İstəklərini lentlərə köçürən rejissor

 

  Tofiq İsmayılov-80

 

 

Kino xarakterlər toplusudur. Ekran əsərlərində görüb, izlədiyimiz fərqli xarakterlər isə rejissorların təfəkkürünün məhsuludur. Azərbaycan kinosunda tipik xarakterlər yaradan, fərqli dəst-xətti ilə seçilən istedadlı rejissorlarımızdan biriXalq artisti, professor Tofiq İsmayılov idi.

Ömrü boyu yaradıcılığında sənətin gözəlliyini və həyat üçün vacibliyini vurğulayan rejissor Azərbaycanda müəllif kinosunu yaradanlardandır. Tofiq müəllimin yaradıcılığında daha çox müasirlərinin həyatını ekranlara gətirdiyini görürük. Bu da təsadüfi deyil. Gənclərin, yeniyetmələrin və uşaqların dünyagörüşünün formalaşması, yüksək mənəvi dəyərlərə sahib olması, intellektlərinin ali səviyyədə inkişaf etməsi onu narahat edən əsas amil idi. Buna görə də milli-mənəvi dəyərlərə, soy-kökə, böyük-kiçiyə hörmət onun filmlərinin leytmotividir. Kino yaradıcılığına “Şəhərimizin daşları” (1968) sənədli filmi ilə başlayan rejissor 11 bədii filmə quruluş verib, 3 filmdə aktyor kimi çəkilib, 10-dan artıq sənədli film ekranlaşdırıb.

Rejissorun yaradıcılığında diqqətçəkən məqamlardan biri də filmlərinin bir çoxunun musiqili olmasıdır. Tofiq müəllimin qızı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Aygül Hüseynova atası haqqında xatirələrini bölüşərkən deyir: “Atam musiqini çox sevirdi. Yaradıcılığı boyu müxtəlif bəstəkarlarla çalışmışdı. “Musiqi müəllimi” filminin musiqisini yazmağı bəstəkar Tofiq Quliyevə həvalə etmişdi. Onlar film üzərində işləyərkən atam tez-tez bəstəkarın işinə müdaxilə edərək, bəlkə musiqinin bu yerində belə etsək daha yaxşı olar deyə istəklərini bildirir. Tofiq Quliyev də hər dəfə atamla razılaşaraq deyir ki, Tofiq, axı sənin musiqi təhsilin yoxdur necə bilirsən ki, burda bu notdan istifadə etmək lazımdır. Onun filmoqrafiyasında 10-a yaxın musiqili film var. BunlardanOxuyur Müslüm Maqomayev”, “Maestro”, “Özümzaman haqqında” və s. sənədli, “Gilas ağacı”, “Bizim küçənin oğlanları”, “Mən nəğmə qoşuram” , “Əzablı yollar” və s. bədii filmlərinin adlarını çəkmək olar.

Atam həmişə qeyd edirdi ki, biz azərbaycanlılar şeirə, musiqiyə dəyər verən xalqıq. Buna görə də hər bir evdə, ailədə musiqi aləti olmalıdır. Çünki zövqlü musiqi təfəkkürü formalaşdıran, mənəviyyatı ülvi hislərlə zənginləşdirən amildir. Mən və bacılarım Sevinc, Vəfa fortepiano üzrə musiqi təhsili almışıq və üçümüz də atamın filmlərində çəkilmişik. SevincGilas ağacı”nda Nigar rolunu oynayıb, Vəfa “Çarvadarların izi ilə” filmində Mələknisə rolunda çıxış edib, mən isə “Xüsusi vəziyyət”, “Yay günlərinin xəzan yarpaqları” filmlərində çəkilmişəm. Atam bizə qarşı çox diqqət və qayğı ilə yanaşırdı, ailəsinə çox bağlı insan idi. Düşünürəm ki, biz xoşbəxt uşaqlar olmuşuq ki, belə ailədə doğulmuşuq. Anam Səidə xanım 30 ildən artıq uşaq həkimi işləyib. Valideynlərim arasında olan xoş münasibətlər bizdə həmişə xoşbəxtlik hissi yaradırdı. O, nəvələrini də həddən artıq sevirdi. Biz hamımız atamla fəxr edirik ki, onun övladlarıyıq və belə bir ailədə böyümüşük”.

Musiqi müəllimi” filminin direktoru olmuş Arif Səfərov müsahibəsində söyləyir ki, “Moskvada, Dövlət Kinematoqrafiya Komitəsində Tofiq müəllimi sevir, ona inanır, hörmət edirdilər. Buna görə də Mərkəzi televiziyanın (Moskva) sifarişi ilə çəkilən filmlərin bir çoxunu ona verirdilər. Tofiq müəllim olduqca istedadlı, savadlı və tələbkar insan idi. Onunla işləmək məsuliyyətli olduğu qədər də çətin idi. Bununla belə, biz onunla işləməkdən zövq alırdıq. Çünki Tofiq müəllim əsl kino adamı idi. Bu məsuliyyətli insandan öyrənməli çox şey vardı”.

