un təşəbbüsü, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Ü.Hacıbəylinin “Koroğlu” və “Leyli və Məcnun” operaları türkdilli ölkələrdən sənətçilərin iştirakı ilə tamaşaya qoyulmuş, Qara Qarayevin “Yeddi gözəl” baleti ilk dəfə ABŞ-da (2014) səhnə həyatı qazanmışdır. Şərqin ilk operası olan “Leyli və Məcnun” bu il ilk dəfə Moskvada nümayiş olunacaq.
2017-ci ildə Azərbaycan Dövlət Rəqs Ansamblının sənət salnaməsinə yeni səhifə yazılmışdır. Kollektiv nazirlik tərəfindən dəvət olunmuş məşhur xoreoqraf, Rusiyanın Xalq artisti Dikalu Muzakayevin bədii rəhbərliyi ilə hazırlanan “Mənim Azərbaycanım” adlı konsert proqramını Moskvada, bu günlərdə isə İstanbulda uğurla təqdim etmişdir. 2017-ci ildə musiqi sahəsində əlamətdar hadisələrdən biri də respublikanın ikinci böyük şəhərində - Gəncədə möhtəşəm filarmoniya binasının dövlət başçısının iştirakı ilə açılışı olmuşdur.
Teatr sənəti üçün yaddaqalan illər
Ötən dövr, o cümlədən 2017-ci il Azərbaycan teatr sənəti üçün də yaddaqalan olmuşdur. MDB məkanında ilk dəfə ölkəmizdə "Teatr və teatr fəaliyyəti haqqında" qanun (2007), habelə yuxarıda qeyd etdiyimiz “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı qəbul edilmişdir. Prezidentin müvafiq sərəncamları ilə paytaxtdakı beş teatrın (Kukla, Rus Dram, Gənc Tamaşaçılar, Milli Dram, Musiqili teatrlar), eləcə də Mingəçevir, Füzuli, Ağdam, Şəki, Sumqayıt dram, Gəncə kukla teatrlarının binaları əsaslı şəkildə təmir-bərpa olunmuş, İrəvan, Şuşa, Pantomima teatrlarına binalar verilmişdir.
Teatrların maddi-texniki bazasının yaxşılaşdırılması yaradıcı fəaliyyəti də təşviq edir. Bu illər ərzində teatr kollektivləri 30-dan çox ölkədə qastrol səfərində olmuş, onlarla beynəlxalq festivala qatılmışlar. 2017-ci ildə Milli Dram Teatrı Varnada (Bolqarıstan) festivalda, Musiqili Teatr İranda Fəcr festivalında və Azərbaycan mədəniyyəti günlərində, Dövlət Rus Dram Teatrı Rusiya Federasiyasının şəhərlərində, Gənc Tamaşaçılar Teatrı Qazaxıstanda festivalda, Tbilisi (Gürcüstan), Vladiqafqaz, Qroznı və Elista şəhərlərində (Rusiya) qastrollarda, Yuğ Teatrı Qazaxıstanda Xəzəryanı ölkələrin ilk festivalında, Mingəçevir teatrı Türkiyədə, Lənkəran teatrı İranda çıxış etmişdir.
Ölkəmiz teatrla bağlı beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edir. Bakıda ənənəvi Beynəlxalq Teatr Konfransı (2010, 2012, 2014, 2016) və Beynəlxalq Kukla Teatrları Festivalı (2011, 2013), Şəkidə “Üç məkan” Beynəlxalq Teatr Festivalı (2014, 2016) təşkil olunmuşdur. 2017-ci ildə regionlarda və Bakıda II Respublika Xalq Teatrları Festivalı keçirilmişdir. Ötən il həmçinin üçcildlik “Azərbaycan Teatr Ensiklopediyası”nın nəşrinin başa çatması ilə əlamətdar oldu. 2018-ci ildə peşəkar milli teatrımızın 145 yaşı yeni yaradıcılıq layihələri ilə geniş qeyd ediləcək.
