Bis üçün
“Mavi əbədiyyət”
Neçə vaxt idi ki, paytaxt afişaları musiqisevərləri aprelin 10-da M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Qazaxıstanın populyar “Mezzo” qrupunun konsertinə dəvət edirdi. Zaman keçdi, konsertin məqamı gəldi. Afişadan boylanan dörd gülərüz cavan oğlanın konsertinə getməzdən əvvəl yüngül araşdırma apardıq.
Musiqi termini olan
“Mezzo” italyan dilində
orta, ortalıq mənasını verir. Qazaxların 2012-ci ildə yaranmış
“Mezzo” qrupu isə “qızıl ortalığı”
öz ifaçılığı
üçün əsas
götürüb. Dörd
cavan – Jasulan Sıdıkov (dramatik
tenor), Janibek Seytaxmetov
(lirik tenor), Asan Nurbergenov (bariton) və Meyrxan Janturqanov (tenor) bu gün daha
çox ehtiyac duyulan bir janrı
– klassik vokal və estrada musiqisinin sintezi olan krossover üslubunda ifaçılığı
seçiblər.
“Mezzo” Azərbaycana gələnədək
onlarla ölkədə
çıxış edib,
rəngarəng proqramları
ilə xeyli alqış qazanıb. Onların
repertuarında populyar
opera və müzikllərdən
ariyalar, bir zamanlar Enriko Karuzonun bütün dünyaya sevdirdiyi Neapol mahnıları, Frenk Sinatra, Elvis Presli, Müslüm Maqomayev,
Alessandro Safina, Andrea Boçelli,
Elton Con kimi səhnə
nəhənglərinin repertuarından
seçmələr yer
alıb...
Konsert Qazaxıstanın
Azərbaycandakı səfirliyi
tərəfindən ölkələrimiz
arasında mədəni
əlaqələri möhkəmləndirmək,
həm də qardaş ölkədə
elan edilmiş “Gənclər ili”nə töhfə vermək məqsədilə təşkil
olunmuşdu. Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi ilə baş tutan konsertdə nazir Əbülfəs Qarayev, hökumət üzvləri,
millət vəkilləri
və paytaxtdakı diplomatik korpusun nümayəndələri iştirak
edirdilər.
Konsertdən öncə Qazaxıstan
Respublikasının Azərbaycandakı
səfiri Beybit İsabayev
səhnəyə çıxaraq
salona toplaşan hər kəsi salamladı və hamıya mənalı istirahət arzuladı.
Səhnəyə çıxan ifaçılar
isə qonaqları dörd dildə – qazax, Azərbaycan, rus və ingilis
dillərində salamladıqdan
sonra oxumağa başladılar. İlk nömrə qazax
xalq mahnısı olsa da, konsertin
davamı dünya vokal sənəti incilərindən ibarət
çiçək səbətini
xatırladırdı. Ən məşhur hitlər, ilk
ifaçısından daha
uzun ömür yaşayan nəğmələr
bir-birini əvəz edirdi. Fərqli səs tembrinə malik kvartet üzvləri
mahnılar üzərində
elə mükəmməl
işləmişdilər ki,
onların çıxışı
unison ifa olaraq zövqləri oxşayır,
qulaqları dincəldirdi…
Gənclər ifalarının arasında
oxuyacaqları növbəti
mahnı barədə
də məlumat verirdilər. Lakin onların mahnıdan-mahnıya
bir keçidi Azərbaycan dinləyicisinin
diqqətini daha çox çəkdi:
“Biz bu gün ilk dəfə öz kumirimizin, görkəmli müğənni Müslüm
Maqomayevin doğma şəhərində oxuyuruq,
onun dəfələrlə
çıxış etdiyi
səhnəyə çıxmışıq.
Onun repertuarından, öz bəstəsi olan bir nəğməni bu səhnədən oxumaq şərəfli olduğu qədər çətindir”.
Məşhur “Mavi əbədiyyət”
mahnısının ilk notları
səslənən kimi
salonu minnətdarlıq alqışları
bürüdü. Həyəcan
əbəsmiş: “Mezzo” bu
nəğməni böyük
bəstəkar-ifaçının ruhuna layiq şəkildə
ifa etdi (sonradan Qazaxıstan səfirliyindən alacağımız
məlumatdan öyrənəcəkdik
ki, gənc vokalçıların səhnədəki
bu etirafı gəlişigözəl, yerli
dinləyicilərin könlünü
ələ almaq cəhdi deyilmiş: qrupun üzvləri konsertdən əvvəl Fəxri xiyabana gedərək, SSRİ Xalq
artisti Müslüm Maqomayevin məzarını
ziyarət ediblər).
Lakin bu, “Mezzo”dan bizə yeganə sürpriz deyildi. Kvartet konsertin finalında
Müslüm Maqomayevin
“Azərbaycan” mahnısını
da ifa etdi.
Lakin tamaşaçıların sürəkli
və davamlı alqışları onları
səhnədən buraxmırdı.
Nəhayət, “Mezzo” bis üçün “Mavi əbədiyyət” mahnısını yenidən
oxudu və salon yenə alqış selinə qərq oldu...
Gülcahan
MİRMƏMMƏD
Mədəniyyət.- 2019.- 12
aprel.- S.4.