3-cü Respublika
Xalq Teatrları Festivalı başlanıb
Festivalın ilk seçim mərhələsi Kürdəmirdə
keçirilib
Xalq yaradıcılığının
inkişafı, qorunması
və təbliğinə
dəstək məqsədilə
Mədəniyyət Nazirliyində
“Azərbaycan xalq yaradıcılığının
2019-2023-cü illər üzrə
inkişafına dair Strateji Fəaliyyət Planı” hazırlanıb və təsdiq edilib.
Fəaliyyət planında xalq teatrlarının əhalinin
estetik zövqünün
formalaşdırılması və asudə vaxtının səmərəli
təşkilində rolunun
artırılması üçün
sistemli işlərin,
o cümlədən festival, müsabiqə və digər tədbirlərin təşkili nəzərdə
tutulub.
Mədəniyyət Nazirliyinin təşkilatçılığı
ilə aprel-may aylarında 3-cü Respublika
Xalq Teatrları Festivalı keçirilir. Kürdəmir rayonunda festivalın ilk seçim mərhələsi
gerçəkləşib. Seçim mərhələsində Kürdəmir,
Bərdə və Sabirabad regional mədəniyyət
idarələrinin tabeliyində
fəaliyyət göstərən
mədəniyyət mərkəzləri,
evləri və klublarında fəaliyyət
göstərən xalq
teatrı kollektivləri
iştirak edib.
Hazırda respublikanın paytaxt və regionlarında, o cümlədən Naxçıvan
Muxtar Respublikasında
ümumilikdə 37 xalq
teatrı fəaliyyət
göstərir. Teatrların repertuarında vətənpərvərlik,
Qarabağ mövzuları
xüsusi yer tutur.
Kürdəmir rayon Mədəniyyət mərkəzində
təşkil edilən
tədbirdə ilk olaraq
Füzuli rayon Mədəniyyət
evinin Xalq teatrı “Xocalı” kompozisiyası ilə çıxış edib.
Beyləqan rayon Mədəniyyət mərkəzinin
Xalq teatrı iki tamaşa təqdim edib. Azərbaycan xalq
nağılı əsasında
qurulan “Ağıllı
Fatma” tamaşası münsiflər heyəti tərəfindən yüksək
qiymətləndirilib. Sonra milli vətənpərvərlik
hislərini daşıyan
“O yurda bayrağı
biz taxacağıq” kompozisiyası
göstərilib.
Seçim mərhələsində Bərdə
rayon Mədəniyyət mərkəzi
Xalq teatrının təqdim etdiyi Süleyman Rüstəmin
“Çimnaz xanım yuxudadır” tamaşası
da maraqla qarşılanıb, münsiflər
tərəfindən müsbət
qiymətləndirilib.
Yevlax şəhər
Yaradıcılıq evinin
Xalq teatrı ikipərdəli “Qadınlar”
tamaşasının quruluş
forması və həvəskar aktyorların
oyunu da münsiflərin təqdirini
qazanıb.
Sonra həmin
kollektiv tərəfindən
Lev Qraçın “Cırtqoz”
pyesi nümayiş olunub.
Sabirabad
rayon Mədəniyyət mərkəzinin
Adil İsgəndərov
adına Xalq teatrı Seyidməmməd Əliyevin
quruluşunda Üzeyir
Hacıbəylinin “Ər
və arvad” musiqili komediyasını nümayiş etdirib. Musiqilərin yazılmasında
Ü.Hacıbəyli adına Uşaq musiqi məktəbinin müəllimləri köməklik
ediblər. Tamaşanın rəssamı Fərhad
Əliyev, qrim ustası Esmira Zeynalovadır. Xalq teatrı
milli vətənpərvərlik
ruhunda “Hardan başlayır vətən”
tamaşasından parçalar
da təqdim edib.
Daha sonra Yevlax şəhər Mədəniyyət mərkəzinin
Kukla xalq teatrı tərəfindən
“Dəli keçi” tamaşası göstərilib. Bildirilib
ki,
mərkəzdə uşaqlar üçün
təşkil edilən
tamaşalar həvəslə
baxılır.
Qeyd edək
ki, festivalın seçim mərhələsində
fərqlənən kollektivlər
Bakı şəhərində
təşkil olunacaq
final mərhələsinə dəvət olunacaqlar. Xalq teatrlarının tamaşalarını
Şuşa Dövlət Dram Teatrının
baş rejissoru, Əməkdar artist Loğman
Kərimovun sədrliyi
ilə münsiflər
heyəti qiymətləndirir.
Heyətə nazirliyin
Xalq yaradıcılığı
və mədəni marşrutların inkişafı
şöbəsinin Xalq
yaradıcılığı sektorunun müdiri Vüqar Məmmədov, şöbənin aparıcı
məsləhətçisi Elgün Əliyev, Gənc Tamaşaçılar
Teatrının rejissoru
Gülnar Hacıyeva, Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universitetinin
kafedra müdiri, dosent Azad Şükürov,
Bakı Xoreoqrafiya Akademiyasının baş
müəllimi, Əməkdar
mədəniyyət işçisi
Atababa Hacıbabayev, Bakı Şəhər Mədəniyyət Baş
İdarəsi və
regional mədəniyyət idarələrinin nümayəndələri
daxildir.
Hər nümayişdən sonra
tamaşalar müzakirə olunub.
Kollektivlərə oynanılan tamaşalarda
görülən kiçik
qüsurların düzəldilməsi, səhnə mədəniyyəti,
jestlər, mimikalar, səsləndirmə və
hərəkətlərilə bağlı tövsiyələr
verilib. Xalq teatrları kollektivlərinin rejissor,
bədii rəhbər və üzvləri həvəskar teatr kollektivlərinə göstərilən qayğı və
diqqətə, festivalın təşkilinə, həmçinin
peşəkarlıqlarının artırılması üçün dəstəyə, ustad dərslərinə görə təşəkkürlərini
bildiriblər.
Mədəiyyət.- 2019.- 5 aprel.-
S.3.