Regionların mədəni zənginliyi
Nazirlik tərəfindən regionlarda mədəniyyət ocaqlarının yenidən qurulması, tarixi-mədəni abidələrin təmir-bərpası ilə yanaşı, bu sahədə qabaqcıl dünya təcrübəsi nəzərə alınaraq yeni proqramlar həyata keçirilir. Azərbaycanın qeyri-maddi mədəni irsinin qorunması, təbliği və təşviqi məqsədilə 2010-2014-cü illərdə reallaşdırılan “Xalq Yaradıcılığı Paytaxtları” proqramı (“əfsanələr”, “folklor”, “sənətkarlıq” nominasiyaları üzrə), 2015-ci ildə “Ədəbiyyat paytaxtı” və “Milli mətbəx paytaxtı” nominasiyalarının elan olunması bu qəbildəndir. 2015-2016-cı illərdə həyata keçirilən “Bölgələrdən paytaxta” layihəsi Bakı sakinlərini şəhər və rayonlarımızın sosial-iqtisadi inkişafı, mədəni irsi ilə tanış etmiş, layihə çərçivəsində bölgələrin el sənətkarlığını, mətbəxini, turizm potensialını əks etdirən sərgilər, bədii kollektivlərin konsertləri keçirilmişdir.
Bu illərdə bir sıra regional layihələr geniş miqyas qazanaraq beynəlxalq tədbirlərə çevrilmişdir. Qəbələdə mürəbbə, Şəkidə şirniyyat festivalları buna nümunədir. 2016-cı ildə Abşeron rayonunda, 2017-ci ildə Xaçmazda keçirilən Dolma festivalında, eləcə də nazirliyin dəstəyi və Milli Kulinariya Mərkəzinin layihəsi üzrə artıq ənənə halını almış Plov festivalında müxtəlif ölkələr təmsil olunmuşdur.
Sevindirici haldır ki, bəzi bölgələrimiz həmçinin beynəlxalq təşkilatlar formatında “mədəniyyət paytaxtı” adını qazanmışdır. 2013-cü ildə Qəbələnin “MDB-nin mədəniyyət paytaxtı”, 2016-cı ildə Şəkinin “Türk dünyasının mədəniyyət paytaxtı” seçilməsi regionlarımızın mədəni irsinin, turizm imkanlarının tanıdılmasına əlavə imkanlar açmışdır. 2017-ci ildə Şəki şəhəri UNESCO-nun “Yaradıcı şəhərlər şəbəkəsi” siyahısına salınmışdır.
Nazirlik tərəfindən “Azərbaycan - doğma diyar” devizi altında 2006, 2008, 2011, 2014 və 2016-cı illərdə keçirilmiş milli azlıqların incəsənət festivalları ölkəmizdə mədəni müxtəlifliyin nümayişi olmuşdur. Prezident tərəfindən 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili”, 2017-ci ilin “İslam həmrəyliyi ili” elan olunması respublikamızdakı mədəni zənginliyin, tolerantlıq mühitinin dünyaya təqdimatı üçün mühüm fürsət yaratmışdır.
Muzey və qoruqlarda müasir
standartların tətbiqi
Nazirlik fəaliyyətə
başlayarkən qarşıya qoyulan vəzifələr
sırasında şəhər və rayonlarda muzey şəbəkəsinin
genişləndirilməsi və müasir tələblər səviyyəsində
qurulması, tarix-mədəniyyət qoruqlarının turistik
imkanlarının inkişaf etdirilməsi də mühüm
yer tuturdu. Prezidentin ölkədə muzey
işinin yaxşılaşdırılması haqqında 2007
və 2009-cu illərdə imzaladığı sərəncamların
icrası ilə bağlı müvafiq tədbirlər həyata
keçirilmişdir. Ölkə
başçısının regionlara demək olar ki, hər səfəri
yeni muzey binasının açılışı ilə
yadda qalır.
Hazırda nazirliyin
tabeliyində 200-dən çox muzey fəaliyyət göstərir
ki, onların üçdəbiri tarix-diyarşünaslıq
muzeyləridir. Muzey işinin genişlənməsində
yerlərdə yaradılan Heydər Əliyev mərkəzləri
mühüm rol oynayır. Qobustan Milli
Tarixi-Bədii Qoruğunun yeni muzey kompleksi, Qız qalasında
yaradılan ekspozisiya müasir texnologiyaların uğurlu tətbiqinin
nəticəsidir. Bu sahədə beynəlxalq
təcrübənin öyrənilməsi və tətbiqi
istiqamətində işlər davam etdirilir. Nazirliyin Avropa İttifaqının dəstəyi və
İtaliyanın müvafiq sahə üzrə nazirliyinin
iştirakı ilə reallaşdırdığı Tvinninq
layihəsi çərçivəsində 2017-ci ildə
İtaliyaya təlim səfərləri, Bakıda muzey
işçiləri üçün treninqlər təşkil
edilmişdir. Şəhər və
rayonlardakı rəsm qalereyaları da təmir edilir, yeni
ekspozisiyalar yaradılır, bu məkanlarda müntəzəm
tədbirlər keçirilir.
