Ağa Xan Fondunun ilk musiqi
mükafatına Firəngiz Əlizadə layiq
görülüb
Lissabonda keçirilən mərasimdə
azərbaycanlı bəstəkara mükafatı Portuqaliya Prezidenti təqdim
edib
1967-ci ildə yaradılmış Ağa Xan Fondu (“Aga Khan Foundation”) bu il ilk dəfə olaraq musiqi sahəsində beynəlxalq mükafat (“Aga Khan Music Award”) təsis edib. Bəstəkarlıq sahəsində (yaradıcılıq – creation) mükafatın ilk laureatı azərbaycanlı bəstəkar və pianoçu, 2007-ci ildə UNESCO-nun “Sülh artisti” (“Artist for Peace”) adına layiq görülmüş Firəngiz Əlizadə olub.
Azərbaycan Bəstəkarlar İttifaqının mətbuat xidmətindən verilən məlumata görə, Portuqaliyanın paytaxtı Lissabonda 2019-cu ilin laureatlarının təltif edilməsinə həsr olunmuş təntənəli tədbir keçirilib.
Konsert proqramından sonra bəstəkarlıq sahəsində yeganə mükafatı Firəngiz Əlizadəyə Portuqaliya Prezidenti Marselu Rebelu da Soza, fondun təsisçisi Əlahəzrət Ağa Xan və Şahzadə Əmin təqdim edib.
“Aga Khan Foundation” Portuqaliya və Böyük Britaniya vətəndaşı olan tanınmış iş adamı Şah Kərim Hüseyn (Ağa Xan) tərəfindən təsis edilib. Fondun 20-dək ölkədə nümayəndəlikləri fəaliyyət göstərir.
Fondun press-relizində Firəngiz Əlizadənin müasir akademik musiqi sahəsində görkəmli nailiyyətləri qeyd edilir. Vurğulanır ki, onun yaradıcılığında Şərq incəsənətinin mənəvi zənginliyi və yüksək intellektualizmi cəlbedici qüvvə ilə əks olunub. Sevindirici haldır ki, Xalq artisti, AMEA-nın müxbir üzvü Firəngiz Əlizadənin yaradıcılığı dünya musiqi prosesinə geniş inteqrasiya olunub, dünyanın konsert səhnələrində Hilary Hahn, Yo-Yo Ma, “Kronos Quartet”, “Berliner Philharmoniker”, “Royal Concertgebouw Orkestra”, “New Juilliard Ensemble” kimi aparıcı solistlər və kollektivlər tərəfindən tez-tez ifa olunur.
Laureatların təltif edilməsi mərasimi və
konsert Portuqaliyanın kütləvi informasiya vasitələrində geniş işıqlandırılıb.
Mədəiyyət.- 2019.- 5 aprel.-
S.4.