Gənc rəssamın sərgisi
Xüsusi qayğıya ehtiyacı olan istedadlara dəstək
Bakı
Rəsm Qalereyasında 2 aprel – “Dünya autizm məlumatlandırma
günü” münasibətilə gənc rəssam Adəm Rəhimovun
fərdi sərgisi keçirilib.
Azərbaycan Rəssamlar İttifaqının dəstəyi ilə təşkil olunan sərgidə Adəm Rəhimovun 50-yə yaxın yağlı boya və qrafika janrında çəkdiyi rəsmləri nümayiş etdirilib.
Qalereyanın direktoru Eldəniz Babayev bildirib ki, sənət ocağı uşaq, yeniyetmə və gənclərin yaradıcılığının inkişafı üçün müxtəlif layihələr həyata keçirir: “Bu sərginin təşkilində də məqsədimiz Adəm Rəhimovun simasında xüsusi qayğıya ehtiyacı olan gənclərə dəstək verməkdir”.
Adəm Rəhimovun sənət dünyasından söz açan Xalq artisti Ramiz Məlik bildirib ki, onun Qarabağ mövzusunda təsvir etdiyi kompozisiya, təbiət mövzuları və natürmortlar çox rəngarəng və lakonikdir. Onun gənc olmasına baxmayaraq, özünü təsdiqləməsi çox təqdirəlayiqdir.
Əməkdar incəsənət
xadimi, sənətşünaslıq
üzrə fəlsəfə doktoru Ziyadxan Əliyev, Rəssamlar
İttifaqının katibi, Xalq rəssamı Ağaəli İbrahimov
və başqaları çıxış edərək
müəllifin əsərlərini yüksək qiymətləndirərək
ona yeni-yeni uğurlar arzulayıblar.
Mədəniyyət.- 2019.- 3 aprel.- S.8.