Firidun bəy Köçərli” elektron məlumat bazasının təqdimatı

 

Respublika Uşaq Kitabxanası tərəfindən görkəmli ədədiyyatşünas alim Firidun bəy Köçərli haqqında elektron məlumat bazası hazırlanıb.

Aprelin 9-da AMEA-nın Mərkəzi Elmi Kitabxanasında “Firidun bəy Köçərli” elektron məlumat bazasının təqdimat mərasimi keçirildi. Tədbir Mədəniyyət Nazirliyinin dəstəyi və F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə gerçəkləşdi.

Kitabxana tərəfindən ərsəyə gəlmiş 174 səhifəlik biblioqrafiya kitabı əsasında yaradılan məlumat bazası 11 bölmədən ibarətdir. Burada Firidun bəyə həsr olunan kitablar, məqalələr, dissertasiyalar, məcmuələr və dövri mətbuatda dərc edilən materiallars. yer alıb. İnformasiya bazası 1911-2018-ci illəri əhatə edir.

AMEA-nın Mərkəzi Elmi Kitabxanasının direktoru, tibb üzrə fəlsəfə doktoru Leyla İmanova tədbiri açaraq son zamanlar kitabxanaların funksiyalarının dəyişdiyini bildirdi: “Əvvəllər kitabxanalar informasiyanı toplayan, sistemləşdirən və istifadəyə verən qurumlar idisə, bu gün hər bir kitabxana özü informasiyanı müəyyən formatlarda yaradır və dövriyyəyə buraxır. Ölkəmizdə bu layihənin əsası Milli Kitabxana tərəfindən qoyulub. Bu ənənənin gözəl davamçısı Respublika Uşaq Kitabxanasıdır. Kitabxananın kollektivini yeni layihə münasibətilə təbrik edirəm”.

Respublika Uşaq Kitabxanasının direktoru, Əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova çıxışında görkəmli şair və yazıçıların elektron məlumat bazalarının yaradılması istiqamətində görülən işlərdən danışdı. Bir neçə ildir paytaxtın kitabxanaları ilə qarşılıqlı fəaliyyət göstərdiklərini dedi: “Çalışırıq ki, kitabxanalarımızın funksiyasını modernləşdirək. Kitabxanamızın fondunda olan  ədəbiyyatın hamısı elektron formata keçirilib. Fondumuzda 300 minə yaxın ədəbiyyat qeydə alınıb və bu sayda da elektron kataloq var. Kitabxanamız 2014-cü ildən Milli Kitabxananı örnək götürərək uşaq ədəbiyyatı sahəsində fərqlənən şair və yazıçılarımızın biblioqrafiyalarının tərtibatı ilə məşğul olur. Bu işdə təkcə elmi kitabxananın fondundan deyil, Milli Kitabxananın, Pedaqoji Universitet və digər elm və tədris ocaqlarının fondlarından istifadə edirik”.

Tədbirdə daha sonra Bakı Dövlət Universitetinin dosenti Nəzakət Hüseynova, Milli Kitabxananın direktor müavini Ədibə İsmayılova, şairə Pərixanım Mikayılqızı çıxış edərək F.Köçərlinin uşaq dünyası ilə bağlı yaradıcılığından danışdılar. Bildirildi ki, müəllifin “Balalara hədiyyə” kitabçası bu günoxucular tərəfindən rəğbətlə qarşılanır.

Sonda Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova tədbir iştirakçılarına təşəkkürünü bildirdi.

 

Savalan FƏRƏCOV

 

Mədəniyyət.- 2019.-10 aprel.- S.2.