Bakıda beynəlxalq klassik
və folklor musiqisi
müsabiqəsi keçirilir
“World Harmony”
10 ölkədən 300-dən çox
iştirakçını bir araya gətirib
Xəbər
verdiyimiz kimi, aprelin 2-də Bakıda gənc
ifaçıların “World Harmony” (“Dünya harmoniyası”)
Beynəlxalq klassik və folklor musiqisi müsabiqəsi
başlayıb.
MDB-yə üzv ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin birgə təşkilatçılığı ilə keçirilən müsabiqədə ayrı-ayrı yaş qrupları üzrə 10 ölkədən – Azərbaycan, Almaniya, Belarus, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Rusiya, Ukrayna, Macarıstan və Litvadan 6 xor, 2 rəqs kollektivi, 19 qarışıq tərkibli ansambl – ümumilikdə 300-dən çox iştirakçı var.
Gənc ifaçılar instrumental solo (fortepiano, simli alətlər, nəfəs və zərb alətləri, xalq çalğı alətləri), vokal (akademik, milli, estrada), rəqs və instrumental ansambllar (klassik və milli), vokal ansambllar (akademik, milli və estrada), xor və rəqs kollektivləri olaraq öz istedadlarını beynəlxalq münsiflər heyəti qarşısında göstərirlər.
Yarış həyəcanını azaltmaq üçün təşkilat qrupu müsabiqə günlərində ustad dərsləri və konsert proqramları da təşkil edib.
Aprelin 4-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında belə konsertlərdən biri gerçəkləşdi. Sankt-Peterburq Musiqi liseyinin müəllim və şagirdlərinin konsertində təhsil ocağını ölkə və beynəlxalq müsabiqələrdə uğurla təmsil etmiş ifaçılar çıxış edirdi.
Qonaq kollektiv Bakı konsertinə ciddi hazırlamışdı. İki hissədən ibarət konsertin proqramı da istər ayrı-ayrı alətlər üçün yazılmış əsərlər baxımından, istərsə də müəlliflər baxımından geniş və zəngin idi. Frederik Şopenin, Astor Piatsollanın, İqor Stravinskinin, Modest Musorqskinin, Yohann Bramsın əsərlərinin səsləndiyi konsertdə Fikrət Əmirovun “Lirik rəqs” əsərinin də yer alması qonaqların Azərbaycan musiqisinə ehtiramı, iltifat jesti kimi səsləndi. “Sankt-Peterburqun gənc istedadları 2018” mükafatının laureatı Aleksey Safarovun gitarada ifa etdiyi bu əsər böyük maraqla qarşılandı.
Konsertdə liseyin beynəlxalq müsabiqələr laureatı olan müəllimləri ilə yanaşı, uşaq və yeniyetmələr üçün keçirilən müxtəlif şəhər və ölkə miqyaslı sənət yarışlarının qalibi olmuş şagirdlər də rəngarəng proqramla çıxış etdilər.
“World Harmony” müsabiqəsinin iştirakçıları və münsiflər heyətinin üzvləri də tamaşaçıların arasında idilər. Xatırladaq ki, müsabiqənin münsiflər heyətinə iştirakçı ölkələrdən 19 nəfər mütəxəssis daxildir.
Aprelin 7-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi və qala-konserti keçiriləcək.
G.MİRMƏMMƏD
Mədəiyyət.- 2019.- 5 aprel.-
S.2.