Öz dövrünü aşan şair
“Sən mənim qədrimi biləsən
deyə, bu cavan yaşımda ölümmü indi”
sualını “müsahib”inin nəfinə
reallaşdırmış Əli Kərim...
Füzuli
haqqında: “Dünya səni qocaltdı, yaşıdın
olsun deyə...”, “Bəzən necə gözəlsən,
Ölüm, – sən ey səadət!”, “Səni yaxşı
görmək üçün, Kədərimi bir daş kimi
Qoymuşam ayağımın altına, Qalmışam
boylana-boylana” demiş, övladlarını və
“seçilmiş oxucularını”
başdan-başa milli mənəviyyatla
qidalandırası ləyaqətli bir ömür
yaşamış Əli Kərim...
1931-ci il martın 18-də Göyçayda doğulub, 1948-də Azərbaycan Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinə daxil olub, yataqxana ucbatından Azərbaycan Teatr İnstitutunun Teatrşünaslıq fakültəsinə keçməli olan, buranın 3-cü kursundan isə (böyük ədəbiyyat-sənət istedadı “maneçiliyi”ndən) Moskvaya –1955-də fərqlənmə diplomu ilə bitirəcəyi Dünya Ədəbiyyatı İnstitutuna göndərilən, iki il sonra (1957) “İlk simfoniya” poeması elə həmin şəhərdə keçirilən “Tələbələrin VI Ümumdünya Festivalı”nda mükafata layiq görülən, bundan bir il ötər-ötməz orada ilk kitabı – “İki sevgili” (rus dilində) nəşr olunan, Bakıya qayıtdıqdan və qısa ömrü ərzində beş-on “ictimai xoş gün” görəcəyi “Azərbaycan” jurnalı redaksiyasında şeir şöbəsinin müdiri işləyəndən sonra…
Bəli,
hər şey bu “sonra”dan –
Sonra
başlayıb…
Otuz səkkiz
illik ömrü bitdikdən dərhal sonra, böyük
dilçi alim Tofiq Hacıyevin “Əli Kərim ömrü
poeziyamızda, öz şair sözü kimi, atributa
çevrildi”, döyüşkən Rəsul Rzanın
“Qayğı sözü – qayğı özü”, ulu Məmməd
Arazın “Əli Kərim təvazökarlığı
Əli Kərim istedadı ilə əkiz doğulubmuş” kimi
postulatlarıyla dəyərləndiriləsi, vaxt
ötdükcə, qədirbilən həmkarları,
oxucuları və ədəbiyyatşünasların “Dinmə,
ey kədər”, “Nə xoşbəxt imişəm!”,
“Şeirimizin Əli Kərim zirvəsi”, “Şeirimizdə
Əli Kərim həqiqətləri”, “Əli Kərim
novatorluğu əbədi səfərdə”, “Əli Kərim
qələminin tabloları”, “Poeziyamızın Əli Kərim
kəhkəşanı” başlıqlı xatirələri,
“Azərbaycan poeziyasında Əli Kərim mərhələsi”,
“Əli Kərim üslubu” və b. monoqrafiya və məqalələrilə
qiymətləndirəcəyi bu şair
sağlığında pərdəarxası ideoloji faciələr
yaşayıb.
Yox, bu
nakam xələf dünənki sələflərinin
“...baxıb Türkün bayrağına!” kimi
hayqırtılar etməyib, sadəcə,
çağdaşlarının “Bu büsatdan de-danış”,
“Partbiletim sol cibimdə – ürəyimin başındadır”
kimi bolşevik bağırtılarına qoşulmur, “Qaytar ana
borcunu”, “Neyləyim, şeirlə
dərd söyləyirəm” kimi şeirlər, kitablar
yazırdı. “Babək” şeirində əqidə yolunda kəsilmiş
qolları qəhrəmanlaşdırır,
mahnılaşdırılan misralarında tək elə “Nə
gəlməz oldun”, “Qayıt” kimi trafaretlər yox, qəlbindəki
milli istək “sətiraltılar”ını hədəfləyən
“Azərbaycanım mənim!” mesajları, “Nə xoşbəxt
imişəm!” nostaljiləri də edirdi...
Bəzən
haqq qazanır insan öləndə,
Hətta unudulur ağır günahı.
Hamıya
dərd olur “cavan getməyi”,
“Onu qoyardıqmı heç gözdən iraq?”
Bu şairin ilk gənclikdə yazdığı “Qaytar
ana borcunu” şeirini hələ də onun vizit kartı
sayırlar. Məncə,
bu vurğunluqda bir günah da yatır – “Atamın xatirəsi”
şeirinin kölgələnməsi “babal”ı. Diqqətlənək;
Gizli-gizli
məni süzüb gülərdi hərdən,
Durub-durub güc gələrdi əyri qəlyana.
