“Qoyya”nı gözləyərkən...
Baletmeysterlə
sənət söhbəti
Bu günlər maraqlı yaradıcılıq hadisəsinin ərəfəsindəyik. Fevralın 3-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Qara Qarayevin “Qoyya” baletinin premyerası keçiriləcək. Azərbaycan səhnəsində ilk dəfə tamaşaya qoyulan əsər dahi bəstəkarın 100 illik yubileyinə teatrın töhfəsi olacaq.
Balet Qara Qarayevin hələ 1971-ci ildə “Lenfilm” və “DEFA” (o vaxtkı Şərqi Almaniya) kinostudiyalarının birgə istehsalı olan eyniadlı bədii filmə yazdığı musiqi və 1979-cu ildə oğlu, görkəmli bəstəkar Fərəc Qarayev ilə birlikdə işlədiyi “Qoyya” simfoniyası əsasında yaradılıb. Baletin libretto müəllifi yazıçı Yana Temiz, quruluşçu xoreoqrafı Vasili Medvedyev, quruluşçu rəssamı Dmitri Çerbacidir. Yeri gəlmişkən, elə bu beynəlxalq miqyaslı heyət təxminən on il əvvəl bizim teatrda “Yeddi gözəl” baletinin yeni redaksiyası üzərində çalışmışdı. Odur ki, “Qoyya”nın da maraqlı və fərqli tamaşa olacağını gözləməkdə haqlıyıq.
Hələliksə, teatrda “Qoyya”nın son məşqləri gedir. Adətən balet tamaşalarının məşqlərinə kənar şəxsləri, xüsusilə də müxbirləri buraxmırlar. Çünki balet tamaşası üzərində iş hətta baş məşqdən, daxili baxışdan sonra da davam edir, jestlər, hərəkətlər premyerayadək cilalanır. Amma teatr rəhbərliyi bizə bu imkanı yaratdı və biz Estoniyanın Əməkdar artisti, Dövlət mükafatı laureatı, professor, Avropa teatrlarında onlarla tamaşaya quruluş vermiş baletmeyster Vasili Medvedyevin öz assistenti Stanislav Feço ilə apardığı məşqə baxdıq, onunla söhbət etdik.
...Güzgülü məşq salonunda “Qoyya”nın cizgiləri canlanır. Təbii ki, bura səhnə deyil, dekorasiyalar qurulmayıb, artistlər də məşq paltarındadır. Medvedyev və Feço bu dəfə tamaşanın ilk səhnələrini - artıq ömrünün sonunu yaşayan xəstə və qoca rəssamın sevgi, yaradıcılıq, intriqalar dolu gəncliyini xatırladan xəyallarının canlanmasını məşq edirlər. Budəfəki Qoyya - solist Anar Mikayılovdur. Kordebaletin bu məşqində detallar üzərində iş gedir. Baletmeyster və assistenti artistlərin piruetlərin (rəqqasın yerindəcə bir ayaq üzərində fırlanması) sayı, aplombun (hərəkəti ifa edərkən tarazlığı saxlamaq bacarığı) ardınca hansı hərəkətə keçid barədə təkliflərini diqqətlə dinləyirlər. Eyni səhnə dəfələrlə təkrarlanır. Kütləvi səhnədə kiminsə hərəkəti musiqinin taktından yayınırsa, ümumi mənzərənin nizamı pozulursa, mütləq həmin səhnə yenidən işlənilir.
Nəhayət, kordebaletin ifası baletmeysteri razı salır. O, “İkinci xəyal”
səhnəsində Qoyya
ilə onun sevgilisi, zadəgan xanım Kaetana Albanın görüşünün
məşqinə başlayır.
Yenə də Qoyya Anar
Mikayılovdur, Alba isə
- Əməkdar artist Nigar
İbrahimova. Bu səhnənin məşqi
zamanı hərəkətlərin
texniki ifasından daha çox hislərin bədən plastikası ilə çatdırılmasına diqqət
yetirilir. Hər iki
solist çox yaxşı fiziki formadadır. Sadəcə, təcrübəli pedaqoqun
kənardan baxışı
və düzəlişi
gərəkdir ki, onların qoşa çıxışı istedadlı
və çılğın
rəssamla gözəl
və cəsarətli
qadının sevgisinə
tamaşaçını inandırsın.