Onun həyatsevərliyi və insanlara olan xoş diləkləri filmlərində əksini tapıb. Novator rejissor və tələbkar pedaqoq kimi tanıdığım Tofiq İsmayılovun savadlı, məzmunlu mühazirələri, sənətə olan sevgisi, daim aşıb-daşan həyat eşqi tələbəsi olaraq məni həmişə düşündürüb. Bu məqaləni yazmağım isə Tofiq müəllimin həyat yoluna bir qədər ətraflı nəzər salmağıma səbəb yaratdı. Aygül xanımla söhbət əsnasında isə Tofiq İsmayılovun filmlərində əksini tapan ailə sevgisinin, insanlara hörmətin, sevgiyə dəyərin, ziyalılığa meylin haradan qaynaqlandığı bir daha bəlli oldu.

Aygül xanımın dilindən: “Atam 1939-cu il aprelin 6-da Bakıda dünyaya göz açıb. Babam Məşədi Hüseyn dövrünün sayılıb-seçilən kişilərindən olub. Ordubad şəhərində doğulub-böyüyən Məşədi Hüseyn rus, fars, ərəb dillərini mükəmməl bilib, həmin illərdə müfəttiş vəzifəsində çalışıb. Məşədi Hüseynin atası Hacı Rəsul kişi Ordubadda böyük torpaq sahələrinə sahib olan, dövrünün hörmətli adamlarından olub. 1920-ci ildə Azərbaycanda baş verən inqilabi proseslərin xoşagəlməz nəticələri, qadası-qovğası atamgilin ailəsindən də yan keçməyib. Bolşeviklər Hacı Rəsulu, onun qardaşlarını və oğlu Məşədi Hüseyni Sibirə sürgün ediblər. Onlardan yalnız Məşədi Hüseynə Azərbaycana qayıtmaq nəsib olub. Sürgündən qayıtdıqda ailəsinin Bakıya köçdüyünü eşidən Məşədi Hüseyn onların ardınca Bakıya gəlib, beləcə İsmayılovlar ailəsi Bakıda məskunlaşıb. 3 qız, 5 oğul sahibi olan Məşədi Hüseynin kitablara böyük sevgisi olub. Buna görə də o, evində böyük bir kitabxana yaradıb. Övladlarına daim mütaliə etməyi, cəmiyyətdə şəxsiyyətini təsdiqləyən insan olmağı tövsiyə edib. Uşaqların hamısı müxtəlif ali təhsilə, əksəriyyəti isə həkimlik peşəsinə yiyələnib. İncəsənət və ədəbiyyatla maraqlanan isə təkcə atam olub. O, Bakıda 190 saylı şəhər orta məktəbini bitirdikdən (1958) sonra M.Əliyev adına Teatr İnstitutunun Aktyorluq fakültəsinə daxil olub, sonra isə Rejissorluq fakültəsində (1962-1968) təhsilini davam etdirib. Həsən Məmmədov, Rafiq Əzimov, Hacımurad Yagizarov və digər məşhur aktyorlarla bir kursda oxuyub. Xalq artisti, görkəmli teatr xadimi Məhərrəm Haşımovdan, professor Əşrəf Quliyevdən aktyor sənətinin sirlərini öyrənib. İnstitutu bitirdikdən sonra Moskvada ikiillik rejissorluq kursunu, dünya şöhrətli kinorejissor Andrey Tarkovskinin emalatxanasını bitirib. Görkəmli rejissor, pedaqoq Adil İsgəndərovla tanışlığı sonralar dostluğa, daha sonra isə ata-oğul münasibətinə çevrilib. Bu isə onun həyat və yaradıcılığında əsaslı və mühüm dəyişikliklərə səbəb olub”.

Aygül xanım onu da qeyd edir ki, atasının sənətə hələ uşaq yaşlarından marağı olub: “Dərslərdə, dram dərnəklərində fəal iştirak edib, məktəblərarası keçirilən şənliklərə və yarışlara qatılıb. Orta məktəbdə onlara ədəbiyyat fənnini tədris edən Zərbəli Səmədov onda şeirə, sənətə böyük maraq yaradıb və həmin illərdə teatr cəmiyyətində çalışan, sonralar kinorejissor kimi məşhurlaşan Arif Babayevin yanına göndərib. Arif müəllim Tofiq İsmayılovu dinlədikdən sonra dərnəyə qəbul edibona nəzm əsərlərinin fəlsəfi dərinliklərini, deyiliş qaydalarını, səhnə danışığını öyrədib. Həmin illərdə Gənc Tamaşaçılar Teatrında çalışan Əməkdar incəsənət xadimi, tanınmış rejissor Zəfər Nemətov atamı tamaşalarda görübonu 1954-cü ildə teatrda işləməyə dəvət edib. Səhnəyə, sənətə hədsiz marağı olan atam kütləvi səhnələrdə və digər rollarda çıxış edib”.