Övladına
bircə dəfə “can” söyləməkdən
Övlad
üçün can verməyi asandı ona.
Sevgisi də
soyuq idi – təzə əkini
Hər bəladan hifz eləyən qalın qar kimi.
Gah istəyib
məni görə, gah da deyib ki,
qoy bilməsin...
Utanıb
o öz ölümündən...
Yaxud, son
dövrlər az qala ritorika
burulğanına çevrilən şəhidliyi yarım əsr
bundan irəli “Nəsimi zirvəsi” ilə ucaltması:
Təpədən
dırnağadək
soyalar
bir adamı;
Necə ola – dinməsin,
Böyük
əqidəsindən
Bir
misralıq enməsin...
“Gənclik
şeirləri” (?)
Çox həmkarları üçün sözəqüvvət
(bəzən, “bəzək”) kimi işlədilən bu tərkib
bu şairin yaradıcılıq irsinə daha bir müdriklik,
ağsaqqallıq qatır. Məsələn, 1954-də (23
yaşında) yazdığı “Bakı küləyi” və
“O qıza” şeirlərindən parçalar:
Sən ey
soyuq xəzri, isti gilavar!
Gəlsə
də yuxutək bu həyat sənə,
Min bir mübarizə xatırlat mənə.
Görsən
tufansızam, görsən rahatam,
Qoyma
xumarlanıb bir evdə yatam!..
* * *
Bilmirəm
nə boydasan, nə görkəmdə, nə adda,
Ağıl
da öz yerində, kamal da öz yerində,
Bir gözəllik də görüm mənalı
gözlərində.
Səni harda axtarım? De nəçisən,
de kimsən?
Tez ol,
görün, tez ol gəl, axtarıram səni mən –
İlk baharı gözləyən cavan bir ağac kimi.
Ay
qız, gəl bahar kimi...
R.Rzanın
“Əgər şair ömrü əsərlərilə
ölçülürsə, deməli, Əli vəfat etməyib,
Əli sağdır”, M.Arazın “Əli Kərimi onsuz daha dərindən
duyub-dərk elədik; daha o, araya söz qatıb, ondan
danışmaq imkanımızı əlimizdən ala
bilmir...”, V.Yusiflinin “Güman ki, Ə.Kərim toxluğu,
Ə.Kərim “dilsiz”liyi onu heç vaxt XALQ ŞAİRİ
olmağa qoymayacaqdı, amma o, Allahın bəxş etdiyi bənzərsiz
“Əli Kərim statusu”nu heç vaxt qeyb etməyəcək”
fikirlərindən sonra, əsl hədəf-xatirələrdən
ibarət –
Triptix
Ona
görə rəssamlıq termini işlədirəm ki, bu
üç xatirənin hər biri təbii bir lövhə...
Öncə,
istəkli yarı – ömür-gün yoldaşı Elza
xanımdan:
“1957-ci ildə tanış olmuşuq. Bir gün
atamın yaxın dostu İ.Tapdıq gəldi ki, bir tərcümədə
ona kömək edim. Terminlərdən
birində çətinlik çəkdiyimdən İlyas bir
dostuna zəng etdi və sözü mən izah etməli oldum.
Tərslikdən, o da bilmədi və dedi, nömrəni verin,
bir nəfərdən öyrənib deyərəm.
Və... sən demə, o adam Əli imiş və səsimdən
xoşu gəlibmiş.
O tez-tez gəlib,
yaşadığımız Lermontov küçəsində,
eyni nöqtədə dayanar, rastlaşandasa bacımla
danışardı. Bir kərə özümdə güc
tapıb özüm dilləndim: “yaxşı da, kiməsə
görə gəlib, başqası ilə
danışırsız”. Dedi, yox, mən Lermontovu çox
sevdiyimçün hər gün burdayam...
Sonralar incikliklərimiz də olurdu, güzəranımız
ağır keçirdi, amma bunlar da mənə xoş idi. AZİ-nin
(Neft-Kimya İnstitutu) əlaçı tələbəsiydim,
deyilənə görə, çox da gözəldim; 3-ü
kursda Rza Şah Bakıya gəlmişdi, aparıb ona gül
verməyimi təkid etdilər və... sonra İran səfiri
bizə elçi gəldi. Amma mən Əlini
seçdim...
Onu necə sevdimsə, tələbəykən evlənməyə
razılıq verdim. 1958-ci il aprelin 30-da toyumuz oldu və ilk poemasına
görə verilən mükafatın puluyla aldığı
birotaqlı evinə yığışdıq.
Mən səmimi danışıram, “nekroloq”-xatirələrində
“ay məni belə sevirdi, mən belə sevirdim” yazan
qadınlar kimi yox. Bir şeirində deyir e: “Ölüm gəlib, sadəlövh
bir gözəli aldadırdı” - o məndim.
