Cəlil Məmmədquluzadə və “Molla Nəsrəddin” ədəbi məktəbi

 

 

 

Böyük yazıçı, dramaturq, publisist Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamına müvafiq olaraq Bakı Xoreoqrafiya Akademiyası Təhsil Kompleksində (BXA) “Cəlil Məmmədquluzadə və “Molla Nəsrəddin” ədəbi məktəbi” mövzusunda elmi-nəzəri konfrans keçirilib.

Tədbiri giriş sözü ilə BXA-nın Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri, sənətşünaslıq üzrə elmlər doktoru, professor Vəfa Əliyev açaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin görkəmli ədəbiyyat klassikləri – İmadəddin Nəsiminin 650, Cəlil Məmmədquluzadənin 150, Cəfər Cabbarlının 120, Həmid Araslının 110 və İsmayıl Şıxlının 100 illik yubileyləri ilə bağlı sərəncamlar imzaladığını diqqətə çatdırıb. Sonra o, Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verib.

İctimai fənlər kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, professor Maral Manafova “Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığı”, Sənətşünaslıq kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Rafiq Sadıqov “Cəlil Məmmədquluzadənin publisistikası”, filologiya üzrə fəlsəfə doktoru, dosent Aypara Məmmədova “Cəlil Məmmədquluzadə “Molla Nəsrəddin” ədəbi məktəbinin banisi kimi”, Magistraturadoktorantura şöbəsinin müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Fərhunə AtakişiyevaMolla Nəsrəddin” ədəbi məktəbində dil məsələləri”, BXA-nın dissertantı Dinara Əliyeva “Cəlil Məmmədquluzadənin XX əsr yaradıcılığında XIX əsr rus tənqidi realizminin rolu” adlı məruzələrlə çıxış ediblər.

Akademiyanın tələbələri C.Məmmədquluzadənin felyetonlarından nümunələr səsləndiriblər. Sonda iştirakçılar BXA-nın kitabxanası tərəfindən təqdim olunan ədibin məqalə və kitablarından ibarət sərgiyə baxıblar.

 

Mədəniyyət.- 2019.- 3 aprel.- S.6.