Daim yaradıcılıq axtarışlarında olan Tofiq İsmayılovun sənətə olan sevgisi onu televiziyaya da gətirib. O, Azərbaycan RadioTeleviziya Verilişləri Komitəsində rejissor köməkçisi (1960-1961), rejissor (1962-1967) işləyib.

Sənət haqqında olan maraqlı deyimlərdən biribudur ki, sənətkar insanları öz daxilinə yönəldir və qəlbin hamı üçün ümumi olan sirlərini insanlara açıb göstərir.  Həyat hadisələrinin mahiyyətini, insani münasibətlərin vacibliyini fərqli dəst-xəttində vurğulayan Tofiq İsmayılov yaşam üçün vacib nüansları tamaşaçılara göstərməyi bacardı.

“Azərbaycanfilm” kinostudiyasında rejissor köməkçisi, bədii təlimlər rejissoru (1967-1968) kimi işləyən Tofiq müəllim Moskvada ikiillik kurslarını bitirdikdən sonra 1988-ci ilədək “Azərbaycanfllm” kinostudiyasında bədii filmlərin quruluşçu rejissoru olub. Hətta bir müddət kinostudiyanın nəzdində fəaliyyət göstərən aktyorluq studiyasının bədii rəhbəri olub.

O, eyni zamanda pedaqoji fəaliyyət göstərib, kinonun sirlərini gənc nəslə tədris edib. 1971-ci ildən Dövlət İncəsənət İnstitutunda (indiki ADMİU) Rejissorluq kafedrasında müəllim kimi çalışıb, kafedranın müdiri (1988-1994) olub. Onlarla tələbəyə kino sənətinin sirlərini öyrədib, zəkasının nurundan onların həyat yoluna işıq saçıb. Heç də təsadüfi deyil ki, ustad sənətkar zəngin peşə bilgisinə görə Türkiyənin Memar Sinan Universitetinə dəvət olunub (1994-2006), universitetin professoru olub, bir qədər sonra İstanbulun Böyükşəhər Bələdiyyəsində mədəniyyət işləri üzrə müşavir işləyib. 2007-ci ildə yenidən ADMİU-da kino sənətini tədris edib.

Tofiq müəllim ədəbi-publisistik fəaliyyət də göstərib. 1962-ci ildə “Göyərçin” jurnalında çap olunan dəsmal” hekayəsi ilə ədəbi yaradıcılığa başlayan müəllif bir sıra əsərlər, o cümlədən 100-ə yaxın elmi-publisistik məqalə yazıb.Müasir Azərbaycan kinosunda tipik xaraktermövzusunda namizədlik dissertasiyası yazıb. “Türk cümhuriyyətlərinin sinema tarixi” (2001) üçcildlik fundamental ensiklopediyanın müəllifi olan professorun əsərləri bir sıra xarici dillərdə nəşr olunub. Sənətdən, yaradıcılıqdan doymayan həyatsevər insan 2016-cı ilin 25 martında uzunsürən xəstəlikdən sonra dünyasını dəyişdi. Allah rəhmət eləsin.

Aygül xanım onu da qeyd edir ki, Türkiyədə olan dostları atasının əziz xatirəsinə ehtiram olaraq bir neçə dəfə anım gecəsi keçiriblər: “İstanbulun Böyükşəhər Bələdiyyəsi və Memar Sinan Universitetinin kino-televiziya bölümünün birgə təşkilatçılığı ilə keçirilən anım gecəsi təşkil olunanda biz ailəliklə həmin tədbirə dəvət olunduq. Bir il sonra isə Türk Dünyası Qəzetçilər Federasiyasının təşəbbüsü ilə Türk dünyası sənədli film festivalı keçirildi. Festivalda hər il bir məşhur insanın adına əsas mükafat təsis olunur ki, 2017-ci ildə də atamın adına mükafat verildi. İlk təqdimat İstanbulda keçirildi. Tədbir növbəti dəfə Bakıda oldu. Tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral da iştirak etdi. Festivalda Tofiq İsmayılova həsr olunan “Nəslim” adlı kitabın təqdimatı da oldu. Növbəti layihə isə atamın 80 illiyinə həsr etdikləri sənədli filmlə davam edəcək. Bu filmin çəkilişləri yay aylarında Bakıda reallaşacaq. Bütün bunlar atamın dostlarının və kinosevərlərin onun yaradıcılığına və xatirəsinə olan hörmət və ehtiramın göstəricisidir”.

Ömrü boyu sənətin keşiyində duran, həyatın gərəkli, vacib nüanslarını filmlərində vurğulayan Tofiq İsmayılov, sözün əsl mənasında, nümunəvi vətəndaş, ibrətamiz ömür-gün yoldaşı, qayğıkeş ata və görkəmli sənətkar idi. Bu kimi örnək timsallı ömür yolu olan insanların, unudulmaz sənətkarların həyat tarixçəsi isə biz tamaşaçı və oxucular üçün hər zaman maraqlı və qiymətlidir.

 

Şəhla ƏMİRLİ

Kinoşünas

 

Mədəiyyət.- 2019.- 5 aprel.- S.5.