V.Medvedyev səbirlə hər
iki artistdən istədiyi ifanı almayınca əl çəkmir. Nigarla Anar
da bu təkrarlardan
heç usanmır, diqqətlə baletmeysterin
tələblərini yerinə
yetirirlər.
Nəhayət, məşq bitir,
bizim də intizarımızın sonu
gəlir. İndi teatrın
qonağı ilə söhbət edə bilərik.
Amma istərdik ki,
əvvəlcə onu oxucularımıza yaxından
tanıdaq.
Vasili Medvedyev 1957-ci il
dekabrın 18-də anadan
olub. A.Y.Vaqanova adına Leninqrad
Akademik Xoreoqrafiya Məktəbində təhsil
alıb. 1976-cı ildən həm balet artisti kimi
fəaliyyətə, həm
də miniatür xoreoqrafik etüdlər hazırlamağa başlayıb.
İndiki Peterburq Mixaylov
teatrının solisti
kimi böyük səhnəyə çıxsa
da, 1981-ci ildə Estoniyada çalışmağa
başlayıb. 1989-cu ildə ali
xoreoqrafiya təhsili alandan bəri həm solist, həm də baletmeyster kimi dünyanın müxtəlif
teatrları ilə əməkdaşlıq edir.
Qeyd etdiyimiz kimi, bizim teatrla işbirliyi
“Yeddi gözəl” baletinin yeni redaksiyada səhnəyə
qayıdışı ilə
başlayıb.
- Vasili, bir qədər gec də olsa,
yubileyiniz münasibətilə
təbrik edirik. Sağlam həyat, yaradıcılıq
dolu illər arzu edirik.
- Çox sağ olun.
- Söhbətimizə
bir qədər uzaqdan başlamaq istəyirik. Adətən, erkən yaşda
sənətlə məşğul
olmağa başlayan uşağın seçimini
valideyn müəyyən
edir. Bu səbəbdən
uşaqların çoxu
balet, simli alət ifaçılığı
kimi sahələrdə
tab gətirmir. Böyüklər kimi səhərdən axşamadək məşq
etmək hər uşağın işi deyil. Sizin seçiminiz necə baş verib?
- Anam danışırdı ki,
mən körpəlikdən
çox çevik, hərəkəti sevən,
barmaqları üstündə
gəzən olmuşam.
Həqiqətən də, uşaqlığımı
yadıma salanda özümü rəqs edən görürəm.
4 yaşımdan isə Leninqradın ən yaxşı pionerlər evindəki rəqs dərnəyinə
getmişəm. Dərnəkdəki müəlliməm Nona Yastrebova
Mariinsk teatrının
solisti olmuşdu.
Anama da o məsləhət görmüşdü ki, məni xoreoqrafiya məktəbinə aparsın.
Düzdür, birinci dəfə
sənədlərimi götürməyiblər
ki, çox kökəm. Amma inadla bir il hazırlaşandan sonra istəyimə çatdım. Elə o vaxtdan həyatımda
baletdən başqa bir işlə məşğul olmadım.
- Bəs sizi baletə nə bağladı?
- Yəqin ki, sənət sevgisi. Bu sevgi
mənə anamdan keçib. Anam opera müğənnisi olmaq istəyirmiş.
Gözəl səsi də
var idi. Amma müharibə onun arzularını məhv edib. Uşaqlığı mühasirədə qalan Leninqradda keçmişdi deyə, arzusu ürəyində qalmışdı. Mən baletə
həvəs göstərib
teatrı seçməklə
həm də anamın arzusunu yerinə yetirdim.
- Balet artisti kimi karyerasını
başa vuran hər kəs sənətdə qalmır.
Çünki hər yaxşı artistdən yaxşı pedaqoq, xoreoqraf çıxmır...
- Elədir. Amma bəxtim gətirib ki, Tanrı mənə rəqsi öyrətmək, qurmaq bacarığı da verib. Hələ Vaqanova adına
məktəbdə oxuyanda
müəllimlərim mənə
rəqs nömrələri
hazırlamağa icazə
verirdilər. Sonralar konservatoriyada
xoreoqrafiya, rejissorluq təhsili aldım. Buna görə də
rəqqas karyeramı başa vurandan sonra baletdən uzaqlaşmaq lazım gəlmədi.
