Aprel zəfərinin ölməz qəhrəmanları
“Mən səninləyəm, Ana Vətən” bədii-sənədli filminin təqdimatı keçirildi
Azərbaycan Ordusunun parlaq qələbələrindən olan şanlı Aprel döyüşlərindən üç il ötür. 2016-cı il aprelin 2-də Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq, Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradaraq, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin bir hissəsini azad edib.
Aprelin 2-dən 5-dək davam edən döyüşlər müasir hərb tariximizin şanlı səhifəsi oldu. Müzəffər ordumuz Aprel döyüşləri ilə 23 ildən sonra xalqımıza qələbə sevinci yaşatdı. Lələtəpə yüksəkliyində dalğalanan bayrağımız bu zəfərin təcəssümüdür.
Aprel döyüşləri bizim böyük tarixi qələbəmizdir, müasir tariximizdə ən uğurlu hərbi əməliyyatlardan biridir.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bu sözləri aprelin 2-də Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin N saylı hərbi hissəsində hərbçilərlə görüşündə deyib.
Aprel döyüşləri zamanı Azərbaycan əsgər və zabitlərinin peşəkarlıq, qəhrəmanlıq göstərdiklərini vurğulayan Ali Baş Komandan deyib: “Aprel döyüşləri hərbi cəhətdən çox uğurlu əməliyyat idi. Çünki əlverişsiz mövqelərdən bizim hərbçilərimiz çox önəmli strateji yüksəklikləri işğalçılardan azad etmişlər. Eyni zamanda, bu döyüşlərin mənəvi-psixoloji baxımdan da böyük əhəmiyyəti vardır. Çünki uzun illər ərzində Ermənistan təbliğatı belə bir mif yaradırdı ki, onlar hərbi cəhətdən bizdən üstündür. Aprel döyüşləri bütün dünyaya göstərdi ki, Azərbaycan Ordusu bu gün ən yüksək keyfiyyətlərə malikdir və istənilən anda istənilən vəzifəni icra edə bilər. Ermənistanın yaratdığı mif tamamilə darmadağın edildi”.
Bu sevinci bizə yaşadan igid Vətən övladlarından biri də Əbdülməcid Axundovdur.
Aprelin 2-də Nizami Kino Mərkəzində Mədəniyyət Nazirliyinin dəstəyi, Sumqayıt Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə “Mən səninləyəm, Ana Vətən” bədii-sənədli filminin təqdimat mərasimi keçirildi.
Film 2016-cı ilin Aprel döyüşlərində qəhrəmancasına şəhid olan manqa komandiri Əbdülməcid Axundova həsr olunub.
Tədbir iştirakçıları əvvəlcə Aprel şəhidlərinə həsr olunmuş stendə baxdılar.
Mərasimdə öncə Vətən uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
Tədbirdə çıxış edən Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Mehman Şükürov Aprel döyüşlərində Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıqdan danışdı. Bildirdi ki, Dağlıq Qarabağda erməni qəsbkarlarına qarşı döyüşmüş, canından, qanından və sağlamlığından keçmiş insanlar bu gün cəmiyyətimizdə yüksək dəyərləndirilir. Bu döyüşlərdə qəhrəmanlıq göstərən əsgərlərimizdən biri də Əbdülməcid Axundovdur. Təqdim edilən film onun əziz xatirəsinə həsr olunub.
Mehman Şükürov filmin ərsəyə gəlməsi ideyasından söz açdı. Bildirdi ki, şəhidimizin anası Sumqayıtın mədəniyyət ocağında bizimlə birlikdə çalışır.
Gənclər üçün canlı qəhrəman və vətənpərvərlik nümunəsi olan Əbdülməcid Axundovun Vətən qarşısında xidmətlərini daim xatırlamaq, gənc nəslə danışmaq lazımdır.
Sonra ekran əsərinin yaradıcı heyəti təqdim olundu.
Prodüser Xəqani Haşımov, quruluşçu rejissor Elşən Zeynallı və başqaları çıxışlarında film haqqında öz təəssüratlarını bölüşdülər, Aprel döyüşlərinin hərb tariximizdə şanlı qələbələrdən biri olduğunu qeyd etdilər.
Filmdə öz obrazını canlandıran şəhidin anası Ceyran Axundova çıxış edərək filmin yaradıcı heyətinə, tədbir iştirakçılarına təşəkkürünü bildirdi.
Sonra “Mən səninləyəm, Ana Vətən” bədii-sənədli filmi nümayiş olundu.
Fariz HÜSEYNOV
Mədəniyyət.- 2019.- 3 aprel.-
S.1;5.