Ölkəmiz ilk dəfə
Bolonya Beynəlxalq uşaq
kitabı sərgisində təmsil olunur
Ölkəmiz hər il müxtəlif beynəlxalq kitab sərgilərində təmsil olunur. Mədəniyyət Nazirliyinin dəstəyi ilə Azərbaycan mədəniyyətini, tarixini əks etdirən, yüksək poliqrafik göstəricilərə malik nəşrlər, Azərbaycanın ədəbiyyatı, mədəniyyəti, incəsənəti, qədim tarixi, ölkəmizdə gedən inkişaf prosesləri, Qarabağ həqiqətləri haqqında kitablar Frankfurt, İstanbul, London, Moskva, Budapeşt, Praqa, Minsk, Turin və s. şəhərlərdə keçirilən beynəlxalq sərgilərdə nümayiş etdirilir.
Beynəlxalq sərgilərdə iştirak, həmçinin nəşriyyat və poliqrafiya sahəsində böyük nailiyyətlər qazanmış ölkələrlə təcrübə mübadiləsinə yeni imkanlar yaradır. Sərgi çərçivəsində müxtəlif ölkələrin nümayəndələri ilə görüşlər keçirilir və gələcək əməkdaşlıq imkanları müzakirə olunur.
Bu fəaliyyətin davamı olaraq Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı və ölkəmizin İtaliyadakı səfirliyinin dəstəyi ilə Azərbaycan ilk dəfə olaraq bu il 1-4 aprel tarixində Bolonya şəhərində keçirilən Beynəlxalq uşaq kitabı sərgisində təmsil olunur.
55 illik tarixə və nüfuza malik Bolonya sərgisində 80 ölkədən uşaq ədəbiyyatı sahəsi üzrə naşirlər, kitab evləri, kitab yayıcıları, yazarlar və müvafiq qurumların təmsilçiləri – 1400-ə yaxın iştirakçı var.
Ölkəmizdən “Şərq-Qərb”, “Qələm”, “Altun kitab” nəşriyyatları, F.Köçərli adına Respublika Uşaq Kitabxanasının əməkdaşlarının da iştirak etdiyi sərgi zamanı xüsusi dizaynda hazırlanmış Azərbaycan stendində kitab sənətimiz nümayiş olunur, xüsusilə Azərbaycan uşaq ədəbiyyatı nümunələri tanıdılır, nəşriyyat və poliqrafiya sahəsində xarici tərəfdaşlarla əlaqələrin qurulması üçün görüşlər keçirilir.
Milli stenddə həmçinin Mədəniyyət Nazirliyinin “Azərbaycan kitabının dünyaya tanıdılması” layihəsinin təqdimatı keçirilir və sərgi ziyarətçilərinə layihə haqqında geniş məlumat verilir. Layihə Azərbaycan ədəbiyyatı nümunələrinin müxtəlif dillərə çevrilməsi, çap olunması və xarici oxuculara təqdim olunmasını özündə ehtiva edir.
Sərgidə iştirak edən müxtəlif ölkələrin nəşriyyatlarını təmsil edən nümayəndələrinə iki ildən bir keçirilən ənənəvi Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası haqqında da məlumat verilir və onlar sərgidə iştiraka dəvət edilir. Qeyd edək ki, VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası 2019-cu il 27-29 sentyabr tarixində keçiriləcək.
Bolonya sərgisinin ikinci günü Beynəlxalq Uşaq Ədəbiyyatı Şurasına (İBBY) 2020-ci il üçün təqdim olunan uşaq yazarlarının əsərlərinin qiymətləndirilməsi ilə bağlı konfransda münsiflər heyətinin adları açıqlanıb və müsabiqəyə əsərləri verilən namizədlər təsdiq edilib.
2012-ci ildən İBBY-nin üzvü olan F.Köçərli adına Respublika Uşaq Kitabxanası 2020-ci il üçün beynəlxalq müsabiqəyə Azərbaycan uşaq yazıçısı Qəşəm İsabəylinin əsərini təqdim edib.
İBBY tərəfindən dünyada
ən yaxşı uşaq yazarları, rəssam
və tərcüməçilərinə verilən H.X.Andersen qızıl medalı uşaq ədəbiyyatı sahəsində “Nobel mükafatı” kimi
qiymətləndirilir.
Mədəniyyət.- 2019.- 3 aprel.-
S.1;3.