Azərbaycanın zəngin
mədəni irsinin qorunub-saxlanılması daim diqqət mərkəzindədir.
Prezidentin fərmanı (2014) ilə yaradılan
Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni
İrsin Qorunması, İnkişafı və Bərpası
üzrə Dövlət Xidməti bu sahədə işlərin
kompleks şəklində həyata keçirilməsini təmin
edir. Prezidentin sərəncamları ilə 2007-ci ildə
Qobustan Dövlət Tarixi-Bədii Qoruğuna “Milli qoruq” statusu
verilmiş, Abşeron rayonunda “Yanardağ”, Ağstafa rayonunda
“Keşikçidağ”, Bakının Suraxanı rayonunda “Atəşgah
məbədi”, Quba rayonunda “Xınalıq” tarix-mədəniyyət,
tarix-memarlıq və etnoqrafiya qoruqları təşkil
edilmişdir. Nazirlik tərəfindən Tokio Universiteti və
AMEA ilə birlikdə Avey Dövlət Tarix-Mədəniyyət
Qoruğunda beşillik plan həyata keçiriləcək. Tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin
təkmilləşdirilməsi bu məkanlara turist
axınını artırır. Əgər
2016-cı ildə qoruqları 356 min nəfər ziyarət
etmişdisə, 2017-ci ildə bu rəqəm 486 min
olmuşdur.
Nəşriyyat və kitabxana
işində yeniliklər
Ötən 12 ildə
Azərbaycan kitabları nazirlik tərəfindən müxtəlif
ölkələrdə sərgi-yarmarkalarda təqdim
olunmuş, beynəlxalq müsabiqələrdə
mükafatlara layiq görülmüşdür. 2009-cu ildən etibarən nazirliyin təşkilatçılığı
ilə Bakıda ənənəvi (iki ildən bir) beynəlxalq
kitab sərgi-yarmarkası keçirilir. 2017-ci ilin
sentyabrında gerçəkləşən V Beynəlxalq
Kitab Sərgi-Yarmarkasında 100-dək yerli, xarici ölkələrdən
40-dək nəşriyyat, digər qurumlar iştirak etmiş,
yarmarka çərçivəsində çoxsaylı tədbirlər,
“Kitabxanalar üçün yeni çağırışlar,
yeni ideyalar, yeni tələblər: kitab, mütaliə,
innovasiyalar” adlı beynəlxalq elmi konfrans təşkil
olunmuşdur.
Kitabxana-informasiya sahəsi
dünyanın qabaqcıl ölkələri ilə müqayisə
ediləcək səviyyədə yenidən qurulur. Azərbaycan Milli Kitabxana-İnformasiya Mərkəzi
(AZLİBNET) yaradılmışdır. Bu
sahədə digər mühüm layihə ölkə
kitabxanalarını vahid məkanda birləşdirən mərkəzləşdirilmiş
elektron kitabxana sisteminin (ALİSA) qurulmasıdır. Nazirliyin dəstəyi ilə 2017-ci ildə ikinci dəfə
keçirilən Buktreyler festivalı kitab və mütaliənin
təbliği baxımından diqqətəlayiq hadisədir.
Kitabxana işi sahəsində
bu gün qarşıda duran başlıca vəzifə
müasir informasiya texnologiyalarının, innovativ təcrübənin
tətbiqinin sürətləndirilməsidir. Bu məqsədlə yeni layihələr həyata
keçirilir, kafe-kitabxana, “açıq kitabxana”, səyyar
kitabxana xidməti təşkil edilir.
Milli kinematoqrafın inkişafı
Arxada qalan 12 ilə nəzər
salarkən milli kino salnaməsinə də uğurlu səhifələr
yazıldığını görə bilərik. 2006-2017-ci illərdə 40-dan çox tammetrajlı,
onlarla qısametrajlı bədii film, 200-dək sənədli
ekran əsəri lentə alınmışdır. Müqayisə üçün qeyd edək ki,
1996-2005-ci illərdə 16 tammetrajlı bədii film çəkilmişdi.
