Yaratdığı obrazlar
həyatiliyi ilə fərqlənirdi...
Ötən əsrin 20-ci illərində sənətə gələn və milli teatrın təşəkkülündə əməyi olan sənətkarlarımızdan biri də Xalq artisti Əjdər Sultanovdur. Bu il sənətkarın anadan olmasının 110 illiyi tamam olur.
Əjdər Əliabbas oğlu Sultanov 1909-cu ildə Bakıda dünyaya göz açıb. Orta məktəbi bitirdikdən sonra Teatr Texnikumuna qəbul olunur. Müəllimlərinin diqqətini çəkən Əjdər hələ tələbə ikən Bakı-Türk İşçi Teatrına dəvət edilir. 1928-ci ildə təhsilini başa vurur və elə həmin teatrda da səhnə fəaliyyətini davam etdirir. 1933-cü ildə Gəncə Dram Teatrına göndərilir və 1938-ci ilə qədər bu kollektivdə çalışır. O, 1939-cu ildə yenidən Bakıya dönür. Akademik Dram Teatrında fəaliyyətə başlayır. Bu səhnədə Cəfər Cabbarlının “Od gəlini” (Qorxmaz), “Aydın” (Surxay), “Almaz” (Balarza və Hacı Əhməd), “Dönüş” (Qüdrət Arslan), Süleyman Rüstəmin “Qaçaq Nəbi” (Vəli, Təhmas bəy və Mehdi), Səməd Vurğunun “Xanlar” (Mamuliya), “İnsan” (Şahbaz), “Xosrov və Şirin” (Şapur və Xosrov) əsərlərində rol alır. Onun Ənvər Məmmədxanlının “Şərqin səhəri” (Bəhruz), Süleyman Sani Axundovun “Eşq və intiqam” (Çingiz), Məmməd Səid Ordubadinin “Dumanlı Təbriz” (Bağır xan), Hüseyn Cavidin “Şeyx Sənan” (Dərviş), Əbdürrəhim bəy Haqverdiyevin “Pəri cadu” (Qurban), İlyas Əfəndiyevin “Bahar suları” (Zəfər), “Atayevlər ailəsi” (Xosrov Atayev), Mehdi Hüseynin “Nizami” (Munis), Mirzə İbrahimovun “Məhəbbət” (Kərim) pyeslərinin tamaşalarındakı rolları da tamaşaçı rəğbəti qazanır.
Səhnə fəaliyyəti yüksək qiymətləndirilən Əjdər Sultanov 1943-cü ildə Əməkdar artist, 1949-cu ildə isə Xalq artisti fəxri adlarına layiq görülür.
Teatrşünas, professor İnqilab Kərimov görkəmli sənətkardan bəhs edərək yazır: “Əjdər səhnə mədəniyyəti, gur və gözəl səsi, aydın diksiyası ilə seçilən aktyor idi. Yaratdığı obrazları həyatiliyi, müdrikliyi və mənəvi paklığı ilə fərqlənirdi”.
Araşdırmalarda qeyd edilir ki, Əjdər Sultanov xasiyyətcə Hüseyn Ərəblinskiyə bənzəyib. O, istedadlı, zəhmətkeş, cəfakeş aktyor olmaqla bərabər, həm də müasirlərindən öyrənməyi çox sevib. Bu səbəbdən də Əjdər Sultanovun yaradıcılığında Sidqi Ruhullanın, Mirzəağa Əliyevin, Adil İsgəndərovun, İsmayıl Dağıstanlı və başqalarının təsiri duyulub. Əjdər Sultanov həm də tanınmış pedaqoq olub, indiki Mədəniyyət və İncəsənət Universitetində səhnə danışığından dərs deyib. Professor Əzizağa Quliyev xatirələrində yazır: “Əjdər Sultanov Milli Dram Teatrında işlədiyi müddətdə bütün təcrübəli və istedadlı rejissorların tamaşalarında rollar oynamışdır. İ.Hidayətzadə, A.İsgəndərov, M.Məmmədov, A.Şərifov, T.Kazımov, Ə.Ələkbərov... onunla yaxından işləmişlər”.
Bir müddət Opera və Balet Teatrında fəaliyyət göstərən sənətkar eyni zamanda kinoya da çəkilib. Xüsusilə də filmlərin səssiz lentə alındığı dövrlərdə böyük xidmətlər göstərib. Yaratdığı obrazlar rəngarəngliyi və zənginliyi ilə seçilib. Xalq artistinin İkinci Dünya müharibəsindən sonrakı yaradıcılıq yolu çox məhsuldar olub. Bu dövrdə o həm Azərbaycan dramaturqlarının, həm də xarici ölkə müəlliflərinin səhnə əsərlərində parlaq obrazlar yaradıb.
Geniş tamaşaçı kütləsinin məhəbbətini qazanan Əjdər Sultanov 10 yanvar 1962-ci ildə, ömrünün 53-cü ilində vəfat edib.
Savalan FƏRƏCOV
Mədəiyyət.- 2019.- 5 aprel.-
S.6.