Birlikdə
onbircə il yaşadıq. Dünyasını
dəyişəndə 29 yaşım vardı.
Bir dəfə
dedi, qolum ağrıyır. Sonra təngnəfəs
oldu. Orxan da balacadır, hey ağlayır.
Atam uşağın üstünə “kəs səsini!”
qışqıranda Əli çox tutuldu. Gecəyarı
məni daş kimi yuxu tutub, anam uşağa baxmaqçün
sakitcə otağa girib görür Əli (“sanki
axırıncı baxışlarla”) Orxana necə baxır, necə
baxır! Hələ şeirlərindən birindəki vəsiyyət...
…Gecələr
yazmaq,
oxumaq
eşqi gələndə
asın
təbəssümümü –
divar
lampası kimi,
başları üstdən
üç canımın –
Paşamın,
Azərimin,
Orxanımın…
O az müddətdə övladlarıyçün çox əziyyətlərə qatlaşdı. Rəhmətə gedəndən sonra dörd ay heç yaxın adamları da tanımırmışam. Nəhayət, özümə gəldim, uşaqlarımızı oxutdum. Ata-anam kömək edirdi, özünün kitabları çıxırdı. Mən o pulların hamısını uşaqların təhsilinə xərclədim. İndi iki oğlum elmlər doktorudur. Ancaq, sözsüz ki, Əlini əvəz eləyə bilmədim. O, nələr eləmirdi?! Onun kimi ata yox idi! Çalışırdım Əlinin ruhu şad olsun...
Yaxşı dostları onu yaman çox istəyirdilər. Meyitini xəstəxanaya aparanda M.Araz onu xərəyə qoymağa razı olmadı, köməkləşib qucaqlarında apardılar”.
Paşa Əlioğlu:
“Atamı, daha çox, gecə-gündüz yazıb-oxuyan biri kimi xatırlayıram.
“Atamın xatirəsi” adlı şeirində “O sərt idi...” yazan atam çox mülayim idi. Bizə yalnız oxumağı aşılayardı. Bir dəfə futbol oynarkən, gözüm yerdəki bir qəzet qırığına sataşdı və götürüb oxumağa başladım. Uşaqlar qışqır-bağır saldılar ki, əşşi, oxumaq bazarıdı, oyuna fikir ver. Sən demə, atam pəncərədən baxırmış. Bu mənzərəyə xeyli gülüb və anama deyib ki, deyəsən, bu uşaq da bizim çətin yolun yolçusu olacaq.
Güclü yumor hissi də vardı. Hər dəfə
məktəbdən çıxanda bizi ya o
qarşılayırdı, ya anam. Bir kərə
(sonuncu dərs olmadığından) tək qayıtmalı
oldum. Evə çataçatda çox bərk
hürən bir itlə qarşılaşdıq, qorxduq və
it qapımızadək mənim böyrümcə gəldi.
Evdə hadisəni danışdım. Bu
qorxulu “vaqeə” ab-havasını götürmək istəyən
atam gülə-gülə qayıtdı ki, bəs deyirdiniz mənim
oğlum evə tək gəlib…
O hər
dəfə evə girəndə çox sevinirdik. Deyirdi, mövqeyindən, yaşından asılı
olmayaraq hər kəsdən nələrsə öyrənmək
mümkündü. Onda səkkiz-doqquz
yaşım olardı, hərdən şeir yazırdım və
atam mənim bu cəhdimi də dəstəkləyirdi.
Onda hamının zövqünə hörmət hissi də
vardı, hamını öz zövqünə
uyğunlaşdırmaq qabiliyyəti də. Bunlar onun həyat
fəlsəfəsi idi.
Onun 38 yaşı vardı, mənim 10. Ən
çox onun son baxışını xatırlayıram.
Xəstəxanaya getdiyi an
çönüb otağa ani bir göz gəzdirdi, bizə isə...
elə bil, hələ də baxır...”
Və
böyük istedad həmkarı Musa Yaqub:
“Ölümündən bir qədər əvvəl
metronun “Gənclik” stansiyası perronunda dayanıb qatar gözlərkən
vaqondan düşən Əli Kərimlə rastlaşdım. Hal-əhval tutduq,
ayrılmaq məqamında gileyləndi, öz-özünə
danışırmış kimi: “Mən “Gənclik”də
düşəsi deyildim, səhvən, burda
düşmüşəm”, - dedi.
O sözlər
yadıma düşəndə həmişə kövrəlirəm.
Əli həyat qatarından da “səhvən” gənclikdə
düşdü...”
Tahir ABBASLI
Mədəiyyət.- 2019.- 5 aprel.-
S.6.