Kinoda gənclərə geniş meydan
açılmış, 60-dan çox rejissor özünün
ilk ekran əsərini çəkmişdir. Filmlərimiz
40-dan artıq ölkədə beynəlxalq festivallarda
iştirak etmiş, təkcə 2017-ci ildə 15 ekran əsəri
20 ölkədə keçirilən 39 beynəlxalq festivalda
nümayiş olunaraq 19 mükafat qazanmışdır.
2009-cu ildə istifadəyə
verilən Azərbaycan Dövlət Film Fondunun binası texniki
imkanlarına görə dünyada ən müasir kino-arxiv
müəssisələrindən biridir. Əsaslı
yenidənqurma işlərindən sonra 2011-ci ildə Bakıda
Nizami Kino Mərkəzinin istifadəyə verilməsi
müasir səviyyəli kino prokatının əsasını
qoymuşdur. Təsadüfi deyil ki, dövlətin
bu sahədə nümunə olan addımından sonra yüksək
standartlara cavab verən özəl kinoteatrlar şəbəkəsi
inkişaf etməyə başlamışdır. 2017-ci il kino prokatı sahəsində əlamətdar
hadisə ilə yadda qalmış, mədəniyyət və
turizm nazirinin əmri ilə sentyabrın 15-i ölkədə
kino mövsümünün başlanğıc günü
elan olunmuş, şəhər və rayonlarda ümumilikdə
240-dan çox mədəniyyət müəssisəsində
film nümayişi təşkil edilmişdir.
Turizm sənayesi: infrastruktur, xidmət
və təbliğat
2006-cı ildə
ölkənin turizm və mədəniyyət siyasətinin
uzlaşdırılması yeni təşəkkül tapan
milli turizm sənayesinin inkişafını sürətləndirmək
məqsədi daşıyırdı. Dünya ölkələrinin
təcrübəsinə nəzər salsaq görərik ki,
turizmin inkişafı üç əsas istiqaməti ehtiva
edir: infrastruktur, xidmət keyfiyyəti və təbliğat. Azərbaycanda da bu sahədə
reallaşdırılan layihələr hər üç
istiqaməti əhatə edir. Qusar rayonu ərazisində
dövlət dəstəyi ilə regionun ən iri dağ-xizək
kompleksi - Şahdağ Turizm Mərkəzi
yaradılmışdır. Qəbələdəki
“Tufandağ” kompleksi də ölkədə qış turizminin
inkişafına töhfədir.
2010-2014-cü illərdə turizmin
inkişafına dair Dövlət Proqramının icrası,
2011-ci ilin Prezident tərəfindən “Turizm ili” elan edilməsi
ilə bağlı həyata keçirilən tədbirlər,
sonrakı illərdə ayrı-ayrı turizm növlərinin
təşviqinə yönələn layihələr bu sahədə
əsas problem olan mövsümiliyin aradan
qaldırılmasına, Azərbaycanın ilin bütün fəsillərində
cəlbedici turizm ölkəsi kimi tanınmasına zəmin
yaratmışdır.
Ölkəmizin turizm imkanları hər
il nazirliyin təşkilatçılığı,
sektor təmsilçilərinin iştirakı ilə müxtəlif
ölkələrdə sərgilərdə nümayiş
olunur. Dünyanın aparıcı
telekanallarında, media səhifələrində Azərbaycan
turizminin təbliği həyata keçirilir. Nazirliyin Birləşmiş Ərəb Əmirlikləri
(Körfəz regionu), Almaniya, Rusiya və Türkiyədə
turizm təmsilçilikləri fəaliyyət göstərir.
2001-ci ildən etibarən Bakıda keçirilən
Azərbaycan Beynəlxalq “Turizm və səyahətlər” sərgisi
(AİTF) onlarla ölkənin turizm təmsilçilərinin
işgüzar ünsiyyət platforması, eyni zamanda
respublikamızın bu sahədə potensialının təqdimat
meydanıdır.
