Mirzə Cəlilin 150 illiyi
ilə bağlı tədbirlər planı hazırlanıb
Görkəmli yazıçı-dramaturq, publisist, naşir, ictimai xadim Cəlil Məmmədquluzadə (1869-1932) Azərbaycan ədəbiyyatının yeni mərhələyə yüksəlməsində müstəsna rol oynayıb, ayrıca ədəbi məktəb formalaşdırıb.
Yazıçının bədii nailiyyətlərlə zəngin irsində azərbaycançılıq məfkurəsi dövrün ictimai-siyasi fikrinin aparıcı amili kimi dolğun ifadəsini tapıb. Ədibin “Ölülər”, “Anamın kitabı”, “Dəli yığıncağı” və s. pyesləri Azərbaycan dramaturgiyasının parlaq nümunələridir. Sənətkar həyat həqiqətlərini, ictimai mühiti hərtərəfli əks etdirən və bədii-estetik dəyər daşıyıcısına çevrilən rəngarəng obrazlar qalereyası yaradıb.
Ana dilinin saflığı uğrunda mübarizə aparan Mirzə Cəlil qiymətli nəsr əsərləri, parlaq publisistikası ilə də ədəbi-mədəni və mətbu mühitdə şöhrət qazanıb. Böyük ədibin dühasının məhsulu olan “Molla Nəsrəddin” jurnalı milli oyanışa, yeniləşmə hərəkatına yol açıb, azadlıq ideyalarının inkişafına qüvvətli təsir göstərib.
Bu il demokrat
ədibin anadan olmasının 150 illiyi tamam olur. Prezident İlham
Əliyev yazıçının
yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamın icrasını təmin
etmək məqsədilə
Mədəniyyət Nazirliyinin
əmri ilə tədbirlər planı təsdiq olunub. Sənədə əsasən, Azərbaycan
Dövlət Akademik Milli Dram Teatrında Cəlil Məmmədquluzadənin
150 illiyinə həsr
olunmuş təntənəli
yubiley tədbirinin keçirilməsi, həmçinin
ölkəmizin mədəniyyət
müəssisələrində yubileylə bağlı müxtəlif səpkili tədbirlərin təşkili
nəzərdə tutulub.
Yubiley ilində
mədəniyyət mərkəzləri,
klub və mədəniyyət evlərinin
nəzdində fəaliyyət
göstərən xalq
teatrları tərəfindən
yazıçının əsərlərindən
ibarət tamaşaların
hazırlanması planlaşdırılır.
Tədbirlər planında Avstriya, Fransa və Özbəkistandakı Azərbaycan
səfirliklərinin tabeliyində
fəaliyyət göstərən
mədəniyyət mərkəzləri
tərəfindən həmin
ölkələrdə ədibin
yubileyinə həsr olunmuş tədbirlərin
keçirilməsi də
yer alıb.
Bakı Xoreoqrafiya Akademiyasında Mirzə Cəlilin yaradıcılığına həsr
olunmuş elmi-nəzəri
konfrans və dəyirmi masanın təşkili də tədbirlər planına daxildir.
Təhsil Nazirliyinin müəssisələrində
yubileylə əlaqədar
müxtəlif mövzularda
elmi konfrans və fotolardan ibarət sərgilərin təşkili nəzərdə
tutulub.
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda
“Cəlil Məmmədquluzadə
idealları və müasir dövr” mövzusunda beynəlxalq elmi konfrans, Nəsimi adına Dilçilik İnstitutunda
“Cəlil Məmmədquluzadə
və Azərbaycan dili” mövzusunda elmi sessiya, Məhəmməd
Füzuli adına Əlyazmalar İnstitutunda
“Molla Nəsrəddin”
jurnalının transliterasiya
problemlərinə həsr
olunmuş elmi sessiya, Folklor İnstitutunda “Cəlil Məmmədquluzadə və
xalq gülüş mədəniyyəti” mövzusunda
elmi konfrans, A.Bakıxanov adına Tarix İnstitutunda “Cəlil Məmmədquluzadənin
dövrü və ictimai-siyasi proseslərin başlıca problemləri”
mövzusunda respublika konfransı, Fəlsəfə
İnstitutunda “Maarifçilik
və Cəlil Məmmədquluzadənin sosial-ideoloji
görüşləri” mövzusunda
respublika konfransı, həmçinin Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində
“Bizi deyib gələn və bizimlə qalan Mirzə Cəlil” mövzusunda elmi sessiya keçiriləcək.
Bundan əlavə,
Əlyazmalar İnstitutu
və Milli Azərbaycan Ədəbiyyatı
Muzeyində ədibin həyat və yaradıcılığına və
“Molla Nəsrəddin”
jurnalına həsr olunan sərgilər planlaşdırılır.
Tədbirlər planına əsasən, yubiley ilində nəşr layihələri
də olacaq. “Molla Nəsrəddin” Ensiklopediyası”nın,
“Ustad Mirzə Cəlil Məmmədquluzadə”
monoqrafiyasının, “Azərbaycan
satirik mətbuatında
gizli imzalar (1906-1920)” adlı biblioqrafik göstəricinin nəşri
nəzərdə tutulur.
Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda,
birliyin bütün
filiallarında və Mirzə Cəlilin Bakıdakı
ev-muzeyində anım gecələrinin keçirilməsi və
s. tədbirlər də sənəddə
yer alıb.
Mədəniyyət.- 2019.- 3 aprel.-
S.1-2.