Bərdə zəngin tarixi abidələri ilə turistləri cəlb edir

 

   Azərbaycanda tarixən qədim şəhərlər mövcud olub, şəhər mədəniyyəti inkişaf edib. Bərdə ölkəmizin tarixində önəmli yer tutan şəhərlərdəndir. Bir zamanlar Qafqaz Albaniyasının paytaxtı olmuş Bərdə IX-X əsrin birinci yarısında çiçəklənmə dövrünü yaşayaraq, Yaxın Orta Şərqin möhtəşəm yaşayış məntəqələrindən biri kimi məşhurlaşıb.

   Həmin zəngin tarixi dövrdən günümüzə bir sıra abidələr yadigar qalıb. Bu abidələr Bərdənin qədim şəhər kimi əzəmətini təcəssüm etdirməklə yanaşı, şəhərin tarixinin aynasına çevrilərək turizm baxımından da xeyli önəm daşıyır.

   Təmir bərpası bu günlərdə başa çatdırılan Bərdə türbəsi rayonun tarixi mədəni irsinin zənginliyindən xəbər verir. 1322-ci ildə inşa olunan türbə yeraltı yerüstü hissələrdən ibarətdir. Yeraltı hissəni o dövr üçün xarakterik olan sərdabə təşkil edir. Türbənin yerüstü qatı isə xatirə abidəsidir monumental xarakter daşıyır. Türbənin ətrafında daha qədim tarixə malik Torpaqqala adlı müdafiə divarları mövcuddur.

   Bu günlərdə Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov, Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi İlyas Hacıyev türbədə aparılan təmir-bərpa işləri ilə tanış oldular. Abidənin yüksək səviyyədə bərpa olunması dövlət tərəfindən mədəni irsimizə göstərilən qayğının bariz nümunəsidir.

   Ümumiyyətlə, rayon ərazisindəki tarixi abidələr yerlixarici turistlərin böyük marağına səbəb olur. XVIII əsrə aid İbrahim məscidi, Tərtər çayı üzərində iki körpü (VII-IX əsrlər), Axsadan baba türbəsi (XIV), Şirvanlı kəndində yerləşən hamam (XVIII-XIX) və digər abidələr Bərdəyə gələn qonaqlarda unudulmaz təəssürat yaradır.

   Şəhərin qədim və zəngin mədəniyyətini təcəssüm etdirən tarixi irsin bir hissəsi Tarix-Diyarşünaslıq muzeyində sərgilənir. Turistlər bu muzeydə şəhərin tarixi, inkişafı, əhalinin məşğuliyyəti, yadellilərin basqınları haqqında geniş məlumat ala bilərlər. Bərdə Regional Mədəniyyət və Turizm İdarəsi yaradıldıqdan sonra mədəniyyət müəssisələrinin fəaliyyəti daha da gücləndirilib, xidmət səviyyəsinin yüksəldilməsi istiqamətində addımlar atılıb.

   Ölkəmizdə turizmin müxtəlif növlərinin inkişaf etdirilməsi, regionlara turist axınının gücləndirilməsi məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən yeni marşrutların yaradılması diqqət mərkəzində saxlanılır, bu istiqamətdə layihələr həyata keçirilir. Ötən il Bərdənin də daxil olduğuBeş dövrün beş paytaxtı” adlı turizm marşrutunun təqdimatı keçirildi. Bu turizm marşrutuna tarixin müxtəlif dövrlərində Azərbaycan ərazisində yaranmış dövlətlərin paytaxtı olmuş Bakı, Gəncə, Bərdə, Qəbələ və Şamaxı şəhərləri daxildir.

   Rayona gələn turistlər Bərdənin timsalında həm də son illərdə Azərbaycan bölgələrinin müasir inkişafının şahidi olurlar. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının icrası, infrastrukturun yenilənməsi bölgənin mədəni və turistik imkanlarını da artırır.

  

   Fariz Hüseynov

 

Mədəniyyət.- 2018.- 31 yanvar.- S.13.