Son iki ildə
dövlət başçısının
imzaladığı fərman və sərəncamlar turizm sənayesinin
sürətli inkişafını təmin etmişdir. 2016-cı ildən xarici turistlər üçün
“Tax free” sisteminin tətbiqi, 2017-ci ildən elektron vizaların
verilməsində yeni mərhələnin - “ASAN Viza” sisteminin
fəaliyyətə başlaması ölkəyə turist
axınına təkan vermişdir. 2016-cı ildə
xarici qonaqların sayı 11 faiz, 2017-ci ildə isə 20 faiz
artaraq 2,7 milyona çatmışdır.
2017-ci ildə fəaliyyətə
başlayan Turizm Şurası bu sahədə Mədəniyyət
və Turizm Nazirliyi və digər qurumlar arasında
koordinasiyanı həyata keçirir. Ölkə
başçısının 2016-cı il 6 dekabr tarixli fərmanı
ilə təsdiq olunan “İxtisaslaşmış turizm sənayesinin
inkişafına dair Strateji Yol Xəritəsi”nə uyğun
olaraq Turizm Şurasında çimərlik turizminin
inkişafı, yeni turizm və rekreasiya zonalarının təşkili
və s. məsələlər nəzərdən
keçirilmiş, müvafiq qərarlar qəbul olunmuşdur.
Ötən ildən Bakıda ticarət festivallarının
(“shopping festival”) keçirilməsi, bu festivallarda “Tax free”
sisteminin yerli sakinlərə də şamil edilməsi daxili
turizmin inkişafına əlavə zəmin olmuşdur.
Nazirliyin Milli Turizm Təbliğat Bürosu, Azərbaycan
Konqreslər Bürosu, bölgələrdəki
turizm-informasiya mərkəzləri çeşidli layihələr
həyata keçirirlər. Azərbaycanın
sağlamlıq turizmi imkanları beynəlxalq miqyasda
tanınmağa başlamış, Qalaaltı kurortu 2016-cı
ildən nazirliyin dəstəyi ilə “Termal şəhərlər”
beynəlxalq mədəni marşrutuna qoşulmuşdur.
Turizm sektoru
üçün peşəkar mütəxəssislərin hazırlanması
günün vacib tələblərindəndir. Hər il Azərbaycan Turizm və Menecment Universiteti,
Mingəçevir Turizm Kolleci, eləcə də Bakı Turizm
Peşə Məktəbi tərəfindən məzun olan
yüzlərlə gənc bu sahədə fəaliyyətə
başlayır. Yaxın vaxtlarda Qusar rayonunda
Şahdağ Turizm Mərkəzinin bazasında regional turizm
peşə məktəbi açılacaq.
Bədii təhsilə dövlət
qayğısı
Təhsildən
söz düşmüşkən, ötən illərdə
ölkəmizdə bədii təhsilin inkişafı, uşaq
musiqi və incəsənət məktəblərinin
maddi-texniki bazasının yaxşılaşdırılması
sahəsində görülən işləri də qeyd etməliyik.
Paytaxtda və regionlarda onlarla musiqi və incəsənət
məktəbinin yeni binaları inşa edilmiş, mövcud
binalar əsaslı təmir olunmuş və yenidən
qurulmuşdur. 2017-ci ilin dekabrında bu sıraya
paytaxtın daha iki tədris ocağı - 21 nömrəli
(Rostropoviçlər adına) və 34
nömrəli musiqi məktəbləri əlavə olundu.
Təhsil
ocaqlarında tədrisin keyfiyyətinin yüksəldilməsi,
istedadlı uşaq və gənclərin üzə
çıxarılması məqsədilə müsabiqələrin
təşkili nazirliyin fəaliyyətinin mühüm istiqamətlərindəndir.
2014-cü ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı
ilə Bakı Xoreoqrafiya Məktəbinin bazasında ümumtəhsil,
orta ixtisas və ali təhsil pilləsində
tədris verən Bakı Xoreoqrafiya Akademiyasının
yaradılması milli xoreoqrafiya sənətinin
inkişafına dövlət qayğısının bariz
nümunəsidir. Hazırda Mədəniyyət
və Turizm Nazirliyi sistemində 200-dən çox uşaq
musiqi, incəsənət və rəssamlıq məktəbində
müxtəlif ixtisaslar üzrə tədris aparılır.