- Bir müsahibənizdə demisiniz
ki, tamaşa, ya da rəqs
nömrəsi hazırlayarkən
ilk növbədə solistlərin
imkanlarını nəzərə
alırsınız. Bizim balet
truppasının imkanlarını
necə qiymətləndirirsiniz?
Hər necə olsa, “Qoyya” sizin Bakıda
ikinci tamaşanızdır.
- Təbii ki, ötən on il balet
truppası üçün
böyük müddətdir.
Artıq
teatrda nəsil dəyişməsi baş
verib. “Yeddi
gözəl” hazırlananda
çox gənc olanlar artıq aparıcı solistdirlər.
Bilirsiniz,
baletmeyster həmişə
solistlərin, xüsusilə
aparıcı solistlərin
qabiliyyətinin açılmasına,
onun indiyədək bəlli olmayan qabiliyyətinin üzə
çıxmasına çalışmalıdır.
Mən də solist olmuşam. O zaman xoreoqraf bacarığımı
nəzərə almayıb
öz düşündüyü
plastikanı mənə
təlqin etməyə
çalışanda dözə
bilmirdim. Bu gün
özüm də çalışıram ki,
artisti daha yaxşı tərəfdən
göstərə bilim.
Buna görə də
premyeraya lap bir dəqiqə qalanadək tamaşa üzərində
iş,
solistlərin hər bir hərəkətinin cilalanması davam edəcək.
- Sizin şəxsi saytınızla
maraqlananda gördüm
ki, hər il dünya
teatrlarında müxtəlif
baletlərə klassik
rus balet məktəbi ənənələrindən
ta avanqardadək fərqli quruluş verirsiniz. Gəlin razılaşaq ki, “Karib dənizinin quldurları” baletində Moris Petipa məktəbinin
tələblərinə riayət
etmək çox cansıxıcı olardı...
- Mən xoreoqrafiya məktəbində oxuyarkən hələ tiperatorun qarşısında çıxış etmiş qocaman balet artistlərindən dərs aldım, klassik məktəbi öyrəndim. Konservatoriyada təhsil alanda bizi müasir bəstəkarların musiqisi ilə işləməyə hazırlayırdılar. Yəni mənim üçün klassik, ya avanqard balet qurmaq çətin deyil. Təəssüf ki, ildən-ilə müasir tamaşaların sayı azalır. Teatrların çoxu tanınmayan əsəri, məşhur olmayan müəllifin baletini repertuara salmaqdan çəkinir. Amma cəsarətli teatrlar da var. Bir müddət əvvəl Skopye Opera və Balet Teatrında (Makedoniya) Litva bəstəkarı Neria Qoldberqin “Kleopatra” baletinə quruluş verdim. Bu, tamamilə yeni tamaşa idi.
- Bəs “Qoyya”?
- “Qoyya” baleti ideyası yarananda əvvəlcə eyniadlı filmin və simfoniyanın musiqisindən istifadə etməliydik. Amma bu musiqi tamaşa üçün kifayət etmədi. Odur ki, Qara Qarayevin Birinci və Üçüncü simfoniyalarından, “Skripka üçün konsert”indən istifadə etməyə qərar verdim. İlk baxışda adama elə gələr ki, bu əsərlər balet musiqisi ola bilməz. Amma Yana Temizin librettosu ilə, mənim düşündüyüm quruluşla musiqi bir-birini tamamlayır. Əvvəldən bir qədər bu məsələyə şübhə ilə yanaşanlar artıq fikirlərini dəyişiblər. Orkestrlə ilk məşqlərdə truppa sübuta yetirdi ki, onun üçün müəyyən qədər qəliz simfonik musiqini eşidib hərəkətin, plastikanın dili ilə “danışmaq” o qədər də çətin deyil.
* * *
...Vasili Medvedyev ilə söhbətimiz maraqlı keçdi. Fevralın 3-də qarşılaşacağımız “Qoyya” tamaşasının müsahibəmizdən də maraqlı keçəcəyinə inamımız artdı. Əslində belə də olmalıdır: böyük ispan rəssamının xatirəsi, dahi Azərbaycan bəstəkarının musiqisi, maraqlı quruluş və libretto, ən başlıcası, bizim teatrın tamaşası!
Gözləyirik! Təəssüratımıza gəlincə, onu mütləq sizinlə bölüşəcəyik...
Gülcahan Mirməmməd
Mədəniyyət.- 2018.- 31
yanvar.- S.11.