Ölkəmizin dünyaya təqdimatı
Ötən 12 il
mədəni irsimizin dünyada təbliği baxımından
da əlamətdar olmuşdur. Xalça ustası Lətif Kərimovun
(2006), Ü.Hacıbəylinin “Leyli və Məcnun”
operasının (2008), “Arşın mal alan” operettasının
(2013), görkəmli yazıçı Mir Cəlal
Paşayevin (2008), Xalq rəssamı Səttar Bəhlulzadənin
(2009), Xalq yazıçısı İlyas Əfəndiyevin
(2014) 100 illik yubileyləri, böyük mütəfəkkir
Seyid Yəhya Bakuvinin vəfatının 550, şairə Məhsəti
Gəncəvinin yaradıcılığının 900 (2013),
“Kitabi-Dədə Qorqud”un alman dilinə tərcüməsi və
nəşrinin 200 illiyi (2015) UNESCO səviyyəsində qeyd
edilmişdir. UNESCO-nun 2016-2017-ci illər üzrə yubileylər
proqramında böyük şair və mütəfəkkir
İmadəddin Nəsiminin (1369-1417) vəfatının
600-cü ildönümü, almanların Cənubi Qafqaza gəlişinin
200 illiyi və görkəmli şair Molla Pənah Vaqifin
(1717-1797) 300 illik yubileyi yer almışdır. 2018-ci
ildə UNESCO-nun yubileylər proqramına dahi bəstəkar
Qara Qarayevin 100 illiyi daxil edilmişdir.
2009-cu ildə
Bakı şəhərinin “İslam mədəniyyətinin
paytaxtı” elan edilməsi Azərbaycanın zəngin mədəni
irsinin və müasir inkişafının dünyaya təqdimatı
üçün tarixi bir imkan idi. 2018-ci
ildə bu mühüm missiyanı ölkəmizin qədim mədəniyyət
mərkəzi olan Naxçıvan şəhəri davam etdirəcək.
“Bakı Prosesi” - beynəlxalq dialoq
platforması
Azərbaycan BMT, UNESCO, BMT-nin
Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı,
Avropa Şurası, Avropa İttifaqı, İSESCO, MDB,
TÜRKSOY və başqa təşkilatlarla mədəniyyət
və turizm sahəsində səmərəli əməkdaşlıq
qurmuşdur. 2008-ci ildə Prezident İlham Əliyev
tərəfindən irəli sürülən mədəniyyətlərarası
dialoqa dair “Bakı Prosesi” beynəlxalq platformaya
çevrilmişdir. Azərbaycan paytaxtı 2010-cu ildən
Beynəlxalq Humanitar Foruma, 2011-ci ildən Dünya Mədəniyyətlərarası
Dialoq Forumuna ev sahibliyi edir. 2016-cı
ildə Bakıda BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal
Forumunun keçirilməsi Azərbaycanın dünyaya sülh
mesajı oldu.
2017-ci ilin mayında
Bakıda dördüncü dəfə reallaşan Dünya Mədəniyyətlərarası
Dialoq Forumu BMT-nin hesabatında və qurumun baş katibinin
xüsusi məruzəsində dünyanın mədəniyyətlərarası
dialoq mövzusunun əsas tərkib hissəsi kimi qeyd
edilmişdir. Forumda Azərbaycan Respublikası və
BMT-nin Sivilizasiyalar Alyansı tərəfindən “Mədəniyyətlərarası
dialoqda liderlik naminə “Bakı Prosesi” mükafatı” təsis
edilmişdir. Mükafat “Bakı Prosesi”nin
10 illik yubileyi münasibətilə 2018-ci ildə təqdim
olunacaq.
Ötən illərdə nazirliyin
iştirakı ilə həyata vəsiqə alan
beynəlxalq festival, sərgi və müsabiqələr Azərbaycanı
mötəbər tədbirlərin ev sahibi kimi
tanıtmışdır. Bu sırada 2011-ci ildə əsası
qoyulan “Fusion doll” Beynəlxalq Kukla Biennalesi, 2017-ci ildə
dördüncü dəfə keçirilən Bakı Beynəlxalq
Turizm Filmləri Festivalı, ötən il
üçüncüsü gerçəkləşən
Bakı Beynəlxalq Memarlıq Müsabiqəsi, Beynəlxalq
İdman Filmləri Festivalı və s. layihələri qeyd edə
bilərik.
2015-ci ildə Bakıda keçirilən
I Avropa Oyunları, 2016-cı ildən təşkil olunan Formula
1 Azərbaycan Qran-prisi, 2017-ci ildə ev sahibliyi etdiyimiz IV
İslam Həmrəyliyi Oyunları eyni zamanda ölkəmizin
zəngin mədəni irsinin, paytaxtın turistik gözəlliyinin
tanıdılması baxımından mühüm bir fürsət
olmuşdur. 2017-ci ilin oktyabrında gerçəkləşən
Azərbaycan xalçası üzrə V Beynəlxalq simpozium
bəşəriyyətin xəzinəsində yer alan xalq sənətimizin daha bir təntənəsi
idi.
Vətəndaşlarla ünsiyyət
- problemlərin operativ həlli
Ötən il həmçinin
Mədəniyyət və Turizm Nazirliyinin yeni regional idarəetmə
sistemi üzrə fəaliyyətinin ilk ili oldu. Ölkə
başçısının 29 mart 2016-cı il
tarixli sərəncamına uyğun olaraq nazirliyin Bakı
Şəhər Mədəniyyət və Turizm Baş
İdarəsi və 15 regional idarəsi 2017-ci ildə fəaliyyətə
başlamışdır. Həyata
keçirilmiş struktur islahatları mədəniyyət və
turizm sahələrində daha çevik idarəçiliyin təmin
olunması, mədəniyyət müəssisələrinin fəaliyyətinin
optimallaşdırılması məqsədi
daşıyır.
Nazirliyin regionlarla bağlı fəaliyyətinin
günün tələbləri səviyyəsində
qurulması, mədəniyyət və turizm xidmətinin
yaxşılaşdırılması, problemlərin operativ
şəkildə aradan qaldırılması və vətəndaş
təşəbbüskarlığının təşviq
olunmasında yerlərdə əhali ilə mütəmadi
görüşlər mühüm rol oynayır. Mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri
tərəfindən bu cür qəbullar 2014-cü ildən
etibarən Prezident İlham Əliyevin
tapşırığına əsasən təşkil olunur.
Ötən müddətdə mədəniyyət
və turizm naziri Əbülfəs Qarayevin 40-dan çox şəhər
və rayonda vətəndaşlarla görüşləri
keçirilmişdir.
* * *
Ötən 12 ildə görülən işlər, əldə olunan nəticələr, davam edən layihələr qarşıda hələ böyük fəaliyyət üfüqlərinin olduğunu göstərir. Bu gün ölkəmizdə mədəniyyət və turizm sahələrinin ahəngdar inkişafının təmin olunması ilk növbədə Azərbaycan Prezidentinin bu sahələrə diqqət və qayğısının, dövlət başçısının müvafiq göstəriş və tapşırıqlarının yerinə yetirilməsi üçün çalışan on minlərlə insanın əməyinin nəticəsidir.
2018-ci il ölkəmizin həyatında mühüm hadisələrlə zəngin olacaq. Bu il Azərbaycan xalqının müsəlman Şərqində tarixə bəxş etdiyi Cümhuriyyətin əsrlik yubileyidir. Prezident İlham Əliyevin sərəncamı ilə 2018-ci il “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan olunmuşdur. Ölkə başçısı tariximizin bu şanlı səhifəsindən bəhs edərək demişdir: “Biz fəxr edirik ki, bu respublikanı Azərbaycan xalqı yaradıb və bir daha bütün dünyaya nümayiş etdirib ki, Azərbaycan xalqı böyük xalqdır, istedadlı xalqdır, azad xalqdır”.
Xalqın böyüklüyü, istedadı eyni zamanda onun mədəni irsində, dünyaya tanıdılmasında özünü göstərir. Azərbaycanın zəngin mədəniyyətinin, tarixi qonaqpərvərlik ənənələrinin daha da inkişaf etdirilməsi və layiqincə təqdim olunması üçün çalışan hər kəsə - Mədəniyyət və Turizm Nazirliyinin bütün kollektivinə, müvafiq struktur və qurumlarına bu yolda yeni uğurlar arzu edir, əlamətdar ildönümü münasibətilə ən xoş diləklərimizi çatdırırıq.
“Mədəniyyət”
Mədəniyyət.- 2018.- 31
yanvar.- S.7-8-9.